SON XƏBƏR

"İndiyədək iqtidara işləməmişəm" - Novella Cəfəroğlu

May 18
10:18 2018
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlunun "Report”a müsahibəsi:

- Bu ay Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir. Siz əfv edilməsini istədiyiniz şəxslərin siyahısını təqdim etmisinizmi?

- İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu olaraq siyahını Prezident Administrasiyasına təqdim etmişik. Həmin siyahıda 30 nəfərin adı var. Prezident İlham Əliyevin əfv sərəncamı imzalamasını gözləyirik.

- Siyahıda kimlərin adları var?

- Biz həmin şəxslərin adlarını açıqlamırıq. Çünki biz adları açıqlayanda, zəng edib deyirlər ki, bəs mənim oğlumun adı niyə yoxdur... Kim ki siyasi məsələyə görə həbs olunub, onların adını təqdim etmişik.

- İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclasları niyə tam tərkibdə keçirilmir?

- İnsan Hüquqları üzrə Birgə İşçi Qrupununa daxil olan qeyri-hökumət təşkilatlarının hər ay iclası olur. Müraciətlərə baxılır, rəsmi şəxslərə göndərilir. Düzdür, işçi qrup tam tərkibdə iclas keçirə bilmir, amma bu, o demək deyil ki, işimiz getmir... Biz çalışırıq, məhbuslar azad olunur, amma heç "sağ ol” da demirlər.

- Bəzi hüquq müdafiəçiləri ölkədə siyasi baxışlarına görə həbs edilənlərin sayının daha çox olduğunu deyirlər...

- Mən 30 ildir hüquq müdafiəçisiyəm. Bilirik ki, kimi siyahıya salmaq lazımdır. Həmin hüquq müdafiəçilərinin siyahılarında elə adamların adı var ki, onların siyasətə aidiyyəti yoxdur. Məsələn, onların siyahısında dindarların da adı var. Biz deyirik ki, dini məsələyə görə həbs olunanları da azad etmək lazımdır. Onların müdafiəsini başqa cür qururuq. Biz onların siyasi məhbus kimi qəbul etmirik. Onların siyahılarında elə adamlar var ki, nə dini, nə də siyasi məsələyə görə həbs olunub. Biz çalışdığımız müddətdə minlərlə insanı həbsxanadan xilas etmişik. Məhbuslarla bağlı xeyli müraciət daxil olur. Biz də dərhal Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə məlumat veririk, problem həll edilir. Biz hüquqların müdafiəsi ilə bağlı bir manat pul almamışıq. Digərləri isə alıblar, indi də alırlar. Hüquq müdafiəsi sahəsində kadrların hazırlanması üçün qrant almışıq, amma insanların hüquqlarının müdafiəsi ilə bağlı pul almamışıq. Alnımız açıqdır, qorxumuz da yoxdur. Nə deyirlər, desinlər.

- Ölkədə hüquq müdafiə sisteminin mənzərəsi necədir? Bir dəfə demişdiniz ki, bəziləri həbsxanadan çıxdıqdan sonra hüquq müdafiəçisi olurlar...

- Bəli, həbsxanadan çıxan kimi hüquq müdafiəçisi kimi fəaliyyətə başlayırlar. Bir problem görmürəm, sadəcə, işlərini düzgün qurmurlar. Hüquq müdafiəçisi yalnız siyasi məhbusları müdafiə etməli deyil. Nə qədər hüquq müdafiəçisi olsa, bir o qədər yaxşıdır, amma onlar, doğrudan da insanların hüquqlarını müdafiə etsinlər. Zərrə qədər qısqanclığım yoxdur, gəlsinlər, birlikdə işləyək.

- Beynəlxalq təşkilatların bu məsələdə mövqeyini necə qiymətləndirirsiniz?

- Beynəlxalq təşkilatlar məhbusların siyahısını bizdən də alırlar, digər hüquq müdafiəçilərindən də. Bizə minlərlə müraciət daxil olur. Həbsxanada olanların hamısı siyasi məsələyə görə həbs olunmayıblar ki... Digər şəxsləri niyə müdafiə etmirlər? Axı onların da hüquqları pozulub... Baxın, biz onların da müdafiəsini təşkil edirik. Beynəlxalq təşkilatlarla da görüşümdə deyirəm ki, ölkədə islahatlar aparılmalıdır, məhkəmələr müstəqil fəaliyyət göstərməlidir. Media orqanları yalnız siyasi məsələyə görə həbs olunanlardan yazır. Sadə insanlar da diqqət mərkəzində saxlanılmalıdır. Dünyanın bütün ölkələrində siyasi məhbus var. Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov həbs olunub. Biz onu uzun müddətdir, tanıyırıq. 1992-1993-cü illərdə icra başçısı olub. Vəzifədə olduğu zaman ermənilərdən torpaq alıb. Onun həbs edilməsi düzgün deyil, həmin insan siqaret belə çəkmir. Bu dövləti biz qurmuşuq. İdarə edənlərin də halal xoşları olsun. İstəmirəm ki, Azərbaycanın adına bir dənə də ləkə gəlsin. Dövlətçiliyin tərəfində olan insanam. Hakimiyyət də bu cür davranmalıdır. Hamı çalışmalıdır ki, ölkə adına ləkə gəlməsin. Siyasi məsələlərə görə həbs olunanlar azadlıqda olanda nə ediblər? Guya indi həbsxanadan çıxsalar, nə edəcəklər ki? Bu, reallıqdır. Xalqın arasında olan adamam, rayonlara gedirəm, hər kəs öz işi ilə məşğuldur. Camaat çalışır ki, evinə 5 manat pul aparsın, ailəsini dolandırsın. Hakimiyyətə təklif edərdim ki, Qarabağ münaqişəsi ilə bağlı birlik yaratsın. Bilirəm ki, kimsə etiraz etməyəcək. Yəni siyasi məsələlərə görə həbs olunanları azad edib, diqqəti Qarabağa yönəltmək lazımdır. Mitinqin təşkilatçılığına da hazıram. Bununla dünyaya mesaj vermək olar. Əlverişli məqamdır, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illi qeyd olunur, barışıq lazımdır. Hökumət hazırda islahatlar həyata keçirir, biz bunu müsbət qiymətləndiririk. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun kənd təsərrüfatı naziri təyin edilməsi çox yaxşıdır. Bir müddət öncə "ASAN Xidmət”in fəaliyyətə başlaması ilə bağlı tədbirə qatılmışdıq. O qədər xoşumuza gəldi ki... Kollektiv gənclərdən ibarət idi. Bizi buna görə xeyli tənqid etdilər, hökumətə satıldığımızı dedilər. "ASAN Xidmət” özünü təsdiqlədi, bu, hökumətin uğurudur. Bu qurum korrupsiyanın əhəmiyyətli dərəcədə qarşısını aldı. Hökumətin yaxşı əməllərini də qeyd etmək lazımdır. İnam Kərimova böyük ümid bəsləyirəm, bilirəm ki, kənd təsərrüfatı naziri vəzifəsini də layiqincə yerinə yetirəcək. Ölkənin neftdən asılılığı aradan qaldırılmalıdır, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bununla bağlı kənd təsərrüfatı sahəsi inkişaf etdirilməlidir. Ölkədə hektarlarla istifadəsiz torpaqlar var, həmin yerlər əkilib-becərilməlidir. Ölkəyə xaricdən geni dəyişdirilmiş məhsullar gətirilir, kənd təsərrüfatı inkişaf etdirilərsə, bunlara nə ehtiyac var ki?! Öz ölkəmizin məhsullarından istifadə edə bilərik. Həmin məhsulları xarici bazarlara da çıxara bilərik. İnanıram ki, İnam Kərimov bu sahəni inkişaf etdirəcək.

- Ümumiyyətlə, hökumətlə münasibətləriniz necədir? Sizinlə bağlı fikir bundan ibarətdir ki, Novella Cəfəroğlu hökumətlə ən yaxşı əlaqəsi olan hüquq müdafiəçisidir...

- Biz hökumətlə danışmağı bacarırıq. 2003-cü ildən indiyə qədər daxili işlər naziri Ramil Usubova, ölkənin Baş prokuroru Zakir Qaralova, Baş prokurorun birinci müavini Rüstəm Usubova, ədliyyə naziri Fikrət Məmmədova nə vaxt müraciət etmişiksə, bizi qəbul edib, dinləyiblər, problemləri həll ediblər. Biz danışıq yolu ilə xeyli insanı həbsdən azad etdirmişik. Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərovla da çox yaxın münasibətlərimiz var. Onlar bizi ona görə eşidirlər ki, işlərinə qiymət verməyi bacarırıq. Tənqidi fikirlərimiz də olanda, üzlərinə deyirik. Nazir Ramil Usubovun fəaliyyəti təqdir olunmalıdır, baxın, ölkədə kriminogen duruma tam nəzarət olunur. Göz dəyməsin, ev oğurluğu hadisələri əhəmiyyətli dərəcədə azalıb. Axı bunu demək, qiymət vermək lazımdır. Məsələn, ədliyyə nazirinə hansısa xəstə məhbusla bağlı müraciət edirik, dərhal həll edilir. Hətta həmin insana azad edildikdən sonra da həmin xəstəxanada müalicəsini başa çatdırmağa imkan yaradılır. Bu cür müsbət işləri niyə deməyək ki? Səhiyyə nazirindən hamı narazıdır, elə vəziyyət yaradıb ki, pulu olmayan ölməlidir. Azərbaycanda niyə icbari tibbi sığorta tam tətbiq edilmir? Qonşu Gürcüstan bu mərhələni artıq keçib, ölkənin nə nefti, nə də qazı var, amma mühüm işlər görülür.

Beynəlxalq təşkilatlarla görüşümdə dəfələrlə demişəm ki, hökumətlə dialoqa gedin. Onlar da bunu təqdir edirlər. Yəni dialoqla daha çox iş görmək olar. Sərt ritorika ilə nəsə etmək mümkün deyil. Mənə ən çox pis təsir edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbs edilməsidir. Azərbaycanda xanıma belə münasibət olmamalıdır. Vətəni, xalqı sevən insanlara hörmətim böyükdür, Gözəl Bayramlı da belələrindəndir. Avropa və yaxud digər ölkələrə gedib, ölkəni, ölkə rəhbərliyini təhqir edən insanlar xoşuma gəlmir. Avropa Şurasında tədbirlərə qatılırdıq, orada digər xalqların nümayəndələrini də görürdük. Biz o tədbirlərə qatıldığımız müddətdə Türkiyədə xeyli məhbus var idi, amma bir türk görmədim ki, prezidentə etiraz etsin. Azərbaycan Prezidenti İlham Əliyev ölkəni təmsil edir. Başa düşürəm, dediklərimə görə xeyli tənqid edəcəklər. Amma belə şeylərə əhəmiyyət vermirəm, 77 yaşım var, indiyədək heç vaxt iqtidara işləmişəm, müsavatçıyam, mən yalnız Allaha xidmət edirəm. Doğrusu, tədbirlər zamanı o cür etirazları görəndə, pərt olurduq. Ölkə daxilində nə qədər istəyirsiniz, tənqid edin, amma xaricdə olmaz, düzgün deyil. Baxın, Ermənistanın da, Gürcüstanın da, Türkiyənin də, Rusiyanın da siyasi məhbusu var. Amma o ölkələrin nümayəndələri bu cür etiraz etmirlər. Azərbaycanda rüşvət, korrupsiya oluduğunu deyirlər, guya Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti bəzi üzvlərə kürü veriblər. Bunlar veriblərsə, onlar almayaydılar. Deməli, onlar da rüşvətxordular. Amma onlar kənarda qalır, Azərbaycanın üstünə düşürlər. Əgər ediblərsə, düzgün etməyiblər. Bütün hallarda rüşvətin iki tərəfi var. Guya biz avropalı deputatları tanımırıq? Çalışırlar ki, Azərbaycan dövlətini sıxışdırsınlar. Avropada elə azərbaycanlılar etiraz edir ki, onların dövlətçiliyə zərrə qədər də faydası yoxdur. Bu dövləti biz qurmuşuq, biz də müdafiə etməliyik.

- Yəni Siz hökuməti qıcıqlandıracaq addımların atılmasının tərəfdarı deyilsiniz...

- Əlbəttə, hökuməti qıcıqlandırmaq olmaz. Belə olan halda, təzyiqlər daha çox olur. Gənclərin həbsxanada saxlanılması kimə lazımdır? Dialoq olarsa, bu problemlər həll edilər. Bilirsiz necədir, hakimiyyətin addımları xoşumuza gəlməyə bilər, tənqid etmək olar, təhqir etmək olmaz. Bu, hər iki cəbhəyə aiddir. Cəmiyyəti dedi-qoduya sürükləmək olmaz. Ziyaların qədrini bilməliyik, cəmiyyətin ziyalı sözünə ehtiyacı var. Xalqın ziyalılarını 1937-ci ildə repressiyaya məruz qoydular, Azərbaycan Xalq Cümhuriyyəti də süqut edəndə ziyalılar ölkəni tərk etdilər, indi məzarları ayrı-ayrı ölkələrdədir. Azərbaycan hökuməti həmin məzarları axtarır, tapır. Bu da diqqətin bir hissəsidir. Müxalifət bu addımları niyə qiymətləndirmir? Düzdür, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı araşdırmalara müxalifətdən də kimlərisə cəlb edə bilərdilər, amma etmədilər, bu da düzgün deyildi.

- Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının qəbirlərinin ölkəyə gətirilməsi təklifinə necə yanaşırsınız?

- Hesab edirəm ki, harada vəfat ediblərsə, məzarları da orada olmalıdır. Amma onlar heç vaxt unudulmamalıdır. Hökumətə təklif edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələrinin varislərini ölkəyə dəvət etsin, forum keçirsin. Həmin insanlara ölkədə hər cür şərait yaradılmalıdır. Bu cür addımlar sensasiya olar.

- Avropadakı azərbaycanlı mühacirlərlə münasibətiniz varmı?

- 2003-cü il hadisələrindən mühacirətə gedən partiya üzvlərinin, demək olar ki, hamısı ilə münasibətim var. Onlar vətəni, milləti sevən insanlardır. Təbii ki, onlar hökuməti tənqid edirlər, amma təhqir etmirlər. Amma qeyri-hökumət təşkilatlarından gedənlərin mövqeyi ilə razı deyiləm. Onların bəziləri beynəlxalq təşkilatlardan pul alsın deyə, hər şey edirlər. Dəfələrlə demişəm ki, sizi başa düşürük, pul almaq istəyirsiniz, amma daha bu dərəcədə etməyin! Yəni gec-tez qayıdacaqsınız, münasibətləri bu həddə sərtləşdirmək olmaz.

- Hökumətlə bağlı mövqeyiniz üzvü olduğunuz Müsavat Partiyasında narazılıqla qarşılanmır?

- Narazılıq olmur, çünki bu, mənim mövqeyimdir. Müsavat Partiyasının üzvüyəm, qəlbən müsavatçıyam. İsa Qəmbərə çox böyük hörmətim var. Partiyanın hazırkı başqanı Arif Hacılı da dostumuzdur, uzun müddətdir ki, birgə yol gəlirik, hər şeyi başa düşən insandır. Bir sözlə, Müsavat Partiyasının rəhbərliyi ilə çox yaxşı münasibətim var, onlara hörmətim sonsuzdur. O partiya yaşamalıdır. Hökumət də fəxr etməlidir ki, ölkədə Müsavat Partiyası kimi 100 illik təşkilat var. Dövləti quran müsavatçıları yaddan çıxarmaq olmaz. Bilmirəm, ömrümün sonuna 1 il, 2 il və yaxud da 3 il qalıb, istərdim ki, Azərbaycanı inkişaf etmiş, güclü görüm. Problem çoxdur, bəzən şəhərdə gəzəndə öz-özünə danışan adamları görürəm, bu psixoloji gərginlikdən xəbər verir. İstərdim ki, insanlar gülsünlər, mehriban olsunlar. Optimist adamam, düşünürəm, hər şey yaxşı olacaq.

- Bu il partiyanın qurultayının keçirilməsi planlaşdırılır. Siz kimi başqan görürsünüz?

- Müsavat Partiyasında hər şey qaydasında gedir. Qurultay da keçiriləcək, ən çox səs toplayan namizəd də başqan olacaq. Arif Hacılı yeni seçilib, bir az işləməlidir. Rəhbər kimi yenə də Arif Hacılını müdafiə edəcəm. Necə olur, başqa təşkilatlarda sədr uzun müddət idarəçilikdə olur, Müsavat Partiyasında ola bilməz? (Gülür) Partiyanın hazırki fəaliyyətindən çox razıyam. Bilirsiz, Müsavat Partiyasının ayaqda qalması İsa Qəmbərdən asılıdır.

- Partiyanın sabiq başqanı İsa Qəmbərlə əlaqəniz varmı?

- İsa Qəmbər Almaniyadan xəstəxanadan qayıdandan sonra əlaqə saxlaya bilməmişəm. Mənim də səhhətimdə problem yarandı. İsraildə ailəmin yanında idim, özümü narahat hiss etdiyimə görə xəstəxanaya müraciət etdim. Dedilər, ürəyin anju edilməlidir. Razılaşmadım, fikirləşdim, ölərəm, yəhudilərin yanında basdırarlar (Gülür). Azərbaycana qayıtdım, özəl klinikaların birində ürəyimi anju etdirdim. Müraciət etdiyim həkim təhsilini Türkiyədə alıb, ona güvənirəm. Hazırda özümü yaxşı hiss edirəm, göz dəyməsin, səhhətimdə xeyli irəliləyiş var. Amma bir məsələ var, mənim imkanım var, özəl klinikada müayinə olunuram, axı digərlərinin belə imkanı yoxdur, hökumət belə məsələləri nəzərə almalıdır.

- 2016-cı ildə "Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması”nın təsis yığıncağında qrant ala bilməməyinizlə bağlı narazılıq etdiniz. Probleminiz həll olundumu?

- Maliyyə vəziyyətimiz çox pisdir. Hazırda bir beynəlxalq təşkilatla müqaviləmiz var, sponsorluq edir. Bu təşkilat da gələn il Azərbaycanı tərk edəcək. Digərlərinin də tərk etməsi gözlənilir. Bunu müzakirə edib həll etmək lazımdır. Azərbaycan beynəlxalq təşkilatları yenidən ölkəyə dəvət etməlidir. Azərbaycanı tərk edən Milli Demokratiya İnstitutu (National Democratic İnstitute) ilə əməkdaşlıq etmişik. Bir dəfə də olsun inqilab üçün addım atmayıblar. Beynəlxalq təşkilatların ölkədə vətəndaş cəmiyyətinə dəstək vermələri üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının verdiyi illik 8-10 min manatla iş görmək olmaz. Məsələnin həlli üçün Milli Məclisin deputatlarına məktub yazmışıq. Biz deyirik ki, beynəlxalq təşkilatlarla əməkdaşlığımıza əngəl yaradılmasın, amma verginin vaxtında ödənilməsinə nəzarət edilsin. Kim vergini vermirsə, məsuliyyətə cəlb olunsun. Beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi dövlətə fayda verir. Onlar Gürcüstanla, Ermənistanla sıx işləyir, vətəndaş cəmiyyətinə dəstək verirlər.

- İsrailə tez-tez gedirsiniz?

- Ailəm İsraildə yaşayır, mən də gedirəm, onlar da bura gəlir. Demək olar ki, hər gün onlarla danışıram.

- İsrail və Fələstin arasında baş verənlərə münasibətiniz necədir? Sonuncu toqquşmalarda 69 fələstinli ölüb, 2 mindən artıq insan isə yaralanıb.

- Baş verənlər mənə çox pis təsir edir. İsrail-Fələstin münasibətlərini çox yaxşı bilirəm, hər iki dövlətin təqsiri var. Baxın, Fələstinin Konstitusiyasında qeyd olunur ki, İsraili məhv etmək lazımdır. Səncə, İsrail buna necə yanaşar? İsrail dövləti deyir ki, suyun, ərzağın buradan gedir, alver edirsiniz, məhv edilmə ilə bağlı yanaşmanız düzgün deyil. Onlar əmioğludurlar, aralarında barışıq, sülh olmalıdır, qan tökülməməlidir. Bir daha qeyd edirəm, İsrailin son addımlarına haqq qazandırmıram. Fələstində də günah var, orada uşaqları öyrədilər ki, cihad edin. Bu, düzgün deyil, uşaqları sevmək lazımdır. İsrailin yarısı ərəblərdən ibarətdir. Baxın, niyə ərəblər Suriyadan, Liviyadan qaçır, amma İsraildən yox? Oğlum İsraildə çalışır, işçilərindən dörd nəfəri ərəbdir, normal qaydada çalışırlar. Yəni digərləri də belə olmalıdır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook