SON XƏBƏR

Gürcüstanda qaz anbarının tikintisi üçün 3 aya tender elan olunacaq

Mart 27
20:07 2017
Gürcüstanda ilk yeraltı qaz anbarı layihəsinin mühəndislik və tikinti işləri üçün tenderin yaxın 3 ayda elan olunacağı ehtimal edilir.
 
"Report” "Caucasus Business Week”ə istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika nazirinin müavini Mariam Valişvili bildirib. O, tender planının hazırlanması üçün xarici məsləhətçinin cəlb edildiyini açıqlayıb: "Biz mühəndislik mərhələsini birləşdirmişik. Bu isə tikinti şirkətinin seçimində ilk və çox vacib mərhələdir. Bizim texniki məsləhətçimiz mühəndislik işlərinin dəqiq parametrlərinin hesablanması üçün texniki-iqtisadi əsaslandırma ilə yanaşı, geoloji struktur üçün əlavə araşdırmalar aparılmasının vacibliyini bildirib”.
 
Nazir müavini SOCAR-ın da layihəyə maraq göstərdiyini, lakin hələlik bu barədə müzakirə aparılmadığını bildirib.
 
Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da onun təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın "Jeostik” şirkəti hazırlayıb. Anbarda 210-280 mln. kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə Gürcüstanın istehlak etdiyi təbii qazın 15%-ni təşkil edəcək.
 
Yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək.
 
Gürcüstanın energetika naziri Kaxa Kaladze bir neçə ay öncə jurnalistlərə açıqlamasında anbarın tikintisinə 2017-ci ilin sonunda başlanacağını və işlərin 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində başa çatdırılmasının nəzərdə tutulduğunu bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook