SON XƏBƏR

Hüseynqulu Bağırovun ailə üzvlərinə məxsus şirkətlərlə bağlı açıqlama verildi:“Lətif Bağırov bizneslə məşğul ola bilməzdimi?!..“

Dekabr 27
13:10 2018
"Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri dəqiqləşdirilməmiş, bəlkə də bəzən, məqsədli şəkildə digərlərinin nüfuzuna xələl gətirə biləcək məlumatları yayımlayırlar”.

Qlobal.az xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinə məxsus şirkətlər və daşınmaz əmlak barədə mediada yayılan məlumatlara münasibət bildirərkən deyib.

Xatırladaq ki, araşdırmaçı jurnalist Cavanşir Həsənzadə sosial şəbəkədə bir sıra Avropa ölkələrində, Türkiyə və Kiprdə keçmiş nazirin yaxınlarına məxsus şirkətlərə aid sənədlərin və daşınmaz əmlakın fotolarını yayıb. Bu material geniş rezonans doğurub, bir sıra Kütləvi İnformasiya Vasitələrində, o cümlədən, AzFakt.com saytında dərc olunub.(Hüseynqulu Bağırovun Avropadakı ailə biznesi - Fotofakt)

Qərbi Kaspi Universitetindən verilən açıqlamada daha sonra deyilir:  

"Məlumat üçün bildirək ki, Qərb Universiteti qurularkən onun təsisçisi Hüseynqulu Bağırov nazir deyildi. 
 
Yazıda adı çəkilən şirkətlərin, mülklərin heç birinin sahibi nə Hüseyn Bağırov, nə də onun oğludur. 
 
90-cı illərin ortalarında Universitet otelçilik ixtisasını gücləndirmək məqsədi ilə Otelçilik Məktəbi yaradıb, onun nəzdində kiçik bir otel də olub. Sonralar bu otel öz hesabına nisbətən böyüyərək ortaölçülü bir otelə çevrilib. 
 
2000-ci ildə Hüseyn Bağırov nazir təyin edilərkən qanunun tələblərinə uyğun olaraq universitetin təsisçiliyindən imtina edib.

Universitet bu illər ərzində tam şəffaf fəaliyyət göstərib, keyfiyyətli təhsili, eləcə də nümunəvi vergi ödəyicisi olması ilə seçilib. Universitet və ona yaxın təşkilatlar, şirkətlər tərəfindən, eləcə də Otelçilik Məktəbi tərəfindən 2001-ci ildən bu günə qədər dövlət büdcəsinə 15 milyon manatdan çox vergi ödənilib.

Qərb Universiteti (indiki Qərbi Kaspi Universiteti) həm də yaxşı beynəlxalq əlaqələrə malikdir. Almaniyada adı çəkilən şirkəti də universitet təsis edib. Bu, universitetin hüquqi baxımından haqqıdır. Doğrudur, sonradan bu şirkət satılıb, direktor olaraq isə formal olaraq Lətif Bağırovun adı sənədlərdə qalıb. Əvvəlki halda da nə universitet, nə də L.Bağırov heç bir mülkün sahibi olmayıb, mülkiyyət sahibləri başqa şəxslər olub. 
 
Bu gün də L.Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibi deyil. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir.

Məlumat üçün deyək ki, Lətif Bağırov bu gün Türkiyədə müəyyən kiçik biznes layihələr həyata keçirməyə cəhd edir. Bu da onun təbii haqqıdır.  Atasının nazir və ya keçmiş nazir olmasına görə, o, hər hansı bir fəaliyyətlə, o cümlədən bizneslə məşğul ola bilməzdimi?!”

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook