SON XƏBƏR

"Çingiz Abdullayev "26-lar"da pulsuz yemək yeyirdi deyə indi oranı müdafiə edir"

Sentyabr 11
11:10 2017
Dünən "26” - "Twenty six” adlı kafenin bağlanmasından sonra böyük qalmaqal yaşanıb. Kafedə əxlaqsızlıq yuvasının təşkil olunduğu bildirilib və onun fəaliyyətinin dayandırılmasına səbəb kimi bu amil göstərilib. Bu açıqlamalardan sonra obyekti icarə verən Azərbaycan Yazıçılar Birliyi barədə müxtəlif fikirlər səsləndirilib. İsər Kütləvi İnformasiya Vasitələrində, istərsə də sosial şəbəkələrdə AYB qınaq obyektinə tuş gəlib.

Sosial şəbəkə istifadəçiləri qurumun binanın bir hissəsini icarəyə verməsini pisləyib. Bəs bu barədə ziyalılarımız nə düşünür

Qlobal.az xəbər verir ki, "Ölkə.Az” məsələ ilə bağlı bəzi ziyalılarımızla əlaqə saxlayıb.



Xalq şairi Sabir Rüstəmxanlı:

"Əgər obyekt icarəyə verilibsə, o icarə verənin ixtiyarından çıxıb. Düzdür obyekt üzərində mülkiyyət hüququ qalır. Lakin obyekti işlədən məsuliyyət daşıyır. Əgər həmin kafedə əxlaqsızlıq yuvası təşkil edilibsə, onun AYB-yə dəxli yoxdur”.
 
 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Musa Yaqub:

"Moskvada yazıçılar binasının yanında yeməkxana vardı. Ziyalılar gedərdilər, oturardılar. Çay içib, söhbət edərdilər. Yəni mədəni şəkildə istirahət təşkil edilmişdi. Əgər belə bir şey təşkil edilsəydi, burada qəbahət olmazdı. Yəni Bakıda da, AYB-nin binasında, kiçik guşədə çayxana eləmək olardı. Amma belə yerdə əxlaqsızlıq təşkil edilməsi düzgün deyil. Mən bununla qəti razı deyiləm”.



Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, Xalq artisti Firəngiz Əlizadə:

"Mən açığı AYB barədə heç nə deyə bilmərəm. Müstəqil qurumdur. Lakin biz, Bəstəkarlar İttifaqı olaraq, heç vaxt, heç bir otağımızı, heç kimə icarəyə verməmişik. Həmişə bu barədə bir söz demişəm. Mən nə qədər mən Bəstəkarlar İttifaqında varam, orada bəstəkar və musiqişünaslardan başqa heç kim olmayacaq. Heç vaxt bizim qurumun binasında yer icarəyə verilməyəcək”.



Yazıçı, jurnalist Qan Turalı:

"Yazıçılar Birliyi dövlət büdcəsindən maliyyələşən təşkilatdır. Onun öz binasının bir hissəsini icarəyə verilməsi hansı zərurətdən doğur? Əvvəlcə bunu aydınlaşdırmaq lazımdır. Digər tərəfdən nəyə görə kafedə AYB üzvləri üçün güzəştlər nəzərdə tutulmayıb? Xanımlara qəlyan pulsuz olan kimi bir araq alan yazıçıya da ikincisi pulsuz olmalı idi. Özü də məncə bu imtiyaz Yazıçılar Birliyinin üzvü olan yazıçılara verilməlidir. Axı AYB üzvlüyü nəsə bir imtiyaz verməlidir axı. Sovet vaxtı belə şeylər də vardı. 26-lar haqqında şeirlər yazan şairlərin bir hissəsi sağdır. Onlara həftədə bir dəfə pulsuz biznes-lanç də verilə bilərdi. Çox güman ki, pulsuz nahar ancaq Çingiz müəllimə verilib, ona görə də o öz etiraz səsini ucaltdı. Amma dediyim şeylər olunsaydı çoxminli yazıçı ordusu da haqq səsini ucaldar və bədənlərini sipər edərək kafenin qarşısında barrikada qurardılar. Hadisə baş verən vaxt onlar imtiyazlı olduqları kafelərdə olduqları üçün məsələdən məlumatlı olmayıblar və belə bir faciəvi durum baş verib”.



Yazıçı, şair, publisist Salam Sarvan:

"Mən həmin kafenin necə işlədilməsinin detallarını bilmirəm. Amma maraqlı olan məsələnin başqa tərəfidi. Düzdü, AYB-nin üzvü deyiləm, bəlkə də, mənim münasibətim kimlərinsə şəxsi işinə, şəxsi təsərrüfat məsələlərinə qarışmaq kimi çıxacaq: maraqlı orasıdır ki, AYB-nin pula hansı ehtiyacı var ki, icarəyə yer verməyə məcbur olur. Yəni bu təşkilat ədəbiyyat naminə hansı faydalı layihələri həyata keçiri ki, əlavə vəsaitə ehtiyacı yaranır? İşin içində deyiləm: nə bilim, bəlkə də, ədəbiyyatın problemləriylə bağlı hansısa böyük işlərə başlayıblar, sadəcə, mənim xəbərim yoxdur”.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook