SON XƏBƏR

Hadı Rəcəbli yeni Baş naziri təriflədi: "Yüksək icra imkanına malikdir"

Oktyabr 08
12:30 2019
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov bu gün istefa verib.

Milli Məclisin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirə olunaraq qəbul edilib.

Modern.az 1989-1995-ci illərdə Nazirlər Kabinetində əhəmiyyətli vəzifələrdə təmsil olunan, Milli Məclisin deputatı Hadı Rəcəblidən münasibət öyrənib. Deputat ölkə başçısının bu qərarının da gözlənilməz, eyni zamanda örnək, uzaqgörən addım olduğunu söyləyib. O həmçinin diqqətə çatdırıb ki, ötən ilin aprel ayında Novruz Məmmədovun baş nazir postuna gətirilməsi də gözlənilməz addım idi:

"Novruz Məmmədov beynəlxalq münasibətlər sahəsində peşəkarlaşmış, səriştəli şəxs idi. O dövlətə, prezidentə sədaqətli insandır. Sabiq baş nazir yenə də müsbət imiclə bu vəzifədən ayrılır”.

Milli Məclisin birinci çağırışında Əli Əsədov ilə birlikdə təmsil olunduğunu xatırladan H. Rəcəbli yeni nazir haqqında fikirlərini də bölüşüb:

"Əli Əsədov Bakı şəhərində orta məktəbi, Moskvada isə Xalq Təssərrüfatı institutunu bitirib. 1980-89-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb. 1989-1995-ci illərdə mənim də çalışdığım o zamankı adı ilə Politologiya insitutu – indiki Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində kafedra müdiri vəzifəsində çalışıb. Əli Əsədov iqtisadi idarəetmənin elmi əsaslarını da mükəmməl bilir.

Qeyd etdiyim kimi, 1995-2000-ci illərdə Milli Məclisin birinci çağırışında Əli Əsədovla birlikdə parlamentdə təmsil olunmuşuq”.

Hadı Rəcəbli söyləyib ki, Əli Əsədov sadə, təkəbbürsüz, təmkinli, insanlarla ünsiyyət qura bilən şəxsdir:

"Yüksək icra imkanına malikdir, və idarəetmədə elmi bilikləri və praktiki təcrübəsi olan insandır. O, 1998-ci ildən prezident aparatında çalışır, idarəetmənin bütün qollarına bələddir. Əli Əsədov deputat olarkən də öz təmkini, səriştəsi ilə seçilib. Yeni baş nazir Azərbaycan dövlətçiliyinə hələ ulu öndər Heydər Əliyevin dövründən sədaqətlə xidmət edir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. Ona görə, səriştəli siyasi xadim kimi məhz baş nazirlik postuna gətirilib.
Bir daha vurğulayım ki, ölkə başçısının bu qərarı da gözlənilməz olsa da, düşünülmüş, uzaqgörən addımdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook