SON XƏBƏR

“İlk dəfə olaraq, Azərbaycanda süd məhsulları ilə aclıq keçirildi” - Eynulla Fətullayev

Yanvar 15
09:47 2019
Blogger Mehman Hüseynovun durumu ilə bağlı bir-birindən fərqli xəbərlər informasiya məkanında yer almaqdadır. Xüsusən də onun keçirdiyi aclıq aksiyası ilə bağlı ajiotaj təəccüb doğurur. Blogger özü aclıq aksiyasını dayandırdığını bildirib, habelə KİV-ə və ictimaiyyətə müraciət edərək, qardaşına və digər şəxslərin mövqeyinə görə məsuliyyət daşımadığını bildirib. Amma bu məsələ ətrafında maraqlı proseslərin şahidi olmaqdayıq.

Halbuki Azərbaycanın müstəqillik tarixi boyunca bu sayaq aksiyaların sayı yetərincə olub. İstər qəzetçilər, istərsə jurnalistlər - həm azadlıqda, həm də türmədə olduğu zaman günlərlə davam edən aksiyalar keçiriblər, onlara dəstək verənlər də yetərincə olub. Bəs niyə M.Hüseynov məsələsində mənzərə bu qədər fərqli və dartışmalarla doludur?

Hüquq müdafiəçisi, ötən həftə M.Hüseynovla saxlandığı istintaq təcridxanasında görüşən Səadət Bənəniyarlı "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, vətəndaş cəmiyyəti üzvləri olaraq mütəmadi olaraq bu məsələni nəzarətdə saxlayırlar. Müsahibimizin sözlərinə görə, mövzu ilə bağlı müxtəlif rəylərin olması normaldır: "Nə qədər insan varsa, o qədər də rəy var. Amma bir məqamı deyim ki, insan ömrü siyasi maraqlardan qat-qat üstündür. Bu gün insan ömründən söhbət gedirsə, obyektiv araşdırma hər şeydən önəmlidir”. 

Müsahibimiz dedi ki, M.Hüseynovun gündəmdə qalması ona qarşı ikinci cinayət işinin açılması ilə bağlıdır. Cinayət işinin martın 2-nə qədər vaxtı olduğunu deyən hüquq müdafiəçisi görə, nəticəni gözləməyin önəminə toxundu: "Görək bu cinayət işi bağlanacaq, məhkəmə olacaq, ya yox. Bütün bunlar üçün vaxt lazımdır”.

S.Bənəniyarlı M.Hüseynovla qardaşının, atasının aclıq aksiyası məsələsində fərqli mövqelər sərgiləməsi ilə bağlı suala cavabında dedi ki, bu məsələyə məhkum blogger özü nöqtə qoyub: "Onun bizə dediyi sözlərlə məktubu eynidir. Əsasən bu gün səhhətinin normallaşması üçün maraqlıdır. Bizə də onun səhhəti maraqlıdır”.

Vəkili Şəhla Hümbətova isə yanvarın 10-da Mehmanla görüşsə də, bloggerin ona bir gün sonra yazacağı məktubla bağlı heç bir anons vermədiyini bildirib.

Virtualaz.org saytının rəhbəri Eynulla Fətullayev "Yeni Müsavat”a açıqlamasında M.Hüseynovla bağlı yaranmış ajiotajın arxasındakı səbəblər barədə danışdı. Dedi ki, ümumiyyətlə, bəzi xarici mərkəzlər bu məsələdə bir mexanizm hazırlamışdılar: "Bilirsiz ki, bu qüvvələr ara-sıra Azərbaycanda siyasi situasiyanı dəyişdirməyə cəhd edirdilər. Bu dəfə də Mehmanın sosial şəbəkələrdə populyarlığını, durumunun kövrəkliyini əsas götürdülər. Əlbəttə ki, cəmiyyətdə istənilən təbəqə, sosial qrup, nəinki Mehmanın, heç bir bloggerin həbsdə qalmasını istəmir. Ona görə də bu məsələdə konkret olaraq ondan Azərbaycan hökumətinə qarşı istifadəyə cəhd göstərildi. Gəlin xronoloji ardıcıllığa nəzər yetirək. Dekabrın 12-də, mərhum prezident Heydər Əliyevin anım günündə Mehmanın qardaşı Emin Hüseynov çox ağır söyüşlərlə Azərbaycan hakimiyyətini təhqir etmişdi. Mənim fikrimcə, Emin hər zaman çox yumşaq, ehtiyatlı davranışa malik şəxsdir. Özü də hüquq müdafiəçisidir. Amma birdən-birə ayın 12-də siyasi çıxış edir və təhqir edir. Bunun ardınca dekabrın 24-də Eminin daha bir çıxışı yayılıb və bu dəfə də Azərbaycan prezidentini təhqir edib. Məndə olan məlumata görə, Emin Vaşinqtondadır, orada görüşlər keçirir, siyasi məsləhətləşmələr aparır. Sanki Eminin bu iki çıxışı, ən azı belə təəssürat yaranır ki, hakimiyyəti hövsələdən çıxarmağa yönələn çağırışlar idi. Və müəyyən mənada bu mexanizmi hazırlayan mərkəzlər öz məqsədlərinə çatdılar. Hazırlanmış repetisiyadan sonra məsələ siyasiləşməyə başladı”.

"Bu zəncirdə bu halqa zəif çıxdı” deyən müsahibimizə görə, sözügedən halqa Mehman Hüseynovun özü idi. E.Fətullayev hesab edir ki, bloggerin aclıq kampaniyası bayağılaşdığı üçün ciddiyyətini itirdi: "Dünya praktikasında iki aclıq var: quru aclıq və tam aclıq. Elə insan var ki, onun aclığı 60 gün də davam edə bilir. Eləsi də var ki, 10 gündən sonra orqanizmində fəsadlar baş verir. İlk dəfə olaraq, Azərbaycanda süd məhsulları ilə aclıq keçirildi. Bu, sanki pəhriz və ya orucluqdur. Mehman və onun vəkilləri bunu ciddiyyətdən saldılar. Beləliklə, irimiqyaslı hadisələrin də qarşısı alındı. Amma bu, müəyyən məqsədlərə hesablanmış cəhdlər idi”.

E.Fətullayev dedi ki, onda olan məlumata görə, hakimiyyət M.Hüseynovu qeyd-şərtsiz azadlığa buraxacaqdı: "Amma bu, əvvəlki təcrübələrlə müqayisədə fərqli oldu. Siyasi texnoloqlar tərəfindən hazırlanmış texnologiya işə salındı. Bir prosesi söndürmək üçün onun ciddiyyətini azaltmaq lazım idi. Bu məsələdə onu Mehman və vəkili etdilər. Süd məhsulları ilə aclıq cəmiyyətin və xalqın idrakı, təfəkkürünə istehza etməkdir. Bəlkə də bu cür detallar Hollandiyada, Ukraynada məsələnin ciddiliyinə təsir etməzdi. Amma Azərbaycanda süd məhsulları ilə aclıq aparmaq məsələsi ciddiyyətini aradan qaldırdı. Siz diqqət yetirin, cəmiyyət və müxalifət Mehmana qarşı ədalətsizliyə yox, onun aclığına köklənib. Gəlin siz Mehmana qarşı ədalətsizlikdən, qanun pozuntularından danışın”.

Müsahibimiz söhbət zamanı daha bir məqamı vurğuladı. Dedi ki, Avropa Parlamentində Mehmanla bağlı dinləmələr təşəbbüsü edilib. Təşəbbüsün müəllifi Rebecca Harmsdır. Müsahibimiz onun adının Soros institutları ilə bağlı olduğunu xatırlatdı: "Mən bu məsələdə Soros institutlarının iştirakını görürəm. Rebecca Harms, sonra Maykl Anderson çıxış edir facebookda. Onlar açıq şəkildə yazıb ki, Soros da, Rebecca da Azərbaycanda Mehmana azadlıq tələbi ilə çıxış edəcəklər. Bu planı Sorosa yaxın institutlar modelləşdiriblər. Xüsusi xidmət orqanları tərəfindən, 100 faiz əminəm ki, xarici mərkəzlərdə hazırlanıb. Emin olduqca nəzakətli adamdır. Onun heç zaman dilindən ağır ifadələr, ittihamlar, kimisə, xüsusən də hakimiyyət nümayəndələrini aşağılayacaq sözlər eşitməmişəm. Birdən-birə onun bu qədər fəallaşması, ortaya atılması, bu çıxışların konkret məqsədlərə hesablandığını göstərir”.

E.Fətullayev bu prosesin necə yekunlaşacağı, hakimiyyətin geri çəkilib-çəkilməyəcəyi ilə bağlı sualı da cavablandırdı. Dedi ki, artıq geri çəkilməyə ehtiyac yoxdur: "Proses söndü, bayağılaşdı. Heç bir ciddi konfrontasiyaya gətirib çıxarmadı. Azərbaycan gerçəkliyi olduqca paradoksaldır. Sosial şəbəkələrdə vüsət almış etirazla real həyatda olan susqunluq düşündürücüdür. Azərbaycanda facebooka baxanda sanki inqilabi prosesinin vüsət aldığı təəssüratı yaradır. Kompüteri söndürüb şəhərə çıxırsan, tamam başqa həyat var bayırda. Düşünürsən ki, görəsən, facebookda həmin ölkə haqda yazırlar? Şəxsiyyətin ikiləşməsi - Azərbaycan cəmiyyətinin diaqnozudur. Facebookda bir söz yazır, gerçək həyatda isə deyir ki, nə olsun, yazdım da. İcad edilmiş ikinci ölkə haqda yazır. Facebooka miqrasiya edib, icad edilmiş ölkə haqda şərhlərini yazır. Sonra real həyata qayıdır. Realda isə 10 nəfər dəstəkçi Mehmana azadlıq tələb edən aksiya keçirirdi. Biz real etirazdan danışırıq, yoxsa virtual etiraz? Bir çox ölkələrdə eynidir bu iki dünya. Bizdə isə real həyatla virtual həyat ziddiyyət təşkil edir”.

Baş redaktor dedi ki, M.Hüseynova qarşı cinayət işi qaldırılsa da, ittiham irəli sürülməyib. Müsahibimiz daha sonra proqnozlarını da bölüşdü: "Mən belə proqnozlaşdırıram ki, ilin sonuna qədər həbsində siyasi motiv görünən şəxslərin mütləq əksəriyyəti azadlığa çıxacaq. Azərbaycanda siyasi proses yoxdur. Mən şəxsən özüm bu insanların həbsdə saxlanılmasının məqsədini anlamıram. Mən hər həftə təkrarlayırdım ki, həbsdə İlqar Məmmədov daha təhlükəli idi. İndi isə ona beş kompüter hədiyyə edilməlidir ki, status yazsın. Susqun İlqar daha təhlükəlidir, nəinki danışan, yazan İlqar. Mehmanın reportajları sosial yönümlü idi. Çox nadir hallarda siyasi reportajlar olurdu. O da bizim yazdığımız problemlərdən yazırdı. Hökumət onlara şərait yaratmalıdır ki, öz işlərini görsünlər. Onlar susqun və əli qandallı daha təhlükəlidir”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook