SON XƏBƏR

Güneylilər “Azərbaycan” şeirini söyləyən urmiyalı deputatdan danışdı

Fevral 21
15:49 2017
Bu günlərdə Urmiya şəhərinin deputatı Hadi Bahadurinin İran parlamentində Azərbaycan milli geyimində çıxış etməsi ölkəmizdə də böyük maraqla qarşılanıb.
 
Qeyd edək ki, deputat öz çıxışında Cənubi Azərbaycan məktəblərində təhsilin ana dilində aparılmasını tələb edib.O, həmçinin İran dövlət televiziyasında Azərbaycan türkcəsində ilk milli televiziya kanalının yaradılması təklifi ilə çıxış edib: "Biz Azərbaycan xalqı olaraq kimliyimiz, tariximiz və mədəniyyətimizi təhqir edənlərə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik”.
 
Deputatın milli geyimdə vətənpərvərlik ruhunda çıxışı və bu çıxışın sonunu şair Səməd Vurğunun məşhur "Azərbaycan” şeirindən bir bənd söyləməklə bitirməsi isə xüsusi olaraq rəğbət qazanıb. Bununla bağlı kiçik video qısa zaman ərzində yerli mətbuatda və sosial şəbəkələrdə geniş yayılıb, geniş müzakirələrə səbəb olub.
 
"Soydaşımızın İran parlamentindəki çıxışı gözlənilən idi”. Bu sözləri Bütöv Azərbaycan Bilriyinin(BAB) sədri Aqil Səmədbəyli"Yeni Müsavat”aaçıqlamasında mövzunu şərh edərkən bildirib. BAB sədri qeyd edib ki, mövcud durumu milli iradənin gücü ilə həll etmək olar:
 
"Dünyada başqa bir dövlət yoxdur ki, əhalisinin 55 faizini təşkil etdiyi halda dilində təhsil hüququ olmasın. Yalnız son zamanlar İran fars molla rejimi məcburi olaraq soydaşlarımızı bir azca rahatlamaq üçün bir-iki universitetdə türk dili bölümü açıblar. Ancaq ordakı təhsil yetərsizdir. İran konstitusiyasının 15 və 19-cu maddələri milli azlıqlara aiddir. Azərbaycanlılar isə İranda milli çoxluq təşkil edir. Ona görə də əslində bizim İrandakı durumumuz çox maraqlıdır. Bu vəziyyəti İran konstitusiya qanunları ilə deyil, milli iradənin gücü ilə həll etmək olar. 
 
Bütöv Azərbaycan Ocaqlarının (BAO) sədri Zahir Əlisoy isə qeyd edib ki, bütün hallarda deputatın bu cür çıxışı müsbət haldır:
 
"Deputatın milli mövqedən çıxış etməsi və bu kimi məsələlər artıq təbii bir prosesə çevrilib. Bildiyiniz kimi indi İranda indi sökülmə prosesi gedir, ərəblərin ayağa qalxması, üsyan etməsi və sairə buna misaldır. İran dövlət olaraq ideoloji prinsipləri, hədəfləri çürüməyə başlayıb və buna görə də hər bir xalq öz haqqı uğrunda artıq savaşa başlayıb. Kim əgər indiki İran siyasətində uğur qazanmaq istəyirsə hər hansı bir din xadimindən sitat gətirmir. Artıq siyasətçilər öz xalqının, millətinin haqlarını tələb etməklə, milli mövqedən çıxış edərək, demokratik prinsipləri önə çıxartmaqla gündəmə gəlməyə çalışırlar, o cümlədən də azərbaycanlı deputatlar. Bütün hallarda çox müsbət haldır və bir daha İranın çöküşünə sübutdur. Hesab edirəm ki, urmiyalı deputatın çıxışı təbii prosesdir. İranın mərkəzi hakimiyyəti zəiflədikcə bu cür hallar daha da artacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook