SON XƏBƏR

Göyçayda körpünü sel dağıtdı, yoxsa çınqıl mafiyası?

İyun 04
14:49 2018
Göyçay rayonunda iki gün əvvəl respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən strateji əhəmiyyətli körpünü selin uçurması çayın yatağındaillərdir fəaliyyət göstərən çınqıl  karxanaları ilə əlaqədardır. Bunu yerli sakinlər deyirlər. Onlar bildirirlər ki, dəfələrlə bu çınqıl karxanalarının körtəbii fəaliyyəti nəticəsində körpünün bilavasitə yaxınlığında çayın yatağı dərinləşib, nəticədə son günlər yağan güclü yağışlar zamanı yaranan sel körpünün dayaqlarını yuyub.

Məlumata görə, həmin ərazidə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, rayonun sabiq icra başçısı Mübariz Ağayevin və digər iş adamlarının, o cümlədən, ATF adlı şirkətin çınqıl karxanaları  fəaliyyət göstərib. Nəticədə çayın yatağının dərinliyi  30 metrə qədər artıb və  körpünün uçması qaçılmaz olub.

Ekspert deyir ki, cinayət işi qaldırılmalıdır...
 


Yol hərəkət üzrə ekspert Ərşad Hüseynov da özünün Facebook hesabında uçan körpü ətrafında çayın yatağına ciddi müdaxilələrin olduğunu yazıb. Ekspertin sözlərinə görə, strateji əhəmiyyətli körpünün adi mövsümi sel nəticəsində uçmasının səbəbləri mütləq cinayət işi çərçivəsində prokurorluq və digər orqanlar tərəfindən də araşdırılmalıdır.

"Bu təhqiqatın əsas hədəfi körpünün yaxınlığında çay yatağında qanunsuz fəaliyyətin, o cümlədən daş-çınqıl karxanalarının yaradılması olmalıdır. "Avtomobil yolları haqqında" Qanuna əsasən, körpülərdən hər iki istiqamətdə 1 kilometrlik zonada çay yatağında yol işlərindən kənar bütün işlər, xüsusən də çınqıl çıxarılması qadağandır. Göyçaydan gələn məlumatlara əsasən, uçan körpü ətrafında çay məcrasına ciddi müdaxilələr olub...”, - deyə ekspert bildirib.

Bəs çayda illərdir işləyən çınqıl zavodlarının körpünün yaxınlığında fəaliyyətlərinə niyə göz yumulub? Körpünün uçmasının qarşısını vaxtında almaq mümkün idimi?

Yoldaş Dövlətov nə deyir?
 


Göyçay RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin  müdiri  Ədalət Dövlətov virtualaz.org-a açıqlamasında körpünün uçmasının ərazidəki daş karxanaları ilə bağlı olduğunu inkar edib.

"İsmayıllı rayonuna yağan güclü yağışlar, qarın sürətlə əriməsi həddindən artıq güclü selə səbəb olub. Belə sel adətən 40-50 ildən bir müşahidə olunur. Körpü uçmayıb, körpünün dayaqlarını mühafizə edən yatağı yuyub. Körpüyə yanaşma zonası dağılıb. Bunu çınqıl karxanaları ilə əlaqələndirmək düzgün olmaz. Rayonda çınqıl karxanaları 2014-cü ildən fəaliyyətini dayandırıb”, - deyə İcra Hakimiyyətinin rəsmisi bildirib.

Avtomobil Yolları Dövlət Agentliyi bu haqda ilk dəfə eşidir
 


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə virtualaz.org-a açıqlamasında həmin ərazidə çınqıl çıxarılması ilə bağlı məlumlatlı olmadığını dedi.

"Körpünün uçması bilavasitə daşqınla bağlıdır. Sel suları nəticəsində körpü yuyulub, yanaşma yolunda çökmə olub. Orada çınqıl çıxarılması ilə körpünün uçması arasında birbaşa bağlılığın olub-olmadığını bilmirəm. Körpünün ətrafından çınqıl çıxarılması ilə bağlı məlumatım yoxdur”, - deyə A. Nəcəfli bildirib.

Xatırladaq ki, iyunun 2-də baş verən uçqun nəticəsində Göyçay rayonu ikiyə bölünüb, rayon mərkəzinin 30-dan çox kəndlə əlaqəsi kəsilib. Həmçinin, çayın sahillərində yerləşən evlərə ciddi ziyan dəyib, bir neçə evi su basıb, xeyli həyətyanı sahəni su yuyub aparıb. Çayın sahilində yerləşən ikimərtəbəli, 14 mənzilli bina da qəzalı vəziyyətə düşüb. Onlarla ailə təhlükə qarşısındadır.

Rayon sakinləri çayın yatağının çınqıl karxanalarının fəaliyyəti nəticəsində dərinləşməsi və körpüyə təhlükə yaranması ilə  əlaqədar əvvəllər müxtəlif orqanlara müraciət etsələr də, faydası olmayıb.

Daha əvvəl də Göyçay çayı üzərindəki körpüdə uçqun olub. Burada ilk avtomobil körpüsü 1947-ci ildə tikilib. 2002-ci ildə qəzalı vəziyyətə düşən körpüyə parallel olaraq 2003-cü ildə yeni körpü inşa edilib.  Amma həmin illərdə körpü inşa edilərkən çayın dərinliyi o ərazidə 4-5 metr olub, körpü də məhz həmin dərinliyə uyğun tikilib. İndi isə çay yatağının dərinliyi körpünün yerləşdiyi ərazidə 30 metrə çatır.
 
(Virtualaz.org)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook