SON XƏBƏR

Heydər Əliyev Sarayında məşhur pianoçu Denis Matsuyevin konserti olub

Aprel 09
00:23 2019
Aprelin 8-də Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçusu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.

Konsertdə pianoçu L.V.Bethovenin fortepiano üçün "17 nömrəli Sonata”sını, S.V.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin "4 nömrəli Ballada”, P.İ.Çaykovskinin "Düşüncə”, S.S.Prokofyevin fortepiano üçün "7 nömrəli sonata”sını ifa edib.

O, haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri hesab olunur. Onun səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və s. digər ölkələrin məşhur simfonik orkestrləri və dirijorları olub. P.İ.Çaykovski orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu "Gramophone” jurnalı tərəfindən 2014-cü ilin aprelində "Ayın albomu” adına layiq görülüb.

Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi ailəsində anadan olub. Valideynləri balaca Denisdə musiqi qabiliyyətini görərək onu fortepiano dərslərinə yazıblar. İrkutskda o, Mayakovski adına 11 nömrəli musiqi məktəbində oxuyub. O, 1990-cı ildə valideynləri ilə birgə Moskvaya köçərək Moskva Dövlət Konservatoriyasının nəzdində olan musiqi məktəbində təhsilini davam etdirib. 1993-cü ildə D.Matsuyev Moskva Dövlət Konservatoriyasına daxil olub və tanınmış musiqiçilərdən dərs alıb.

Matsuyev 23 yaşında olarkən P.İ.Çaykovski adına XI Beynəlxalq müsabiqəsində uğurlu çıxışından sonra şöhrət qazanıb. Pianoçu öz yaradıcılığında novatorluq və Rusiya fortepiano məktəbinin ənənələrini birləşdirir. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən nəhəng musiqi festivallarının mühüm iştirakçısı, Rusiya, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.
 
(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook