SON XƏBƏR

Hökumətin "ölü canlar"dan xilas yolu - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC hansı nazirliyin tabeliyinə veriləcək?

Yanvar 12
23:30 2018
Azərbaycanda fəaliyyətləri müəyyən qədər paralellik təşkil edən dövlət maliyyəli qurumların ləğvi və ya birləşdirilməsi məsələsi uzun müddətdir müzakirə mövzusudur. Zaman-zaman ölkə mediasında iqtisadçılar və mütəxəssislər ölkənin hazırkı iqtisadi durumunda hökumətin struktur islahatları aparmasının labüdlüyü əsaslandırılmış formada vurğulayıblar. Qeyd edək ki, ötən 2017-ci ildə büdcədən xərclənən vəsaitlərin həcmini azaltmaq istiqamətində müəyyən addımlar atılaraq dotasiya hesabına fəaliyyət göstərən qurumların bəziləri ləğv edildi. Müəyyən qurumlar isə publik şəxsə çevrildilər. 
 
Qlobal.az-a əldə etdiyi məlumata görə, hökumətin apardığı islahatlar 2018-ci ildə də davam etdiriləcək. Məlumatda deyilir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin aidiyyatı qurum və ya nazirliklərdən birinin tabeçiliyinə verilməsi də 2018-ci ildə hökumətin aparacağı islahatlar sırasındadır. Hökumətin bu addımına səbəb isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin daha da şəffaf olmasını və iş müxanizmlərinin müasir standartlara cavab verməsini yüksək səviyyədə təmin etməkdir.
 
Həmçinin Cəmiyyətdə korrupsiya hallarına, yeyintilərə və izafi xərclərə yol verildiyi də dolaşan xəbərlər arasında yer alır. 
 
Qeyd edək ki, son zamanlar Prezident İlham Əliyev cənabları da çıxışlarında bir-birini təkrarlayan, lazımsız qurumların ləğv ediləcəyinin anonsunu verib. 
 
Prezident qeyd edib ki, bəzi hallarda süni şəkildə iş yerləri yaradılır: "Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq”.
 
Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb. Hazırda QSC-nin balansında 500-dən artıq gəmi, tanker və kranların olduğu deyilir. 
 
Bundan başqa, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində bir Akademiya, bir Elmi-Tədqiqat İnstitutu, iki Donanma, iki Gəmi Təmiri Zavodu və iki İdarə fəaliyyət göstərir. Məlumata görə, QSC-də korrupsiya və yeyintilər əsasən bu müəssisələrdə çoxsaylı "ölü can"ların olması və Gəmi Təmiri Zavodlarında "görülən işlərdədir". 

Qeyd edək ki, Prezident İlham Əliyev cənabları bu saatlarda "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook