SON XƏBƏR

Hüquqşünasların mitinqinə icazə verilmədi (FOTO)

Noyabr 16
00:32 2017
Bakı şəhər İcra Hakimiyyəti Praktik Hüquqşünaslar Birliyinin aksiyasına icazə verməyib.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, BŞİH hüquqşünasların noyabr ayının 18-də Məhsul Stadionunda keçirmək istədikləri aksiyanın təşkil olunmasını məqsədəuyğun hesab etməyib.
 
Bakı şəhər meriyasından Praktik Hüquqşünaslar Birliyinə göndərilən cavab məktubda həmçinin bildirilib ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmışdır.

Hazırda müraciətinizdə qeyd etdiyiniz qanun layihələrinə hər hansı bir mövqe bildirmək məqsədəuyğun hesab olunmur.

Eyni zamanda bildiririk ki, müraciətinizdə 500-5000 nəfərin qeyri-müəyyən sayda göstərməyiniz toplantı iştirakçılarının təhlükəsizliyinin təmin olunmasında və aksiyanın keçirilməsində aidiyyəti orqanlar tərəfindən müvafiq tədbir görülməsinə imkan yaratmır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq planlaşdırdığınız toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir.
 
Xatırladaq ki, noyabr ayının 7-də Prezident İlham Əliyev "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəlləyə dəyişikliklərin edilməsi barədə qanunu imzalayıb. Düzəlişlər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Düzəlişlərin mahiyyəti odur ki, məhkəmələrdə nümayəndəlik institutu ləğv olunur. Vətəndaşları məhkəmələrdə ancaq peşəkar vəkillər - Vəkillər Kollegiyasının üzvləri təmsil edə bilər. Fiziki şəxslərin yaxın qohumları istisna ola bilər.

Qeyd edək ki, Praktik Hüquqşünaslar Birliyi isə qanunun qəbuluna etiraz olaraq noyabrın 8-də Məhsul Stadionunda aksiya keçirməyi planlaşdırmışdı.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook