SON XƏBƏR

“İki nazir yüz minlərlə insanı dövlətdən və hökumətdən narazı salır” - Polkovnik

Yanvar 29
12:26 2018
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov pensiya və təqaüdlərin gecikdirilməsi ilə bağlı müraciət yayıb

Ü.Cəfərovun müraciətində maliyyə naziri Samir Şərifov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ünvanına sərt fikirlər yer alıb.

O bildirib ki, hökumətin bəzi üzvləri vəzifə borclarına son dərəcə səhlənkar və məsuliyyətsiz yanaşır: "Onlar yarıtmaz fəaliyyətləri ilə dövlət başçısının, indiki halda Silahlı Qüvvələrin Ali Baş Komandanının nüfuzuna xələl gətirirlər”.

İki nazir yüz minlərlə insanı dövlətdən və hökumətdən narazı salır

Daha sonra Ü. Cəfərov müraciətində yazıb:

"Mən bir dəfə yazmışdım və bir daha təkrar da olsa yazıram ki, maliyyə naziri Samir Şərifov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəzi addımları ilə faktiki sabotajla məşğuldurlar. Artıq ayın son günləridir. Amma bu günə kimi bu iki məmur hələ də üzərinə düşən vəzifə borclarını yerinə yetirməyiblər. Mən ümumilikdə bu iki məmuru qeyd edirəm ki, qoy, yanvarın 29-da səhər işə gələndə öz aralarında araşdırsınlar ki, bunların özləri, yaxud da tabeliyində olan kimlər yüz minlərlə insanı dövlətdən və hökumətdən narazı salır. 

Söhbət insanların halal pensiya və təqaüdlərinin davamlı şəkildə gecikdirilməsindən və vaxtında ödənilməməsindən gedir. Təvazökarlıqdan uzaq da olsa, yazmağa məcburam. Mənim Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərim adlarını yuxarıda qeyd etdiyim hər iki nazirin bir yerdə xidmətlərindən və faydalı iş əmsalından dəfələrlə çoxdur və bunu o şəxslərə də sübut edə bilərəm. 

İndi onların hər ikisi mərhum prezident Heydər Əliyevə və hazırkı dövlət başçısı İlham Əliyevə minnətdar olmalıdırlar ki, onların bəxti gətirib və mühüm vəzifələrdə hələ ki çalışırlar. Ancaq, dəfələrlə olub ki hər iki vəzifəli şəxslə bağlı ölkə rəhbərliyi bəzi ciddi irad və narazılıqlarını həm acıq, həm də qapalı tədbirlərdə dilə gətirib. 

Görün, bu nazirlər necə məsuliyyətsizdirlər ki, şəxsən mənim halal pensiya və təqaüdümü müxtəlif bəhanələrlə gah gecikdirir, gah verilmə tarixini keyfləri istədiyi şəkildə dəyişir və özbaşınalıq edirlər. Mən hələ Qarabağ müharibəsinin iştrakçısı kimi dövlətimin mənə və minlərlə veterana müavinat şəkilində verdiyi 11(on bir) manat pulu da, Səlim Müslümovun 6 ilə yaxındır ki,(2012-ci ilin mayın 1-dən etibarən) qeyri-qanuni dayandırdığını demirəm. Biz yaxın günlərdə bu barədə dövlət başçısına geniş izahatla, Ali Məhkəmənin qərarını da əlavə etməklə təqdim edəcəyik. Hələliksə, başqalarını deyə bilmərəm, öz adımdan hər iki nazirdən xahiş deyil, tələb edirəm: Samir Şərifov və Səlim Müslümov cənabları, ya da ola bilsin yoldaşları, mən sizə o haqqı tanımamışam ki, siz mənim dövlətdən qanuni aldığım maliyyə vəsaitini gecikdirəsiniz. Necə ki, şəxsi fikrimə görə, haqqınız çatmadığı halda dövlətdən kifayət qədər yüksək məvacib almağınızı müzakirə etmirəm və heç o pulda gözüm də yoxdur. 

Amma, TƏLƏB edirəm ki, öz vəzifə borcunuzu vaxtlı-vaxtında yerinə yetirəsiniz. 

Mən peşəkar zabit olmuşam və özümü də kifayət qədər ciddi insan sayıram. Qeydlərimi öz adımdan yazdım və elə bilməyin ki, bu təkcə mənim fərd olaraq problemim və ya qayğımdır. 

Bu xahişi Sizdən minlərlə canını və qanını Azərbaycan Dövləti və Dövlətçiyi üçün qoymuş insanlar, həmçinin on minlərlə insanın ailə üzvlərini də bura əlavə etsək, yalan olmasın, milyona yaxın insanın adından yazıram və çatdırıram. Ayılın və insanlarla necə işləmək lazım olduğunun məsuliyyətini dərk edin. Bilirəm, sərt yazdığım qeydlər "çestinizə" dəyə bilər və yəqin ki, dəyib də. Amma Sizə dövlət rəhbərliyi vəzifə həvalə edib və bütün müşavirə və iclaslarda da dönə-dönə tapşırır ki, insanlarla işləməyi öyrənin və onları razı salın. Əgər Sizə çətindirsə, ölkə rəhbərliyi Sizə başqa münasib iş tapmaqda kömək edəcək. 

Hələliksə çox da geniş yazıb açıqlamıram ki, bu qədər iqtisadi imkanları olan, regionun sabit və stabil dövlətlərindən birinin iki məsuliyyətsiz və səhlənkar məmuruna görə bizi bədnam qonşularımız və ya digər qüvvələr tənqid, lağ atəşinə tutsunlar. Çevik və məsuliyyətli olmaq hər bir məmurun vəzifə borcudur. Silahlı Qüvvələrin adı olan yerdə isə, məsuliyyətiniz birə on artıq olmalıdır. Çünki Sizi vəzifələrə təyin edən şəxs həm də biz hərbçilərin Ali Baş Komandanımız sayılır. Onun tapşırıq və göstərişləri heç bir halda GECİKDİRİLƏ və ya yubadıla bilməz. Bunun cəzası çox ağır olur".(reyting.az)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook