SON XƏBƏR

“İcmaların əlaqələrinin təşviq edilməsini dəstəkləyirik” - Nazir

İyun 22
12:09 2018
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin Miskdə keçirilən qeyri-rəsmi toplantısında çıxış edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov 2017-ci ili Aİ-Azərbaycan əlaqələrinin inkişafında dönüş ili adlandırıb. O, ötən il Azərbaycan prezidentinin Brüsselə səfər etdiyini və bununla da Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların rəsmən başladıldığını xatırladıb.

Nazir Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin nəqliyyat və kommunikasiya sahəsində Aİ ilə əməkdaşlıq kontekstində mühüm imkanlar yaratdığını deyib. O, Cənub Qaz Dəhlizinin açılışının həyata keçirildiyini və TANAP layihəsinin rəsmən işə düşdüyünü söyləyib.  

E. Məmmədyarov Aİ ilə Azərbaycan arasında viza liberallaşdırması məsələsinə də toxunub və bu sahədə əməkdaşlıq imkanlarını qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsindən danışaraq "Şərq Tərəfdaşlığı” çərçivəsində bu qəbildən olan real təhlükəsizlik təhdidlərinin əməkdaşlığa ciddi xələl gətirdiyini deyib. Nazir Ermənistan xarici işlər nazirinin sülhdən danışdığı halda, bu ölkənin ilk növbədə öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu diqqətə çatdırıb, işğal faktının davam etməsinin regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb: "Ermənistan sülhdən danışırsa, təhlükəsizliyə də öhdəlik daşımalıdır və öz qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.

İnsanlararası təmas məsələsinə toxunan nazir bildirib ki, Azərbaycan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının əlaqələrinin təşviq edilməsini dəstəkləyir.

E. Məmmədyarovun sözlərinə görə, "Şahdəniz 2” layihəsi üzrə işlər 99%, Cənubi Qafqaz boru xətti üzrə 100%, TANAP üzrə 94 % və TAP layihəsi üzrə 75 faiz başa çatıb: "Tikinti işlərinin son fazası sürətlə gedir. TAP-ın Yunanıstan hissəsi bu ilin noyabrında başa çatacaq və 2020-ci ilə qədər layihə kommersiya baxımdan hazır olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook