SON XƏBƏR

Hacı İbrahimin ölkədən didərgin saldığı iş adamı onun dələduzluğunun şok detallarını açıqladı

Yanvar 13
09:42 2016
Elşad Məmmədov: ""Avesta" Konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin dələduzluğundan ölkəni tərk etmək məcburiyyətində qaldım”
 
Bu gün ölkəmizin paytaxtında inşa olunan yaşayış binalarında satışa çıxarılan mənzillər ətrafında yaşanan müxtəlif qalmaqallarla artıq heç kəsi təəccübləndirmək olmaz. Belə mənzillərin eyni vaxtda bir neçə vətəndaşa satılması, saxta sənədlərin təqdim olunması və digər müxtəlif üsullarla vətəndaşların aldadılması hallarına kifayət qədər tez-tez rast gəlinir. Əlbəttə ki, hüquq-mühafizə orqanları tərəfindən bu kimi dələduzluq əməllərinin qarşısının alına bilməməsi çox təəssüf doğuran haldır.
 
Digər tərəfdən isə, bəzi hallarda vətəndaşların özləri də dələduzların toruna düşmələri və hətta təqsirkarların məsuliyyətə cəlb oluna bilməmələri üçün "əllərindən gələni edirlər.” Belə ki, biz öz təcrübəmizdə dəfələrlə mənzil almaq istəyən vətəndaşların heç bir qanuni ödəniş çeki, müqavilə və digər hüquqi sənədlər olmadan, sadəcə "centlmen razılaşması” əsasında hər hansı şirkətə külli-miqdarda pul ödəmələrinin də şahidi olmuşuq. Lakin Elşad Məmmədovun başına gələnləri qətiyyən, heç bir halda onun səhlənkarlığı ilə izah etmək olmaz. Daha dəqiq desək bu qaranlıq məsələdə nə inşaat şirkəti ilə bağlanmış müqavilənin sonradan birtərəfli qaydada ləğv olunmasını, nə bu qanunsuz qərarın Nəsimi rayon məhkəməsi tərəfindən qüvvədə saxlanmasını, nə yarım milyonluq vəsait dövriyyəsinin şəffaflığını təmin edə bilməyən şirkətə yüz milyardlıq layihənin etibar olunmasını, nə də bütün bu məqamların doğurduğu çoxsaylı sualları ümumiyyətlə heç bir məntiqi əsaslarla izah etmək olmur.
 
Qeyd etməliyik ki, bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş Qazax rayon sakini Elşad Məmmədovun başına gələnlər artıq bir neçə dəfə müxtəlif kütləvi informasiya vasitələrində ictimai müzakirəyə çıxarılıb. Bununla belə oxucularımızın və xüsusən də müvafiq instansiya rəhbərlərinin diqqətini cəlb etmək məqsədilə yaranmış insidenti təfərrüatlarını bir daha xatırlatmaq qərarına gəldik. Beləliklə, E.Məmmədov öz ərizəsində bildirir ki, o, 2012-ci ilin fevral ayında Orxan Sadıxov adlı bir şəxsin vasitəçiliyi və müşayiəti ilə, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun rəhbərlik etdiyi "Avesta Konserni”nin Bakının Atatürk prospektində yerləşən ofisinə gəlmişdir. Burada E.Məmmədov "Avesta Konserni”nə daxil olan "Həsən 96” MTK tərəfindən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayır. Bu mənzillərin qiyməti isə müvafiq olaraq 252 min manat və 103 min manat məbləğində müəyyənləşdirilir. Prosesdə konsernin Zülü adlı daha bir əməkdaşı da iştirak edir. "Həsən 96” MTK tərəfindən verilmiş və MTK-nın sədri E.H.Tağıyev tərəfindən imzalanmış maliyyə arayışında isə qeyd olunur ki, həmin mənzillərin dəyəri Elşad Məmmədov tərəfindən MTK-ya tam ödənmişdir.
 
Bundan bir müddət sonra E.Məmmədov həmin mənzillərdən birini (52 saylı) satmaq fikrinə düşür. Elə bu məqamda Orxan Sadıxov Elşaddan həmin mənzilə aid müqaviləni və digər sənədləri müştəriyə göstərmək bəhanəsilə alır. Aradan bir neçə gün keçəndən sonra isə Elşad Orxanın sənədlərlə birlikdə "itdiyini” başa düşür. Bundan sonra "itmiş” sənədləri bərpa etmək məqsədilə E.Məmmədov ikinci dəfə "Avesta Konserni”nin ofisinə gəlir. Burada isə ona deyirlər ki, sözü gedən müqavilə artıq "Həsən 96” MTK tərəfindən birtərəfli qaydada ləğv olunmuşdur. Bundan sonra Elşad min-bir əziyyətlə Hacı İbrahim İbrahimovun qəbuluna düşür. Problemin tezliklə həll olunacağını gözləyən şikayətçi ən azından ödədiyi pulu geri tələb edir. Lakin İ.İbrahimov onu hədələyərək hələ bir ikinci evin də sənədlərini gətirməsini tələb etmişdir. Təbii ki, Elşad imtina etmişdir. Şikayətçinin sözlərinə görə bundan sonra ona qarşı konsernin rəhbərliyi tərəfindən ciddi təhdid və hədələrə rəvac verilmişdir. Hətta iş o yerə gəlib-çıxmışdır ki, Elşad Məmmədov ailəsinin və özünün təhlükəsizliyi üçün Bakıdan qaçaraq rayondakı qaçqın qohum-əqrəbasına sığınmaq qərarına gəlmişdir. Onun sözlərinə görə konsernin mühafizə xidmətinin əməkdaşları bəzən açıq nömrədən də zəng vuraraq Elşadı təhdid etmişlər ki, "səni banditizmə apararıq, problem yaratma”.
 
Belə nömrələrdən birini şikayətçi bizə də təqdim etmişdir: 070 260 04 07. Bu arada Elşad Məmmədov və onun ailəsi barədə bəzi məlumatları da təqdim etməyi lazım bildik. Elşad özü və iki qardaşı gənc yaşlarından valideynlərini itiriblər. Bu gün əllərində olan nə varsa, hər şeyə böyük zəhmət və əziyyətlə nail olublar. Hər üç qardaş Yeni Azərbaycan Partiyasının üzvüdür. Elşad Məmmədov vaxtilə Binəqədi rayonunda YAP-ın "Göyəzən” adlı gənclər təşkilatını yaradıbmış, təşkilata cəlb etdiyi xeyli sayda gəncin üzvlük haqqını da öz cibindən verirmiş. Elşadın böyük qardaşı İlqar Məmmədov isə Qarabağ müharibəsi veteranıdır...
 
Lakin bütün bunlar nə "Avesta Konserni”nin rəhbərliyi üçün, nə də tərəflərin sonradan üz tutduqları məhkəmə instansiyaları üçün göstərici deyil. Məsələ bundadır ki, E.Məmmədovun əlində qalan ikinci müqavilə də Hacı İbrahim İbrahimovun müraciətinə əsasən Nəsimi rayon məhkəməsinin hakimi Səyyad Qafarinin qəbul etdiyi qətnamə ilə ləğv olunmuşdur. Əlbəttə, biz məhkəməyə müraciət edən şəxslərin kimliyinin və onların xidmətlərinin qərar çıxarılan zaman nəzərə alınmalı olmadığını başa düşürük. Lakin nəzərdən keçirdiyimiz halda məhkəmənin qəbul etdiyi qərar özü qanuna ziddir.
 
İddiaçı İ.İbrahimov bildirir ki, onun mənzilin E.Məmmədova satılmasında vasitəçilik edən Orxan Sadıxovla bağladığı başqa bir müqavilə də mövcuddur. Həmin müqaviləyə əsasən O.Sadıxov Bakı-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən "Xəzər Adaları” kompleksinin ərazisində yerləşən "Skat” restoranının vitraj və pəncərə sistemlərinin quraşdırılması işlərini icra etməli idi. Nəzərdə tutulan işlərin ümumi dəyəri isə 500 min manat məbləğində müəyyənləşdirilmişdir.
 
İ.İbrahimov iddia edir ki, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin E.Məmmədova satışı da məhz "Skat” restoranında görülən işlərin müqabilində həyata keçirilmişdir. Amma bir müddət sonra məlum olmuşdur ki, Orxan Sadıxov həmin restoranda heç bir iş görməmişdir. Buna görə də iddiaçı E.Məmmədovla bağlanmış müqavilənin ləğvini tələb etmişdir. Məhkəmə də bu iddianı təmin etmişdir. İndi bu qərarın qanuni demirəm, heç olmasa məntiqi əsaslarını kim izah edə bilər? Əgər Orxan Sadıxov "Avesta Konserni” kimi bir nəhəngin qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, bunun cəzasını digər bir vətəndaşmı çəkməlidir? O.Sadıxov "Skat” restoranının vitrajlarını qoymadı, "Avesta Konserni” öz mənzillərini geri aldı, bəs Elşad Məmmədovun ödədiyi 355 min manat pul necə oldu? Axı Elşad bu pulu nəğd şəkildə MTK-ya ödədiyini iddia edir və bütün sənədlər də (ödəniş qəbzi, maliyyə arayışı) məhz bunu təsdiq edir! Amma görünür "Khazar İsland" lahiyyəsinin rəhbəri, "Avesta" Konserninin Prezidenti Hacı İbrahim İbrahimovun nüfuzu bütün rəsmi sənədlərin hüquqi mahiyyətini üstələyir.
 
Yeri gəlmişkən, Elşad Məmmədov öz ərizəsində İ.İbrahimovun onunla söhbətində, "əgər Arif Paşayevdən yuxarı instansiya tanıyırsansa, ora məndən şikayət edə bilərsən”- kimi ifadə işlətdiyini də qeyd etmişdir. Həqiqətən də bu gün E.Məmmədovun şikayət etmədiyi instansiya qalmayıb. Bir ünvana bəlkə də 10 dəfə məktub göndərib. Bu məktublar ölkə prezidentinə, baş prokurora, müdafiə naziri xaricində bütün güc nazirliklərinə, Mehriban xanım Əliyevaya, Ramiz Mehdiyevə, müxtəlif məhkəmələrə, polis bölmələrinə və sair qurumlara ünvanlanıb.. Amma bu şikayətlərə baxılmır ki, baxılmır. Sonda isə Elşad Məmmədovun vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Kamil Əliyevin Baş Prokuror Zakir Qaralova ünvanladığı məktubun məzmunu ilə də oxucularımızı tanış etmək istədik: "Hörmətli cənab Baş Prokuror! Bir vəkil olaraq mənim çalışmağımdan şikayətçi Elşad Məmmədova bir fayda çatmır, vəziyyət dəyişmir. Vətəndaşın 355 000 (üç yüz əlli beş min) manat dəyərində mülkiyyəti olan daşınmaz əmlakı (mənzilləri) dələduzluq və vəzifə səlahiyyətlərini aşma yolu ilə əlindən alınmışdır. Hörmətli Baş Prokuror, sizə göndərilmiş şikayətlərə məhəl qoyulmur, sistemli şəkildə proseduralar pozulur. Təhqiqatçı şikayəti təmin etmək və yaxud rədd etmək haqqında qərar belə çıxarmır, şikayətçi Elşad Məmmədovun ərizəsini araşdırmadan bölmənin dəftərxanasında olan materiala tikir. Kimlərəsə ərköyünlük statusu verilirsə, ona qarşı Baş Prokurorluq tərəfindən mütləq sanksiyalar tətbiq olunacağına inanırıq. Çünki bu ərköyünlüyə nə ölkə başçısı, nə də ki, baş prokuror razılaşa bilməz.”
 
Savash.org



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook