SON XƏBƏR

Hikmət Hacıyev: Atəşkəs sülh deyil

May 12
22:36 2019
"Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və 25 ildən artıq müddətdə onlar qaçqın və məcburi köçkün statusunda yaşamaq məcburiyyətindədirlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü həmçinin mülki insanlara qarşı çoxsaylı hərbi cinayətlərlə müşayiət olunmuşdur”.

Bu fikirləri Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın atəşkəsin 25 illiyi ilə əlaqədar verdiyi açıqlamasını şərh edərək bildirib.

O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiq olunur, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur: 

"Atəşkəs sülh deyil. Ermənistan rəhbərliyi tərəfindən də etiraf olunur ki, 25 il keçməsinə baxmayaraq atəşkəs davamlı sülhə çevrilməmişdir. Bu müddət ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir.

Danışıqlar prosesinin formatı dəyişməzdir. Danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılır.

Ermənistan tərəfi həqiqətən regionda davamlı sülhün təmin olunmasını istəyirsə, mövcud format əsasında danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli, BMT TŞ-ın qətnamələrinin tələblərinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına mane olmamalıdır. Yalnız bundan sonra regionda davamlı sülh təmin oluna bilər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook