SON XƏBƏR

Hacıbala Abutalıbov nə işlə məşğul olacaq? - İlk dəfə açıqladı

Oktyabr 22
12:38 2019
Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq. Bu barədə Abutalıbov yaxın ətrafına bildirib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, Abutalıbov deyib ki, gələn həftədən etibarən mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) iş yerinə gedəcək. 

Xatırladaq ki, 75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib. 

Qeyd edək ki, H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub.

SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

Hacıbala müəllim 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adına layiq görülüb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

Hacıbala müəllimin karyerasının yüksəliş dövrü 1995-ci ilin fevralından başlayıb: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu vəzifəni 2000-ci ilədək icra edib. 

Onu da deyək ki, Abutalıbovun Rusiyada aspirant yoldaşı olmuş akademik Nizami Süleymanov mətbuata müsahibələrindən birində onun vaxtilə Fizika İnstitutunda olduqca səylə işlədiyindən bəhs etmişdi: 

"Gecədən xeyli keçmiş işdən çıxıb gedəndə baxırdıq ki, bir otaqda işıq yanır. Gözətçidən soruşurdum ki, bu işıq kimindir? Deyirdi, bu, Hacıbala müəllimin laboratoriyasının işığıdır. Bir-iki dəfə də maraqlanıb yanına qalxmışdım ki, bu vaxt nə işlə məşğuldur. Deyirdi, bu, hələ harasıdı? Səhərədək işlədiyim vaxtlar olub..."

Hacıbala müəllimin yenidən eyni həvəslə elmi fəaliyyətlə məşğul olub-olmayacağını isə zaman göstərəcək. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook