SON XƏBƏR

Hollandiyada seçkilərdə Rutte qələbə qazandı

Mart 16
10:41 2017
Hollandiyada keçirilən parlament seçkilərində baş nazir Mark Ruttenin partiyası qalib gəlib. Onun mərkəz sağçı Azadlıq və Demokratiya Naminə Xalq Partiyası 150 mandatdan 31-ni qazanıb.
 
İslam düşmənçiliyi ilə tanınan Geert Wildersin Azadlıq Partiyası isə başqa iki partiya ilə ikinci yeri bölüşür. Bu üç partiyanın hər biri 19 mandat qazana bilər.
 
Rutte çıxışında "bu axşam Hollandiya Brekzitin, Amerika seçkilərinin ardınca – səhv yönümlü populizmə "dur” dedi”. Böyük iştirak faizi qeydə alınan səsvermədə seçicilərin 81 faizi iştirak edib.
 
Reuters agentliyi xəbər verir ki, Ruttenin qələbəsindən sonra bütün Avropa boyunca, xüsusilə də seçkilərə hazırlaşan Fransa və Almaniyada ənənəvi partiyalar "rahat nəfəs ala biləcəklər”.
 
Uzun zamandır kampaniyasında populyarlığı yüksəlmiş Wilders İslam dininin Hollandiya dəyərlərinə zidd olduğunu və müsəlman olan mühacirlərin ölkəyə gəlişinə məhdudiyyət qoyacağını deyirdi. O bəyan etmişdi ki, hakimiyyətə gələrsə, Hollandiyanın Avropa İttifaqından çıxmasına nail olacaq, ölkəyə müsəlman miqrasiyasını dayandıracaq, məscidləri bağlayacaq və Quranı qadağan edəcək.
 
Amma Ankara ilə yaranan məlum qalmaqalda Ruttenin kəskin mövqeyi ona əlavə səslər qazandırıb.
 
Bu qalmaqalda Rutte millətçi elektoratın da rəğbətini qazana bilib.
 
Hollandiya parlamentinin proporsional təmsilçilik sistemi belədir ki, ümumilikdə 15 siyasi partiya seçkidən qalib çıxa bilər. İndiki halda Ruttenin koalisiya hökuməti qurmasına aylarla vaxt lazım gələcəyi gözlənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook