SON XƏBƏR

İlqar Məmmədov mətbuat konfransı keçirir

Sentyabr 04
13:59 2018
REAL sədri İlqar Məmmədov üç hissəli mətbuat konfransı keçirir.

Musavat.com-un verdiyi məlumata görə, avqustun 13-də azadlığa çıxan REAL Partiyasının sədri İlqar Məmmədov media mənsublarının önünə çıxıb.

Saat 12:00-da partiyanın ofisində başlayan mətbuat konfransı üç hissədən ibarət olacaq. Hissələr arası 10 dəqiqəlik fasilələr nəzərdə tutulub.

İlk hissə İ.Məmmədovun həbsi və məhkəməsinə, növbəti hissə ölkədə baş verən iqtisadi proseslərə, son hissə siyasət və REAL-a həsr olunacaq.

Keçmiş vicdan məhbusu 5 il yarımlıq həbsxana həyatı, azadlığa buraxılmasının səbəbləri və gələcəkdə görəcəyi işlər, REAL-ın fəaliyyəti barədə danışacaq, sualları cavablandıracaq.

İlk olaraq İ.Məmmədov çıxış etdi: "Hər kəsi salamlayıram. Media mənə böyük diqqət göstərib, hər zaman. Bu da ictimai rəyin formalaşmasında mühüm rol oynayıb. Təşəkkür edəcəyim insanlar çoxdur. İlk olaraq 4 vəkilimə təşəkkür edirəm. Onların sayəsində hüquqi qələbəmizi qazandıq".

REAL rəhbəri vəkillərini bir-bir mətbuata təqdim etdi: "Bu vəkillərin hər birini cəmiyyət yaxşı tanıyır. Onlar məni müdafiə etdikləri üçün ciddi təzyiqlərlə üzləşdilər. Xaliq Bağırov kollegiyadan uzaqlaşdırıldı, Fuad Ağayev iki dəfə töhmət aldı. Cavad Cavadov həbsxanada mənim həyatda qalmağımla məşğul idi. Digər vəkilim Şəhla Hümbətovadır. Onun ad günü olduğu üçün gül buketi ilə gəldim. Çox istərdim konfransın bu hissələrinin sualları sırf həbsimə, orada keçirdiyim illərə həsr olunsun. Bir daha o illəri vərəqləyək".

Jurnalist Fərhad Tapdıqoğlunun nə üçün həbs olunması barədə sualına İ.Məmmədov belə cavab verdi: "2013-cü ilin prezident seçkilərində iştirak qərarım həbsimin başlıca səbəbi oldu. Digər səbəblər də var. Amma əsas olan budur. Hazırkı qərarla razı deyilik. Tam qələbə üçün sona qədər gedəcəyik".

Arzu Abdullanın "Tale Bağırzadə sizə azadlığa çıxmağınız münasibətilə təbrik göndərdi. Bütövlükdə Nardaran hadisələrinə münasibətiniz necədir" sualına REAL rəhbəri bu cür mövqe bildirdi: "Hazırda o işi öyrənməklə məşğulam. Təbrikinə görə təşəkkür edirəm. Biz cinsindən, irqindən asılı olmayaraq, hər bir insanın hüquqlarına hörmət edirik".

Konfrans vəkillərin çıxışları ilə davam edib.

Vəkil Cavad Cavadov: "İlqar Məmmədov Azərbaycanda yeganə məhbusdur ki, 8 həbsxana gəzib. Çox ciddi təzyiqlərlə üzləşirdi, bunu mən görürdüm. İnanıram ki, o, tezliklə tam bəraət alacaq".

Vəkil Fuad Ağayev: "İlqar bəylə söhbət edəndə üzərimə öhdəlik götürdüm ki, nəsə baş versə, sona qədər onun hüquqlarını müdafiə edəcəm. Biz oxunan hökmlə heç cür razılaşa bilməzdik. Avropa Məhkəməsinin qərarları bizim üçün çox önəmlidir. Ən böyük çətinlik İlqar bəy üçün oldu. Bu, hər adamın işi deyil. Onu həbs edənlər təkcə ona deyil, vəkillərinə də təzyiqlər edirdilər".

Digər vəkil Xaliq Bağırov: "Hüquqi sürəc barədə çox danışmayacağam. Hər şey ortadadır. İlqar bəyin dörd vəkilindən yalnız məni kollegiyadan uzaqlaşdırdılar. Ona görə ki, REAL-ın idarə heyətinin üzvü olan vəkil yalnız mən idim. İlqar bəyi prosesdən tam uzaqlaşdırmaq üçün bunlar edilirdi".

Vəkillərdən son olaraq Şəhla Hümbətova çıxış edərək onu təbrik etdi: "Bizi bezdirirdilər ki, İlqar bəylə görüşə tez-tez getməyək. Onu təcrid vəziyyətində saxlamaq üçün bu illər ərzində çox şey etdilər. Onun kimi möhkəm məhbusların olmasına görə hər zaman şad olmalıyıq".

Konfransın ikinci hissəsində İlqar Məmmədov çıxışına bu cür başladı: "Həbsxanaya düşdüyümdə və çıxdığımda fərqli iqtisadi durum gördüm. Həbs olunmağım ölkəmizi ağ günə çıxarmadı. Əksinə iqtisadiyyatda geriləmələr oldu. Bu, bütün sahələrdə baş verdi. Belə siyasi həbslərin mütləq nəticəsi olur. Siyasi alternativlər olmayanda bu iqtisadi sahəyə də təsir edir. Biz hakim komanda ilə debatlara hazırıq".

F.Tapdıqoğlunun "REAL Azərbaycan iqtisadiyyatına, büdcəsinə nələr verə bilər" sualına İ.Məmmədovun cavabı belə oldu: "Biz gərək parlamentdə təmsil olunaq. Normal seçki keçirilməlidir ki, biz orada təmsil olunaq. Əgər növbədənkənar parlament seçkiləri keçirilsə, mütləq iştirak edəcəyik. İqtisadiyyatda olduqca bəsit səhvlər edilib. Mənə həbsdə deyirdilər ki, dövlətlər var ki, iqtisadi maraqları üçün sizləri satırlar. Amma mən bu sözlər qarşısında qətiyyən ruhdan düşmürdüm. Dünyada ədalət var. Avropa Şurasında satılmış şəxslər var idi ki, hamısını kənara atdılar".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook