SON XƏBƏR

Hesablama Palatasının şöbə müdirinin oğlunun binasında qalmaqal - Fotolar

Fevral 14
17:00 2020
Azərbaycanda yüksək vəzifəli şəxsin oğluna aid olan  binada qalmaqal yaşanır - Mənzillərini ala bilmirlər...

Bakı şəhər sakini Asif Məmmədov "Konstra” MTK tikinti şirkətindən narazıdır.

Qlobal.az xəbər verir ki, A.Məmmədov Qafqazinfo-ya müraciətində qeyd edib ki, 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikinti şirkətindən 169 nəfər ev alıb:

"Hamı evin pulunu tam ödəyib. Əlimizdə bununla bağlı maliyyə arayışı da var. Mənzil aldığımız bina Tibb Universitetinin qarşısında yerləşir. Mən özüm 67 min manat pul ödəmişəm. Bir müddət tikinti dayandırıldı. Bizə dedilər ki, torpağın sahibi ilə podratçı "Konstra” MTK arasında mübahisə düşüb. Torpaq sahibi isə "Orxan TİT” şirkətidir. "Orxan TİT”dən bizə dedilər ki, sakinlər aldadılıb, evlər saxtadır. Çünki podratçı şirkət ev satmalı deyildi.

"Konstra” MMC isə bildirir ki, "Orxan TİT” şirkəti onlara qarşı fırıldaqçılıq edib. Bununla bağlı Prokurorluğa da müraciət ediblər.

Biz ev alan şəxslər olaraq hesab edirik ki, burada hansısa oyunlar gedir. Hətta bir evi başqa şəxslərə də satdıqlarını eşitmişik. Evlərin çoxu satılıb, bir hissəsi isə qalıb.

"Konstra” MMC-nin rəhbəri Bəhram Abbasovdur. Onunla dəfələrlə narazı sakinlər olaraq görüşmüşük. B.Abbasov bizə deyib ki, narahat olmayın, hər şey düzələcək, ona da "pul atıblar”. B.Abbasov yüksək vəzifədə işləyir. O, Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiridir”.

Qafqazinfo məsələ ilə bağlı "Konstra” MMC şirkəti ilə əlaqə saxlayıb. Şirkətin təsisçisi Bəsrət Abbaslı bildirib ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur:

"Mən özüm cavan olduğuma görə sakinlərlə görüşdə atam da iştirak edib. Çünki o əvvəllər bu işlərdə olub. Narazı vətəndaşlar yaşım az olduğuna görə düşünürlər ki, məsələlərdən başım çıxmır. Ona görə də ağsaqqal kimi atamı danışıqlara çağırmışam. Ancaq onun bu şirkətlə qanuni bağlılığı yoxdur.

Biz bu işdə podratçı tərəf kimi çıxış etmişik. Bizim sifarişçi tərəf olan "Orxan TİT” şirkəti ilə müqaviləmiz olub. Müqaviləyə əsasən, evlərin satışı bölüşdürülmə prinsipi ilə razılaşdırılıb.

Şirkətimizin daxilində problem yarandı, bundan digər şirkətin də xəbəri var idi. Belə ki, şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim.

Ancaq möhür ofisdə olduğu üçün icraçı direktor D.Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib. Hazırda sizə şikayət edən şəxslər vicdanlı alıcılardır. Həmin evlərin əvvəlki sahiblərinin D.Rəsulovla öz haqq-hesabları olub. Onlar bizim binadan qanunsuz şəkildə ev satışı edib. D.Rəsulov barterə gedib, yaxud öz borcunu bağlamaq üçün kiməsə ev verib.

Bizim bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur. Sakinlərdən əvvəl özümüz Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişik. Sifarişçi şirkət də çəkdiyimiz xərci minimum məbləğdən də aşağı hesabladı.

O pulların heç biri mənim kassama mədaxil edilməyib. 169 ev satılıb, onun 62-si təsdiqlənib. Kreditə verilən evləri, şəhid ailələrinin, nağd şəkildə ödəniş edən şəxslərin evləri təsdiqlənib. Mənim təsdiqlədiyim evlər belə qanunsuz sayılır, ancaq məcburiyyət yaranıb.

Bu məsələnin ictimailəşməsinin biz də tərəfdarıyıq. Hazırda məni aldadan şəxs heç ölkədə deyil. Biz çəkdiyimiz xərcin hesabatına əsasən sakinləri razı salmaq istəyirik. Ancaq "Orxan TİT” buna imkan vermir. Buna görə də sifarişçi şirkət haqqında iddianamə hazırlayıb müvafiq qurumlara təqdim etmişik”.
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook