SON XƏBƏR

İcra başçısının müavininə aid olduğu deyilən "zapravka"yla bağlı FHN-dən açıqlama

Sentyabr 10
12:38 2019
İyul ayının 9-da İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədovaya məxsus olduğu iddia olunan qaz doldurma məntəqəsinin yaxınlıqdakı yaşayış evlərinə və ticarət obyektlərinə təhlükə yaratması barədə dövlət başçısına müraciət ünvanlanmışdı.
 
Ölkə rəhbərliyinə ünvanlanan məktubda qaz doldurma məntəqəsinin yaşayış evlərinə yaxın inşa edildiyi və ciddi təhlükə yaratdığı qeyd edilirdi.

Qlobal.Az sözügedən müəssisənin texniki vəziyyətinin, ətrafda yaşayan insanlar üçün təhlükəli olub-olmaması ilə bağlı Fövqaladə Hallar Nazirliyinə müraciət edib. 
 
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi S. Qurbanovun adından Qlobal.az-a göndərilmiş məktubda deyilir:
 
"İsmayıllı rayonu, Nizami küçəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsi yaxılığında yerləşən ticarət obyektləri və yaşayış evləri üçün təhlükəli olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanladığınız 15.07.2019-cu il tarixli şikayət məktubunuz Agentliyin Şimal-qərb Regional müfəttişliyinin mütəxəssisləri tərəfindən MQDM-in sahibi Rafik Kazım oğlu İsmayılovun iştirakı ilə yerində araşdırılmış və akt tərtib edilmişdir.

Araşdırma zamanı məlum edilmişdir ki, İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən MQDM 1998-ci ildə inşa olunmuş və 2000-ci ildə fəaliyyətə başlamışdır. MQDM  İsmayıllı şəhər sakini Rafik Kazım oğlu İsmayılova məxsusdur. MQDM təhlükə potensiallı obyektlərin Dövlət reyestrində qeydiyyatdadır. Obyektdə istismar olunan qaz çəni "İnter Qaz Servis” MMC tərəfindən diaqnostika olunmuş və 2021-ci ilədək istismarına icazə verilmişdir.

Qeyd olunan ərazidə yerləşən ticarət obyektləri, yaşayış evləri və şikayətçiyə məxsus kafe MQDM-də istismar olunan yeraltı çəndən 50 m məsafədə yerləşir ki, bu da AzDTN 2.13-1 "Qaztəchizatı. Layihələndirmə Normaları”nın tələblərinə uyğundur.

Məktubda qaldırdığınız məsələ öz təsdiqini tapmamışdır".
 
Xatırladaq ki, İsmayıllı kənd sakini Abdullayev Araz Mikayıl oğlu tərəfindən ölkə rəhbərliyinə ünvanlanan məktubda daha sonra yazırdı: "Ərazidə yaşayan sakinlərin və ticarət obyektində işləyən sahibkarların həyat və sağlamlıqları ciddi təhlükə qarşındadır. Ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaradır. Həmçinin hər an baş verə biləcək partlayış kütləvi insan tələfatına gətirib çıxaracaq. Həmin maye qaz doldurma məntəqəsi İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsusdur. Orada rəhbərliyi Sevil xanımın həyat yoldaşı Nizami edir. Maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə görə həmin ərazidə artıq bir neçə sakin evlərinin qapısını bağlayıb oradan köçüblər. Mən Nizami küçəsi ərazisində 600 kv-m sahəsi olan obyekt inşa etdirib, orada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Ancaq rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsus maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə və ətrafa yaydığı zəhərli qaza görə fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalmışıq. Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar müvafiq orqanlara şikayət ərizəsi ilə müraciətlər ediblər. Ancaq Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlara güc gələ bilir. Qeyd edim ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi üçün qərar verilib, onlara yer ayrılıb. Ancaq Sevil Əhmədova çıxarılan qərara əməl etmək istəmir".

Məktububun sonunda dövlət başçısından İsmayıllı şəhəri Nizami küçəsi ərazisində fəaliyyət göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi xahiş edilirdi.
 
Qlobal.Az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook