İlham Əliyev Şirinov qardaşlarını Ukraynadakı qəhrəmanlıqlarına görə mükafatlandırdı
Fevral 01
13:49
2019
Prezident İlham Əliyev Ukraynada bir ailəni yanan avtomobildən xilas edən Şirinov qardaşlarını mükafatlandırıb.
Şirinov qardaşları həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə mükafatlandırılıblar.
Xatırladaq ki, Şirinov qardaşları Ukraynanın Nikolayev şəhərində üç nəfəri yanan avtomobildən xilas etdikdən sonra əsl qəhrəmana çevriliblər.
Ukrayna KİV-inin yazdığına görə, Zayçevskoye kəndinin yaxınlığında qoşqu yük maşınından qopub və üç nəfərdən ibarət ailənin içərisində olduğu minik avtomobilinə çırpılıb. Qəzadan dərhal sonra maşın alışıb. Axşam saat 7 radələrində Şirinov qardaşları işdən qayıdan zaman yük maşınının arxası üstə çevrilmiş qoşqusunu görüblər. Onlar maşını saxlayıblar və diqqət yetiriblər ki, 40-50 metr aralıda aşmış avtomobil yanır və onun içindən uşaq çığırtısı eşidilir.
Daha sonra avtomobilin yük yerindən içəri daxil olub oturacaqları sındıraraq kişini dartıb çıxarıblar. Ailə xilas ediləndən təxminən bir dəqiqə sonra maşındakı qaz balonu partlayıb.
Qardaşlar xilas etdikləri ailəni xəstəxanada da tək qoymayıb, uşağın sağalması üçün maddi yardım göstəriblər.