SON XƏBƏR

“İmtahan-imtahan oyunu” nə vaxt bitəcək!?

Oktyabr 26
13:45 2016
Nadir İsrafilov
Təhsil eksperti
 
Görünür, hələ bir neçə buraxılış məzunlarına "imtahanların  çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanı müyəssər olmayacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibəti, əlbəttə bu imtahanların  çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim ediləcəyi perspektivi baxımından əhəmiyyətli və  təqdirəlayiqdir.
Lakin maraqlı burasıdır ki, məsələyə münasibətdə "2 il ərzində” müddət həddi məsələnin hələ də bir müddət uzadılacağından xəbər verir. Hər şeydən əvvəl ona görə ki,  bu kimi fikirlər hələ bir neçə "2 il ” bundan qabaq da səsləndirilmişdi. Digər tərəfdən belə bir fikir yaranır ki, görəsən bu gedişlə məsələni kökündən həll etmək üçün bizə hələ neçə belə "2 il ” lazım gələcək? 

Ən maraqlısı isə odur ki, biz bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı  prosedurları mürəkkəbləşdirərkən və qəlizləşdirərkən nədənsə müddət baxımından heç bir çətinlik çəkmirik. Yığcamlıq və rahatlıq yaratmaq lazım gəldikdə isə dərhal müddətlə bağlı möhlətə ehtiyac duyuruq. Başqa sözlə 125 suala cavab almağa cəmi 180 dəqiqə vaxt verməkdə problem yaşamırıq, ancaq  vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edə biləcək, gəncləri əlavə stressdən, bir ay ərzində iki dəfə psixoloji təzyiqə məruz qoymaqdan çəkinmək kimi zəruri bir məsələni həll etmək üçün isə bizə hələ 2 il də vaxt tələb olunur. 

Razılaşaq və qəbul edək ki, dünya təcrübəsində uzun illərdən bəri tətbiq olunan təkpilləli vahid imtahan sisteminə keçid bizdə ona görə ləngiyib ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, "ikihakimiyyətliyə” son qoyulmaq yolu ilə öz həllini tapıb. Yəni, hər iki imtahanı vahid bir qurum TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Bu mənada bu əlahiddə səlahiyyətlərə malik olan dövlət qurumunun problemin həllini sürətləndirməkdə operativlik və çevıklik göstərməsi üçün imkanları az deyildi.

Bu keçən 25 il  ərzində eyni adamın, eyni biliyini iki imtahanla yoxlamağa nə ehtiyac var idi? İmtahanlarla bağlı qaydalarda "sən atlı, mən piyada” prinsipi ilə tez-tez yerli-yersiz dəyişikliklər aparmaqla nəyə nail olmaq fikrindəyik görəsən? 
 
Təbii ki, məsələnin qoyuluşu ilə bağlı razılaşanlarla yanaşı, belə bir modelə keçidlə hesablaşmayanlar da var: "Hətta ali təhsil almaq istəyənlərin və imtahanda iştirak edənlərin 70 faizinin keçid balını toplaya bilməməsi onu deməyə əsas verir ki, bizim orta məktəb şagirdləri vahid imtahana hazır deyil”; Digər tərəfdən "2013-cü ildən keçirilməsinə başlanan və 4 il ərzində aparılan monitorinq imtahanları bütün ölkəni əhatə edib. Monitorinq imtahanlarında iştirak edənlərin 30%-i nəticədə heç bir suala cavab verməyərək boş vərəqlər təqdim ediblər”. və s.

Məsılə təkcə bununla da bitmir. M.Abbaszadənin son bəyanatları belə nəticəyə gəlməyə əsas verir ki, el dilində desək bu xəmir hələ çox su aparacaq:

"Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər”;

"Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq”.

"Ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır. Belə olanda biz buraxılış imtahanlarının nəticələrini nəzərə ala bilərik. Çünki ali məktəblər özləri hansı kontingenti görmək istədiklərini bildirirlər. Hansısa ali məktəb buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına razıdırsa, buraxılış imtahanı da heç olmasa 5 fənn üzrə olarsa, onda biz buraxılış imtahanlarının nəticələrini daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik.”

Göründüyü kimi bu və buna bənzər fikirlər yeni ideya olmayıb, zaman-zaman səsləndirilib. 
 
Digər tərəfdən "ola bilsin ki,...”, "amma...”, "aparıla bilər...”, "fənlərin sayı dörd olsa... ",  "ali məktəblərin özlərinin də razılığı olmalıdır...”, "qəbulun aparılmasına razıdırsa....”, çünki ali məktəblər özləri...”,  "heç olmasa 5 fən üzrə olarsa...”, "...hələ demək mümkün deyil”, "belə olanda biz...”, "bu, bəlkə də daha çox... ", "qəbulda nəzərə ala bilərik...” və s bu kimi tərəddüdlü və sığortaedici  ifadələr hələ ki, ümidverici perspektivdən xəbər vermir. 

Çox da başağrısı vermək istəmədiyim fikirlərimi bildirməkdə məqsədim odur ki, o şey ki, realdır gəlin bunu edək, o şey ki, hələ ki, realıqdan uzaqdır bunu illərdən bəri dartışdırmaq nə demək?

Hər halda çalışaq optimist hisslərimizi qoruyub saxlayaq. Bir də ki, "gec olsun, güc olsun” deyib atalarımız. Ümid edək ki, yaxın gələcəkdə də olsa imtahanların  yığcam və rahat bir modeli hazırlanmaqla bu üzücü və məşəqqətli prosesi həqiqi bilik nümayişi bayramına çevirmək mümkün olacaq, uzun illərdən bəri davam edən "imtahan-imtahan oyunu”na nəhayət son qoyulacaq...

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook