SON XƏBƏR

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirildi

İyul 25
09:51 2017
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1530 nömrəli və 2017-ci il 21 iyul tarixli 1560 nömrəli Fərmanları ilə güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirildi.
 
Mənzil İnşaatı Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müvafiq qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və dövlət agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilərək, daha bir yeni kateqoriya əlavə olundu.
 
Belə ki, "ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs” adlı mövcud kateqoriya yeni redaksiyada, həmçinin "ən azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxsləri” də əhatə edəcək.
 
Bununla yanaşı, yeni – "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası da əlavə olundu. Hər iki kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.
 
Mənzil İnşaatı Dövlət Agentliyi yenilənmiş kateqoriyalara aid bütün vətəndaşların müraciətlərini qəbul etmək məqsədilə "Güzəştli mənzil” elektron sisteminin təkmilləşdirilməsi işini davam etdirir. "Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər” adlı yenilənmiş kateqoriyaya aid vətəndaşların müraciətlərinin qəbuluna artıq başlanılıb.
 
Müraciətlər "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə və ya Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət” mərkəzlərində, eləcə də Sumqayıt "ASAN xidmət” mərkəzində qəbul olunur.
 
"Güzəştli mənzil” elektron sistemində davam edən dəyişikliklər və müvafiq inteqrasiya işləri tamamlandıqdan sonra "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” adlı kateqoriyaya aid vətəndaşların da müraciətlərinin qəbulu başlayacaq. Müvafiq texniki işlər başa çatdırıldıqda "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyasına aid şəxslərin müraciətlərinin qəbulunun başlanma tarixi barədə əlavə məlumat veriləcək.
 
Hər iki yeni kateqoriyaya aid şəxslər müraciət edərək "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olduqda Mənzil İnşaatı Dövlət Agentliyinin bütün layihələri çərçivəsində inşa olunan güzəştli mənzillərin satışı zamanı artıq qeydiyyatdan keçmiş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook