SON XƏBƏR

"Hərbi xidmətin nə olduğunu bilib-bilmədiyi dəqiq bilinməyən Sahil Babayev..." - Nazirə ağır sözlər...

İyun 28
10:26 2018
"Necə deyərlər, Silahlı Qüvvələr günü ilə əlaqədar Bayram tədbirləri ən yüksək səviyyədə başa çatdı və qayıdırıq gündəlik qayğı və problemlərimizə. Bir daha qürur yeri olan Ordumuzun bütün şəxsi heyətini ürəkdən təbrik edir, onlara çətin və şərəfli xidmətlərində yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram. İndi sizə və rəsmilərə daha çox ünvanladığım bu müraciətimi əslində mən dünən də yaza bilərdim. Amma, istəmədim ki, Bayram günündə insanlar yazdıqlarımı bir növ giley-güzar kimi qəbul etsinlər. Hərçənd ki, Silahlı Qüvvələrimizin yaranmasında ilk gündən bu vaxta kimi əziyyəti-zəhməti olan minlərlə zabit və gizirlərə, əsgər və çavuşlara Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (ƏƏSM), hərbi xidmətin nə olduğunu bilib-bilmədiyi dəqiq bilinməyən Sahil Babayev, həmçinin ƏƏSM-nin Dövlət Sosial Müdafiəsi Fondunun direktoru Zakir Babayev çox böyük sayğısızlıq və hörmətsizlik göstərdilər”.

Yeniavaz.com xəbər verir ki, bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov sosial şəbəkədəki səhifəsində bildirib.

"Çəkinmədən deyirəm: cənab Baş Nazir və tabeliyində olan vəzifəli şəxslər! Ən azından yəqin ki, sizin də ailəniz-uşağınız var və sizin həddən çox olan məvacibinizdən fərqli olaraq qəpik-quruşa göz dikən güc strukturlarının generalından tutmuş sıravi əsgərinə kimi pensiya və təqaüdçüləri Silahlı Qüvvələr günü ərəfəsində gözləyirdilər ki, siz azca da olsa baş tərpədib insanların səbirsizliklə gözlədikləri, halal təqaüdlərini onların hesablarına köçürtdürəcəksiniz. Amma, siz hər mənada, "toxun acdan xəbəri olmaz” zərbi misalındakı hərəkətlərinizlə özünüzü sadəcə qınaq və nifrət hədəfinə gətirdiniz. Dünən Bayram tədbirləri ilə əlaqədar keçmiş zabit və gizirlərdən, əsgər və çavuşlardan kimi gördümsə, kiminlə telefonda danışdımsa, hamısı çox üzgün və narazı halda içi mən qarışıq olmaqla belə saymazyana münasibətə od püskürürdülər. Siz vəziyyətin ciddiliyinin fərqindəsiniz, Sahil və Zakir Babayev cütlüyü? Siz mənim və mənim kimi hərbi pensiya və təqaüdçülərin pensiyasını nə vaxt başınız dost-tanışı, qohum əqrabanı vəzifələrə yerləşdirdikdən sonra da yenidən hesablaya və ya çək-çevir edə bilərdiniz. Amma, siz görün özünüzə necə əmin və vurğunsunuz ki, guya sizə heç kim güldən ağır söz deməyəcək. Xeyr, bir daha xeyr! Kömpüter əsrində, əgər siz ölkə başçısının Fərmanını bu qədər müddətdə, 150 günə yaxınlaşır, yerinə yetirə bilmirsinizsə, sizi orda saxlamağın adı nə? Siz də gec-tez pensiyaya və təqaüdə çıxacaqsınız və biləcəksiniz ki, əksəriyyəti öz gündəlik həyat və fəaliyyətini o sizin yüksək məvacibinizin yanında qəpik-qupuş olan maliyyə ilə yola verən insanlar sizin məsuliyyətsizlik göstərməniz ucbatından əsəb və stress keçirirlər. Bu bir gün sizin başınızı sözün hər mənasında "yeyəcək”. Siz cəmiyyətin bu katerqoriyasından olan insalarla bir qədər sayğılı və diqqətli, ehtiyatlı davranın. Onların qanuni hüquqlarına hörmət göstərin. Sizin o pensiya və təqaüdlərlə çıxartmaq istədiyiniz və min hoqqalardan çıxdığınız hər bir addım o qədər də müsbət qarşılanmır.

Ən sonda. Dünən də özlərinə yaxın hesab etdikləri saytlar və onlayn media resursları vasitəsi ilə bir xəbəri təkrarlamaqla, guya bizlərə demək istəyirdilər ki, pensiyaların gecikdirilməsinə səbəb var. Bir daha deyirəm, qanun geriyə heç vaxt şamil olunmur. Bunu yəqin ki, Sahil və Zakir Babayev cütlükləri də bilməmiş deyillər. Siz insanların aylıq pensiya təminatını həyata keçirin, sonra isə guya hansısa iş görmək istəmək görüntüsünü yaradın”,-deyə Ü. Cəfərov vurğulayıb. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook