SON XƏBƏR

Gürcü investorlar Azərbaycana niyə yatırım qoymurlar?

Mart 15
00:05 2018
Rəşad Həsənov: "Problemlər aradan qalxarsa, gürcü şirkətlərini ölkədə görə bilərik”
 
"2017-ci ildə Gürcüstana 482,1 mln. dollar investisiya yatıran Azərbaycan xarici investisiyaların həcminə görə lider ölkə olub”.  APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Yekaterina Mikabadze deyib. O bildirib ki, ötən il ölkə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr sırasında Türkiyə 279 milyon dollarla ikinci, Böyük Britaniya isə 250,4 milyon dollarla üçüncü yeri tutub.
 
Gürcüstana ən çox investisiyanın Azərbaycan tərəfindən qoyulmasına baxmayaraq, ölkəmizdə gürcü şirkətləri demək olar ki, yox səviyyəsindədir. Ekspertlər artıq Azərbaycanın bu istiqamətdə addımlar atmaq zamanının yetişdiyini bildirirlər.
 
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, Azərbaycanla Gürcüstan arasındakı yaxın münasibətlər investisiya qoyuluşunda əsas rol oynayır: "Gürcüstan Azərbaycanla regionda ən sıx iqtisadi əlaqələr qurmuş qonşu ölkədir. Azərbaycan Gürcüstan üzərindən öz neft və qazını dünya bazarlarına çıxarır. Azərbaycanın Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Supsa kimi neft və qaz kəmərləri, keçən ilin sonlarında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan üzərindən keçir. Bu qədər nəhəng regional layihələrin reallaşdırılması iki ölkə arasındakı qarşılıqlı əlaqələrin hansı səviyyədə olmasından xəbər verir. Bu gün Azərbaycan Gürcüstan üçün əsas investor və kreditor ölkələrdən biridir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir. 2016-cı ildə iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollara yaxın olub. Azərbaycanlı iş adamları da Gürcüstana yatırımlar etməkdə maraqlıdırlar. Bu marağı təmin edən əsas şərtlərdən biri də, iki ölkə arasında olan siyasi və iqtisadi əlaqələrin kifayət qədər inkişaf etməsidir.
 
Bu gün Gürcüstanın enerji təchizatında Azərbaycanın rolu kifayət qədər yüksəkdir. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi və bu yolun dairəvi bir yola çevrilməsinə dair Gürcüstanla İran dövləti arasında saziş imzalanması yaxın gələcəkdə BTQ dəmir yolunun əhəmiyyətini kifayət qədər artıracaqdır. Bu yol vasitəsilə şərqlə cənubun qərblə birləşdirilməsi çox da uzaq olmayan bir perspektivdə Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə daha böyük həcmdə yüklərin daşınmasına və bununla da hər iki dövlətin xəzinəsinə daha çox valyuta daxil olmasına imkan verəcəkdir. Bu gün Azərbaycanın Gürcüstan üzərindən reallaşdırdığı bu transmilli layihələrin heç birində torpaqlarımızı işğal edib düşmən mövqedə dayanan Ermənistanın iştirakı yoxdur. Daha doğrusu, Azərbaycan məqsədyönlü şəkildə Ermənistanın regionda reallaşdırılan bu tip layihələrdə iştirakdan məhrum edib. Bu isə büdcəsi cəmisi bir neçə milyard dollar olan bir ölkə üçün milyardlarla dollar qazanc mənbələrinin itirməsi deməkdir. Ermənistanda sağlam düşünməyi bacaran siyasilər bunun fərqindədilər və bu barədə açıq danışırlar. Cinayətkar Sərkisyan rejimi isə bütün bunlara öz xalqını aldatmaqla cavab verir. Onlar bu illər ərzində Ermənistana nəfəs verəcək, onu blokadadan qurtara biləcək müxtəlif layihələri ortaya atıb müzakirə predmetinə çevirsələr də reallıqda bu layihələrin heç birinin Azərbaycanın razılığı və iştirakı olmadan reallaşdırılmasının mümkün olmadığını çox yaxşı başa düşürlər. Azərbaycan Gürcüstan iqtisadi və siyasi əlaqələrinin bundan sonrakı dönəmlərdə də inkişaf edəcəyi şübhəsizdir”.
 
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, investisiya yatırımı dövlətlərarası razılıq sazişi, qarışıqlı öhdəlik deyil:"İnvestisiyanın axınını hərəkətləndirən biznes mühitidir. Son ildə Gürcüstanda bu mühit kifayət qədər inkişaf edib. Bu da Azərbaycandan Gürcüstana investisiya axınını şərtləndirən əsas faktor hesab olunur. O faktı da unutmaq olmaz ki, son 10 ildə Gürcüstanda vergi yükü təxminən 25%ə yaxın azalıb. 2005-ci ildə bu 28% idisə, hazırda 16%-ə qədər azalıb. Bu isə biznesmenlərin marağını artıran əsas amillərdən biridir. Digər tərəfdən, dövlət səviyyəsində müəyyən investisiyaların yatırılması da həyata keçirilir. Məsələn, SOCAR-ın Gürcüstanda iri investisiya layihələri vardır. Bu SOCAR-ın genişlənmə siyasətinin tərkib hissəsidir. Düşünürəm ki, ümumi investisiyanın həcmində bu məqam da öz təsdiqini göstərir. Üçüncü, Azərbaycanda biznes mühiti gözlənildiyi qədər liberal deyil. Burada çətinliklər, kənar müdaxilələr var. Bu da ölkədən investisiyanın axınını şərtləndirən amillərdəndir. Coğrafi olaraq, Azərbaycana yaxın ölkələrdən biri Gürcüstandır. Digər şərtlər də bu prosesə dəstək verir. Nəticədə investorlar da investisiya olaraq, Gürcüstanı müəyyənləşdirirlər və bu ölkəyə yatırımlar edirlər. Təkcə burada Gürcüstan deyil, digər ölkələrə-Türkiyəyə, Rusiyaya, Ukraynaya və başqa Avropa ölkələrinə kifayət qədər investisiya axını var.  Azərbaycana investisiya axınının qarşısını alan əsas amillər qanunvericiliyin icra mexanizmlərinin təşkil olunmaması, gözlənildiyi səviyyədə liberal olmaması, maneələrin olması, məhkəmə sistemində olan problemlər, məmur biznesinin inkişaf etməsi, vergilərdə neqativ hallardır. Sadaladığımız bu faktlar xarici investisiyanın ölkəyə axınını ciddi əngəlləyir. Əgər qeyd olunan problemlər aradan qalxarsa, gürcü şirkətlərini ölkədə görə bilərik. Hər hansı bir təzyiq mexanizmləri ilə gürcüstanlıların Azərbaycana investisiya yatırmalarını təmin etmək mümkün olan iş deyil”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook