SON XƏBƏR

İlham Əliyevin açılışına getdiyi məktəbdə şok faktlar: Əlifba bayramına görə şagirdlərdən pul yığılır – ŞİKAYƏT – VİDEO

Aprel 26
12:05 2017
Qlobal.az xəbər verir ki, A24.Az saytının redaksiyasına Bakının Yasamal rayonunda yerləşən 158 saylı tam orta məktəbdən şikayət daxil olub.
Valideynlərin şikayətinə görə,  158 saylı məktəbin direktoru Mehriban Ələkbərova valideyn komitələrinə əlifba bayramı münasibətilə  hər bir şagirddən 45 manat məbləğində pul yığılması ilə bağlı göstəriş verib. Bundan əlavə 1-ci siniflərin əlifba bayramını akt zalında qeyd etməsi üçün hər sinfə görə 300 manat pul tələb edib.  Valideynlər qeyd edirlər ki,  uşaqların əlifba bayramında oynadıqları obraza görə əlavə paltarlarla təmin edilməsi də valideynlərin üzərinə düşür. "Hər bir valideyn uşağına görə bayram üçün xüsusi paltar tikdirməlidir. Bu da 14-15 manata başa gəlir, həm də uşaqların oynadıqları personajlara uyğun paltar ya tikdirilməli, ya da valideynlərin öz hesablarına kirayəyə götürülməlidir”.
Valideynlər bildirirlər ki,  direktorun məktəbdə özbaşınalığı bununla bitmir. "Hər ay, hər bir şagirddən təhlükəsizlik işçiləri, mühafizə üçün 1 manatdan pul yığılır.  Məktəbin təmizlik işlərini həyata keçirmək üçün isə 10 manat pul tələb edilir”.
Valideynlərdən biri qeyd edir ki, 158 saylı məktəbdə xüsusi bayramlar üçün tələb edilən pulları verməyən şagirdlər incidilir, onlara qarşı ayrı-seçkilik edilir. "Valideynlərin çoxu uşaqların gündəlik geyimlərini, məktəb ləvazimatlarını çox çətinliklə ala bilirlər. Məktəbdən hər dəfə lüzumsuz yerə, müxtəlif bəhanələrlə pul yığılır. Əlifba bayramı uşaqlar arasında keçirilməlidir. Nəyə görə valideynlər əlifba bayramında rəhbərliyə pul verməlidirlər”.
Şikayətlə əlaqədar olaraq 158 saylı tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə əlaqə saxladıq.
Mehriban xanım birmənalı şəkildə sadalanan ittihamları rədd etdi. O, A24.Az-a açıqlamasında bildirdi ki,  məktəbdə əlifba bayramı keçirilmir. "Əlifba bayramını keçirmək bizim məktəbdə ləğv edilib. Digər məsələlərə gəldikdə isə məktəbə aid olmayan bir təşkilat var. Valideynlərin imzası və iştirakı ilə mühafizəyə bir manat yığılır. Şikayət edənləri və jurnalistləri məktəbə dəvət edirəm.  Onların adlarının anonim saxlanılmasını istəmirəm. Valideynlərlə birgə bu faktların araşdırılmasının tərəfdarıyam.  Səhv məlumat verənlərin cəzalandırılmasını tələb edəcəm”.
Xatırladaq ki, 158 saylı orta məktəbdə dəfələrlə qanun pozuntusu aşkarlanıb və direktorlar vəzifəsindən azad edilib.
158 saylı məktəb 2013-cü ildə prezident İlham Əliyevin göstərişi ilə tam təmir edilərək istifadəyə verilib və açılışında prezident və xanımı Mehriban Əliyeva da iştirak edib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook