SON XƏBƏR

Hökumət kredit amnistiyası verəcəkmi?

Sentyabr 20
18:23 2016
Nemət Əliyev: «Bu cür informasiyalar ilə hakimiyyət referendum qabağı cəmiyyətdə olan narazılığı azaltmaq istəyir»
 
Problemli kreditlərin faizinin artdığı bir dönəmdə yenidən kredit amnistiyasının həyata keçirilə biləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Məlumata görə, nəzərdə tutulan kredit amnistiyasında 10 min  dollara qədər kredit borcu olanların borcları  indiki məzənnə ilə deyil, köhnə məzənnə ilə (1 dollar 1.05 qəpik) ilə hesablanacaq. Bu 20 dekabr 2015-ci il tarixə qədər kredit götürənlərə şamil ediləcək.
 
Amma onu da xatırlatmaq lazımdır ki, ikinci devalvasiyadan sonra belə təkliflər səslənirdi. Öncə 10 000 dollara qədər borcu olanlara bir sıra güzəştlərin nəzərdə tutulacağı vurğulanırdı. Amma daha sonra bildirildi ki, bu məbləğ 5 000 dollara qədər olan vəsaitlərə şamil ediləcək. Bir müddət sonra rəsmilər bu rəqəmdən də imtina etdilər. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bəyan etdi ki, belə bir addımın atılması maliyyə intizamsızlığına gətirib çıxara bilər. Maliyyə naziri Samir Şərifov isə bankların xeyriyyə təşkilatı olmadığını diqqətə çatdıraraq belə bir addımın məqbul sayılmadığını vurğulamışdı.
 
Ekspertlərin fikrincə, kredit amnistiyasının veriləcəyi ilə bağlı xəbər referenduma və ondan sonra keçirilməsi gözlənilən prezident seçkisi üçün nəzərdə tutulub. Ona görə bu məlumatdan nəsə gözləməyinə dəyməz.
 
İqtisadçı Nemət Əliyev bildirdi ki, məhz hökumətin yanlış siyasətinin üzündən həm maliyyəçilərə, həm də dollarda kredit borcu olan vətəndaşlara xeyli əlavə borc yazılıb. Bu hökumətin və Mərkəzi Bankın məsuliyyətsizliyi ucbatından baş verib: «Əhaliyə yazılan borc yükünü hazırda guya cürbəcür metodlarla qaytaracaqlarını bəyan edirlər. Guya buna görəgünahkar hökumət yox, vətəndaşdır. Kredit amnistiyası adına addım atıb, borcun qaytarılmasını 1.05 məzənnə ilə qaytarılmasını istəsələr belə, bu ədalətli qərar olmayacaq. Axı manatın məzənnəsinin bu səviyyədə müəyyənləşməsinin günahkarı vətəndaşlar deyil. Bunun belə olmasının səbəbkarı Azərbaycan hökumətidir. Əgər Azərbaycan hökumətinin belə bir fikri varsa, ədalətli qərar qəbul etməlidir. 2015-ci il fevralın 21-nə qədər xarici valyutada borcu olan kreditorların borc yükü bu tarixə qədər olan məzənnə ilə hesablanmalıdır. İkinci devalvasiyaya qədər olan dövrdə isə 21 fevral-21 dekabr müddətində xarici valyutada borc götürənlərin krediti 1.05 ödənilməlidir».
 
N.Əliyevin sözlərinə görə, dekabrın 21-dən sonra borc götürənlərin borc yükü isə sonrakı məzənnə ilə hesablanmalıdır: «Çünki 2015-ci il fevralın 21-nə qədər xarici valyutada borcu olanlar heç hesab etmirdilər ki, bir gecənin içində milli valyuta 34 faiz dəyərdən salınacaq. Və ya daha sonrakı müddətdə kredit götürənlər manatın daha 40 faiz dekabrın 21-də dəyərdən salınacağını bilmirdi. Bunların əsas günahkarı Azərbaycan hökumətidir. Xarici valyutada borc götürənlərin heç bir məsuliyyəti yoxdur».
 
N.Əliyevin fikrincə, bu cür informasiyaların dövriyyəyə hazırda buraxılması da təsadüfi xarakter daşımır. Bu cür informasiyalar ilə hakimiyyət referendum qabağı cəmiyyətdə olan narazılığı azaltmaq istəyir: «Sentyabrın 11-də və 17-də keçirilən aksiyaların izdihamlı olması hakimiyyəti narahat edir. Görünür, ona görə, hakimiyyət cəmiyyəti narahat edən problemlərlə bağlı müəyyən vədlər verir. Amma əvvəlki vədlər kimi bu vədin də reallaşacağı az inandırıcıdır».(Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook