SON XƏBƏR

İlham Əliyev: "Azərbaycan Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir"

Fevral 07
02:24 2017
Azərbaycan Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir.
 
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxışında deyib.
 
Prezidenti qeyd edib ki, energetika sahəsində əməkdaşlıq Azərbaycanla Aİ arasında əməkdaşlığın mühüm hissəsidir: "Biz hazırda Avropada icra edilən ən böyük infrastruktur layihələrindən biri olan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafı üzrə uğurla əməkdaşlıq edirik".
 
İlham Əliyev əlavə edib ki, bu layihənin reallaşdırılması üçün 40 milyard dollardan çox investisiya lazımdır: "Cənub Qaz Dəhlizi" enerji diversifikasiya və enerji təhlükəsizliyi layihəsidir. Mən diversifikasiya deyəndə, təkcə marşrutları deyil, mənbələri də nəzərdə tuturam".
 
Prezidentin sözlərinə görə, Azərbaycan öz iri qaz yataqları ilə Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir: "Mən cənab prezidenti (Aİ Şurasının prezidenti - red.) "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasının uğurla davam etdirilməsi barədə məlumatlandırdım. Biz ümid edirik ki, əlavə səylər nəticəsində bu layihənin həyata keçirilməsi sürətləndiriləcək. Cənab prezidentin də dediyi kimi, Avropa bizim əsas investorumuzdur və Azərbaycan çox yaxşı investisiya mühiti yaradıb. 25 il əvvəl dövlət müstəqilliyimiz bərpa olunduqdan bəri ölkə iqtisadiyyatına 200 milyard dollardan çox investisiya qoyulub".
 
Dövlətimizin başçısı bildirib ki, Avropa Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Biz bir çox Avropa ölkələrinə neft tədarük edirik və ümid edirəm ki, çox yaxın zamanlarda onları təbii qazla da təmin edəcəyik".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook