SON XƏBƏR

Heydər Əliyevin yaşayan və yaşadan ideyaları

Dekabr 06
13:11 2018
Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər.

Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni mümkün olmayanı da etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır. Belə şəxsiyyətlərin varlığı ilk növbədə onları yetirən millətin xoşbəxtliyidir və ulu Tanrının həmin xalqa verdiyi ilahi bəxşişdir.

Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Bununla yanaşı, Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun və bütöv şəxsiyyət obrazı hər bir azərbaycanlıya həmişə canlı nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır.

Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir.

Böyük rəhbərin şərəfli ömür yoluna nəzər saldıqda, onun öz gücünü xalqına və vətəninə olan məhəbbətindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf etdiyini görürük.

1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə qaldıran, sürətli inkişafını təmin edən bu yorulmaz insanın gördüyü böyük quruculuq işlərinə bu gün tarixin prizmasından nəzər saldıqda onun uzaqgörənliyinə heyrət etməmək olmur.

Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan Heydər Əliyev böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını hələ o illərdə yaratmağa başlamışdı. Onun respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. O illərdə Heydər Əliyev ilk növbədə bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Azərbaycanın mənzərəsi tamamilə dəyişilmiş, respublikanın hər yerində böyük abadlıq işləri getmiş, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, Azərbaycan üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən başlıcası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi.

Bununla yanaşı, ölkəmizin elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın zəngin tarixi bütün dünyaya tanıdılmışdır. Bunlar hamısı onun zəhmətinin və böyük təşkilatçılıq işinin bəhrəsi idi.

Ən əsası budur ki, ulu öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki özü xalqının gücünə və qüdrətinə inanırdı, həyatının mənasını isə doğma vətəninə xidmətdə görürdü. Heydər Əliyev deyirdi: "Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".

Ulu öndər insan həyatının fəlsəfəsini belə izah edirdi: "Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət nümunəsi göstərmək və başqaları üçün nümunə olmaqdır". Bu gün heç kəs inkar edə bilməz ki, Heydər Əliyev ömrü başdan-başa elə ləyaqət timsalı, ləyaqət nümunəsidir.

Uzaqgörən rəhbərin o dövrdə gördüyü mühüm işlərdən biri də ölkəmizin sonrakı taleyində və inkişafında mühüm rol oynayan yüzlərlə Azərbaycan gəncini oxumaq üçün keçmiş Sovetlər İttifaqının ən güclü ali məktəblərinə göndərməsi idi. Həmin kadrlar Azərbaycanın inkişafına öz töhfələrini vermiş və verməkdədirlər. Bu baxımdan hərbi kadrları xüsusi qeyd etmək lazımdır.

1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra öz ordusundan məhrum olan Azərbaycan xalqı Böyük Vətən müharibəsi illərində qəhrəmanlıqla vuruşaraq, minlərlə qurban verərək, Həzi Aslanov kimi böyük hərbi sərkərdələr yetirsə də, sovet ordusunda azərbaycanlı zabitlərin, xüsusilə yüksək rütbəli zabitlərin olmaması Heydər Əliyevin qəlbini bir vətəndaş kimi ağrıdırdı. Buna görə də o, C.Naxçıvanski adına hərbi liseyi yaratmışdı. Moskvanın etdiyi etirazlara baxmayaraq, həmin liseyi Azərbaycanın gələcək hərbi kadrları üçün güclü qaynağa, mənbəyə çevirə bilmişdi. Çox sonralar, 2003-cü ilin aprel ayında həmin liseyin 30 illik yubileyində Heydər Əliyev deyirdi: "Bu məktəbi yaradanda heç ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu, mənə qismət olub və çox şadam ki, həqiqətən belə şərəfli iş mənə nəsib olubdur. 1972-1973-cü illərdə məktəbə daxil olmuş gənclər, uşaqlar indi burada çıxış edirlər. İndi onlar generallar, polkovniklərdir. Korpusa komandanlıq edirlər, böyük hərbi hissələrə komandanlıq edirlər. Mənim arzum bu idi. Mən bu arzuma çatmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm".

Təkcə bu lisey idimi onun yaratdığı? O dövrdə Azərbaycanın paytaxtında fəaliyyət göstərən Ali Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbi də onun diqqətindən kənarda qalmamışdı. O, respublikanın rəhbəri və Zaqafqaziya Hərbi Dairəsi Siyasi Şurasının üzvü kimi həmin məktəblərdə olarkən burada cəmi 20 azərbaycanlı tələbənin oxuduğunu görmüşdü. Buna görə də o zaman Almaniyadakı sovet qoşunlarında xidmət edən general Valeh Bərşadlını Azərbaycana dəvət edərək onu Ali Ümumqoşun Komandirləri Məktəbinə rəis təyin etdirmişdi. Bundan sonra Heydər Əliyevin səyləri ilə təkcə həmin məktəbdə azərbaycanlıların sayı 50 faizə çatmışdı. Burada da o, böyük maneələrlə qarşılaşmışdı. Özü də bu, Heydər Əliyevin qarşılaşdığı ilk və son maneə deyildi.

Heydər Əliyevin böyük təşkilatçılıq qabiliyyəti və istedadı artıq bütün İttifaqa səs salmış, hətta beynəlxalq miqyasda tanınmışdı. Məhz fitri rəhbərlik istedadını və dövlət xadimi üçün zəruri olan ən yüksək keyfiyyətləri özündə birləşdirdiyinə görə o zamankı sovet rəhbərliyi onu Moskvaya dəvət edərək Sov.İKP MK Siyasi Bürosunun tərkibinə daxil etmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkmişdi. Azərbaycanda başladığı böyük quruculuq işlərini davam etdirmək və tamamlamaq arzusu nə qədər güclü olsa da, o, həmin təklifdən boyun qaçıra bilməmişdi. Beləliklə, Heydər Əliyev keçmiş SSRİ rəhbərliyində təmsil olunan ilk azərbaycanlı, ilk müsəlman olmuşdu.

Heydər Əliyevin Moskvada çalışdığı illər xüsusi tədqiqat və geniş söhbət mövzusudur. Ancaq qeyd etmək lazımdır ki, o, həmin illərdə də daim Azərbaycanın maraqları ilə yaşayır, Azərbaycanın tərəqqisi üçün əlindən gələni edir və buna kifayət qədər nail olurdu. O illərdə SSRİ rəhbərliyi ən çətin sahələrin, ən məsuliyyətli vəzifələrin icrasını Heydər Əliyevə tapşırmaqla sanki onu sınağa çəkirdi. 20-dən artıq İttifaq nazirliyinə rəhbərlik edən Heydər Əliyev qısa vaxtda bütün Sovet İttifaqında özünə böyük rəğbət qazana bilmiş, öz işgüzarlığı, prinsipiallığı, qayğıkeşliyi ilə insanların qəlbində öz yerini tutmuşdu. Heydər Əliyevin dünyagörüşü, təfəkkürü o qədər geniş və hərtərəfli idi ki, hər bir sahənin ən tanınmış mütəxəssisləri onun ömrü boyu bu sahə ilə məşğul olduğunu güman edirdi. Həmin dövrdə SSRİ rəhbərliyində təmsil olunmuş bir çox görkəmli dövlət xadimləri, onunla ünsiyyətdə olan rəhbər işçi və ziyalılar onun zəngin erudisiyasına, müxtəlif sahələri incəliklərinə qədər öyrənməsinə heyran qalırdı. Bunlar həmin insanların xatirələrində böyük məhəbbət hissi ilə qələmə alınmışdır.

Heydər Əliyevin rəhbərlik etdiyi əsas sahələrdən biri keçmiş SSRİ-nin ən böyük problemlərindən sayılan nəqliyyat sahəsi idi. O dövrdə əsrin ən böyük tikintilərindən sayılan Baykal-Amur Magistralının inşasına nəzarət edən komissiyanın işinə məhz Heydər Əliyev rəhbərlik edirdi. BAM-ın tikintisində Azərbaycanın və azərbaycanlıların əməyi az olmamışdır. Hələ Azərbaycanda işləyərkən Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış "AzBAMstroy" Tikinti Quraşdırma İdarəsi vasitəsilə burada böyük işlər görülmüşdür, o cümlədən Azərbaycan memarlarının layihələri əsasında Ulkan və Anqoya-stansiya qəsəbələri tikilmişdir. Təsadüfi deyildir ki, lap bu yaxınlarda, yəni 2008-ci ildə Rusiya dövlətinin qərarı ilə Baykal-Amur Magistralının Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasına ulu öndərin adı verilmişdir.

Moskvada fəaliyyət göstərdiyi illərdə Heydər Əliyev beynəlxalq aləmdə də görkəmli ictimai-siyasi xadim kimi tanınmış, onun böyük siyasi iradəyə və idarəçilik bacarığına malik olması dünyanın məşhur siyasətçiləri və dövlət xadimləri tərəfindən etiraf edilmişdir. Çünki Heydər Əliyev hansı sahəyə rəhbərlik edir-etsin, hansı vəzifədə olur-olsun, həmin sahəyə yeni ruh, yeni nəfəs gətirə, bu işə yeni vüsət verə bilirdi. Bu, hər şeydən əvvəl onun qeyri-adi zəkasından, təşkilatçılıq qabiliyyətindən, bir sözlə, şəxsi keyfiyyətlərindən irəli gəlirdi. Yəni vəzifə onu yox, o, vəzifəni ucaldırdı. Çünki özünün dediyi kimi: "Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir, qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır".

Lakin Heydər Əliyevin bu istedad və bacarığına qısqanclıqla yanaşanlar, onu gözü götürməyənlər də az deyildi. Heydər Əliyevin gündən-günə artan nüfuzu çoxlarına sərf etmir və buna görə də ona qarşı saysız-hesabsız haqsızlıqlar baş verirdi. Xüsusilə Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin yaradılmasında və 20 Yanvar faciəsinin törədilməsində bilavasitə günahkar olan Mixail Qorbaçovun ona qarşı tutduğu mövqe dözülməz idi.

O zaman M.Qorbaçov və onun ən yaxın ətrafı Heydər Əliyevə qarşı çirkin böhtan kampaniyasının başlanmasına start verdilər və təəssüf ki, bu işdə vaxtilə Heydər Əliyevin vəzifəyə gətirdiyi, etimad göstərərək irəli çəkdiyi bəzi azərbaycanlı rəhbər kadrlardan da fəal istifadə edilirdi. İş burasındadır ki, bu böyük haqsızlıqlara nəinki həmin dövrün sərt sınaqlarından mətanətlə, dözümlə çıxan Heydər Əliyevin özünə, hətta ailə üzvlərinə, o cümlədən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu müvəffəqiyyətlə bitirərək 23 yaşında elmi dərəcə almış, həmin institutda dərs deyən oğlu İlham Əliyevə qarşı da yol verilirdi. Heydər Əliyev kimi böyük siyasi xadimin SSRİ rəhbərliyindən uzaqlaşdırılması və Azərbaycana qayıtmasına ciddi maneələr törədilməsi isə ən çox Azərbaycan xalqına vurulan zərbə, ona qarşı törədilən sui-qəsd idi.

1990-cı ilin Qanlı Yanvar hadisələrini Azərbaycan xalqı heç zaman unutmayacaqdır. Daim təqib və nəzarət altında olmasına baxmayaraq, Azərbaycan xalqının vətənpərvər övladı Heydər Əliyev öz çiyinlərinə düşən böyük məsuliyyəti dərk edən siyasi xadim kimi elə həmin günün səhəri bütün dünyaya səs salan çıxışı ilə bu hadisələrin əsl səbəbkarlarını və günahkarlarını sərt ittiham etdi. Onun bu çıxışının xalqdan gizlədilməsinə səy göstərilsə də, xalq hər şeydən xəbərdar oldu və Azərbaycanın böyük xilaskarının yenidən respublikaya qayıtmasını, bəlalardan qurtarmaq missiyasının ona həvalə olunmasını tələb etməyə başladı.

Böyük rəhbərin o dövrdə yaşadığı mürəkkəb və gərgin anlar haqqında indi hamının məlumatı vardır. Onun 1991-ci il iyulun 19-da atdığı qətiyyətli addım bütün dünyada rezonans doğurdu və kommunizm ideyalarının iflasa uğradığını təsdiq etdi. Heydər Əliyev uzun illər sədaqətlə xidmət etdiyi və rəhbərlik etdiyi Kommunist Partiyasının sıralarını tərk edərkən bunu ilk növbədə 1990-cı ilin Yanvar hadisələrinə siyasi qiymət verilməməsi, sovet rəhbərliyinin Azərbaycana qarşı tutduğu qərəzli mövqe ilə izah etmişdi. Həmin il avqustun 29-da Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında isə Heydər Əliyev Azərbaycan xalqının birliyi üçün Kommunist Partiyasının hakimiyyətdən getməsi təklifini irəli sürmüşdü. Ancaq yanvar hadisələrindən sonra respublikanı idarə edən şəxslər xalqın mənafeyi və tələbi ilə hesablaşmayaraq yalnız öz kreslolarını qorumaqla məşğul idilər, onlar Azərbaycanın başının üstünü almış qara buludları sanki görmürdülər.

1990-cı il iyulun 20-də böyük çətinliklə Azərbaycana qayıdan Heydər Əliyev sonralar xatırlayırdı: "Moskvada məni təqib edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş".

Azərbaycanın 1988-1993-cü illər dövrü bəlkə də onun tarixində ən mürəkkəb və faciəli bir dövr idi. Moskvanın buyruğu ilə oturub duran, onun qərarlarını kor-koranə yerinə yetirən Vəzirov və Mütəllibov rejimləri respublikanı nə qədər bərbad günə qoymuşdularsa, onların bacarıqsızlığından və qətiyyətsizliyindən istifadə edərək hakimiyyətə gəlmiş cəbhəçi-müsavatçıların səriştəsizliyi ucbatından ölkə tamamilə dağılmaq və məhv olmaq təhlükəsi qarşısında qalmışdı.

Bu gün xalqımızın böyük ürək ağrısı ilə xatırladığı həmin illərdə Azərbaycanın bir ümid çırağı da var idi. Həmin ümid çırağı Heydər Əliyev idi. O, Naxçıvanda xalqın böyük təkidi ilə muxtar respublika Ali Sovetinin Sədri seçilmişdi, olduqca dözülməz blokada şəraitində Azərbaycanın bu qədim diyarını erməni işğalından qoruyub saxlayırdı. Mərkəzi hakimiyyətin təzyiqlərinə baxmayaraq, Naxçıvanda Azərbaycanın müstəqillik atributlarını bərpa edir, muxtar respublikanı blokadadan qurtarmaq üçün onu qardaş Türkiyə ilə birləşdirən "Ümid körpüsü"nü salırdı.

Respublikanın bütün şüurlu insanları vətənin xilasını Heydər Əliyevin simasında görərək ona saysız-hesabsız müraciətlər edir və Naxçıvanda onu ziyarət edərək xilaskarlıq missiyasını öz üzərinə götürməsini xahiş edirdilər. Cəbhəçilər isə Azərbaycanın başının üstünü almış təhlükəni aradan qaldırmaq yollarını çox gözəl bilən bu böyük siyasətçi ilə heç məsləhətləşmək belə istəmir, öz düşünülməmiş hərəkətləri ilə respublikanı uçuruma yuvarlayırdılar. Bunun nəticəsi olaraq 1993-cü ilin məlum iyun hadisələri baş verdi. Surət Hüseynovun Gəncədə başladığı qiyam, Əlikram Hümbətovun cənub bölgəsində başladığı separatçılığın şimal bölgəsinə də sirayət etməsi, Rəhim Qazıyev kimi üzdəniraq siyasətçilərin Rusiya ilə sövdələşmələri nəticəsində Azərbaycanın bir respublika kimi yer üzündən silinmək təhlükəsi yaranmışdı. Bunu görən Əbülfəz Elçibəy rejimi də Heydər Əliyevsiz keçinmək mümkün olmadığını dərk etdi və təkidlə onun Bakıya gəlməsini xahiş etdi.

Hadisələrin sonrakı axarı və xalqın böyük təkidi nəticəsində 1993-cü il iyunun 15-də Heydər Əliyev nəhayət Bakıya gələrək dənizdə sükanını itirmiş gəmiyə bənzəyən Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürdü. Bu zaman xalqın daha mütərəqqi hissəsini, qabaqcıl ziyalılarını və siyasətçilərini birləşdirən Yeni Azərbaycan Partiyası artıq formalaşmağa və xalqın böyük əksəriyyətini bilavasitə Heydər Əliyev kimi görkəmli siyasi xadimin ətrafına toplamağa nail olmuşdu.

1992-ci ilin noyabrında qarlı-şaxtalı Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələri hər bir Azərbaycan vətəndaşının arzu və istəklərini özündə əks etdirirdi. Bu gün biz Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.

Bu çətin dövrün xronikasını sadalamağa burada imkan olmadığından Heydər Əliyevin layiqli varisi, indiki Prezident cənab İlham Əliyevin hələ 1998-ci ildə keçirilmiş prezident seçkilərinin yekunları ilə bağlı verdiyi bir müsahibəsində dediyi sözləri xatırlatmaq yerinə düşərdi. Cənab İlham Əliyev deyirdi: "Mən Prezidentə xalqın məhəbbətini, xalqın inamını öz gözümlə gördüm, çünki Prezidentin bütün bölgələrə səfərlərində mən onun yanındaydım. Mən bildim ki, xalq Heydər Əliyevə inanır, Heydər Əliyevi dəstəkləyir, Heydər Əliyevi sevir və Heydər Əliyevə alternativ görmür".

Həmin müsahibəsində cənab İlham Əliyev 1998-ci ili 1993-cü illə müqayisə edərək onda Azərbaycan ictimaiyyətini tamam başqa problemlərin narahat etdiyini, gündəlikdə tamam başqa məsələlərin durduğunu bildirirdi. Bu problemləri həll etmək, Azərbaycanı parçalanmaqdan xilas etmək, vətəndaş müharibəsinə son qoymaq, Ermənistanla Azərbaycan arasında olan müharibəni dayandırmaq, atəşkəs rejimini saxlamaq, qeyri-qanuni silahlı birləşmələri tərksilah etmək, sabitlik yaratmaq asan deyildi. Lakin Heydər Əliyev 5 ildə bu problemlərin hamısını həll etmiş, 1996-cı ildən başlayaraq ölkədə yaranmış sabitlikdən istifadə edərək böyük quruculuq işlərinə başlamışdı. Cənab İlham Əliyev hələ o zaman inamla qeyd edirdi ki, 2003-cü ilə qədər iqtisadi və sosial problemlərin bir çoxu öz həllini tapacaq və 2003-cü ildə gündəlikdə tamam başqa məsələlər duracaq. Cənab İlham Əliyev çox düzgün qeyd edirdi ki, əgər 1993-cü ildə qəti addımlar atılmasaydı, 1998-ci ildə Azərbaycan dövləti haqqında bəlkə də söhbət getməyəcəkdi.

Heydər Əliyevin 2003-cü ilə qədər gördüyü əsas işləri saymaqla qurtarmaq olmasa da, burada ilk növbədə ölkədə sabitliyin bərqərar olmasını, müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsini, demokratik-hüquqi dövlətin hüquqi bazasının yaradılmasını, bunun əsasında iqtisadi islahatlara başlanılmasını, birinci özəlləşdirmə proqramının, torpaq islahatının başa çatdırılmasını, ölkədə sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasını qeyd etmək olar. Lakin bunların hamısının əsasında onun böyük uğurla hazırlayıb həyata keçirdiyi yeni neft strategiyasının dayandığını demək lazımdır. Bu strategiyanın həyata keçirilməsi Azərbaycanın bütün sonrakı qələbələrinin əsasını təşkil etmişdir. "Əsrin müqaviləsi"nin hazırlanmasında və həyata keçirilməsində isə o zaman Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan, 2003-cü ildən isə Azərbaycana uğurla rəhbərlik edən cənab İlham Əliyevin əvəzsiz rolu və xidmətləri danılmazdır.

İndi dünya sanki sıxlaşıb, müasir rabitə və nəqliyyat sistemləri ölkələri bir-birinə daha da yaxınlaşdırıb. Belə bir şəraitdə geosiyasi vəziyyət tez-tez dəyişir, qloballaşma dövrü kimi səciyyələndirilən müasir şəraitdə dünyadan təcrid olunmaq, sadəcə, mümkünsüzdür. İndiki dövrdə xüsusilə mürəkkəb geosiyasi vəziyyətdə olan bir ölkəyə rəhbərlik etmək, onu yüksək sürətlə inkişaf etdirmək olduqca böyük qətiyyət, möhkəm iradə tələb edir.

Məhz bu qətiyyət və iradəni cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində və öz prezidentliyinin birinci dövründə nümayiş etdirdi. O, ilk andiçmə mərasimindəki nitqində Azərbaycanın bundan sonra da həmişə ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalacağını, daxili və xarici siyasətdə Heydər Əliyev xəttini yeridəcəyini, hər bir azərbaycanlının Prezidenti olacağını bütün dünyaya bəyan etdi.

Dövlətimizin başçısı Heydər Əliyev ideyalarına sadiqliyini ölkənin sosial-iqtisadi inkişafını yeni səviyyəyə yüksəltməkdə, aparılan islahatları daha da sürətləndirməkdə və dərinləşdirməkdə, respublikanın iqtisadi müstəqilliyini tam təmin etməkdə görürdü. O öz prezidentliyinin birinci dövründə imzaladığı ilk fərmanları ilə Azərbaycanın yaxın 4 ildə sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən etdi. Azərbaycanın tarixində yeni dövr - İlham Əliyev dövrü başlandı. Cənab İlham Əliyev Heydər Əliyev ənənələrinə sadiq qalaraq atacağı hər bir addımı, görəcəyi hər bir işi dərindən ölçüb-biçmək üçün respublikanın sonrakı inkişafının hər bir sahəsi üzrə konkret, elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanmasına göstəriş verdi.

2008-ci ilin yekunları və həmin ilin oktyabrında keçirilən prezident seçkiləri Azərbaycan xalqının böyük əksəriyyətinin cənab İlham Əliyevin yeritdiyi siyasəti dəstəklədiyini, ona inandığını və Azərbaycanın gələcəyini ona etibar etdiyini bir daha təsdiq etdi.

Cənab İlham Əliyevin ölkə rəhbəri olduğu dövrdə respublikanın əldə etdiyi uğurları isə bir neçə rəqəmlə göstərmək kifayətdir. 2003-2008-ci illərdə respublikada ÜDM 2,7 dəfə artmış, onun adambaşına düşən həcmi 5800 ABŞ dollarına çatmışdır. Son 5 il ərzində sənaye istehsalı da 2,7 dəfə artmış, dövlət büdcəsinin xərcləri 2003-cü ildəki 1 milyard 200 milyon dollardan 2008-ci ildə 15 milyard dollara çatmışdır. 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına təqribən 44 milyard dollar investisiya qoyulmuşdur ki, bu da bütün müstəqillik illərində Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların 77 faizi deməkdir. 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon ABŞ dolları idisə, indi bu rəqəm 18 milyard dollardan çoxdur.

Bu illər ərzində 766 min, o cümlədən 2008-ci ildə 120 min iş yeri açılmışdır ki, bunun da 548 mini daimi iş yeri olmuşdur.

Heydər Əliyevin işinin davamçısı, siyasi irsinin birbaşa varisi və övladı kimi Prezident İlham Əliyevin bu böyük şəxsiyyət haqqında dediyi sözlər hər bir azərbaycanlının ürəyindən xəbər verən sözlərdir. O bildirir: "Mən Heydər Əliyevin oğlu olmağımı özüm üçün böyük xoşbəxtlik sayıram. Böyük insanın oğlu olmaq, habelə mühüm qərarlar qəbul edilən anlarda onun yanında olmaq böyük xoşbəxtlikdir. Bu gün onun işi yaşayır, siyasəti yaşayır və mən əminəm ki, Azərbaycan onun istədiyi kimi inkişaf edir. Əlbəttə ki, mən həmişə ona oxşamağa çalışmışam. Çünki siyasətçi keyfiyyətləri ilə yanaşı, o, həyatda hamıya nümunə ola biləcək adam idi. Səni maraqlandıran bir suala cavab almadan ondan aralanmaq mümkün deyildi. Sizə deməliyəm ki, prezidentliyimin ilk illərində elə məqamlar olmuşdur ki, mən fikirləşirdim: bu vəziyyətdə Heydər Əliyev nə edərdi? Lakin təəssüf ki, bunu bilmək imkanım yox idi. Amma düşünürəm ki, o, son beş ildə görülmüş işlərin hamısını bəyənərdi. Özünün əsəri olan Azərbaycanı bugünkü səviyyədə görsəydi, şad olardı".

Bu gün Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevi ümummilli lider Heydər Əliyevlə birləşdirən bir çox ümumi cəhətlər vardır. Lakin onlardan bəzilərini xüsusi qeyd etmək lazımdır. Bu, ilk növbədə vətən, dövlət və millət qarşısında məsuliyyət hissidir. Biz əvvəldə ulu öndərin bu barədə bəzi fikirlərini qeyd etmişdik. Bu məsuliyyət hissi cənab İlham Əliyevin də bütün həyatının məğzini təşkil edir və ətrafında olan hər bir kəsdən də bunu qətiyyətlə tələb edir. Cənab İlham Əliyev hakimiyyətin nədən ibarət olması barədə öz düşüncələrini açıqlayaraq deyir: "Mən deyərdim ki, bu gün hakimiyyəti beş il əvvəlkindən fərqli başa düşürəm. O vaxt mənim üçün hakimiyyət, ilk növbədə, böyük məsuliyyət yükü idi. Həm atamın xatirəsi qarşısında, həm ölkə qarşısında, həm də xalq qarşısında məsuliyyət idi. Başa düşürdüm ki, Azərbaycanın gələcəyi mənim görəcəyim işlərdən asılı olacaqdır. Bu gün deyə bilərəm ki, bu məsuliyyət hissi məni heç vaxt tərk etməsə də, hər halda, buraya başqa hisslər də əlavə olunur. Yəni indi mən hakimiyyəti ölkə üçün daha yaxşı işlər görmək imkanı kimi qəbul edirəm. Bu gün mənim üçün hakimiyyət, ilk növbədə, Azərbaycan vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır".

Gördüyümüz kimi, Azərbaycanın böyük tarixi şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin ideyaları XXI əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. Çünki Heydər Əliyev ideyaları yaşayan və yaşadan ideyalardır.
 


Süleyman İsmayılov,

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının şöbə müdiri,

YAP Siyasi Şurasının üzvü

(Mənbə: Azərbaycan.-2009.-15 aprel.-S.3.)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook