SON XƏBƏR

“Güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır” (RƏYLƏR)

İyun 26
11:33 2019
"Prezident İlham Əliyevin güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır. Bu, ölkədə keçirilən islahatların davamıdır”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

O bildirib ki, dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə islahatlar həyata keçirilir: "Dünya, Azərbaycan cəmiyyəti inkişaf edir, islahatlara ciddi ehtiyac duyulur. Buraya kadr islahatları da daxildir. Prezidentin bir neçə gün öncə təyin etdiyi kadrlar çox uğurludurlar. O insanların hər biri – Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev, Əli Nağıyev Azərbaycan cəmiyyətində kifayət qədər nüfuza malik şəxslərdirlər. Bu insanlar fəaliyyətlərində ləyaqətlə ad qazanıblar, uğurlu kadr kimi tanınıblar”.

Deputat islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb: "Hesab edirəm ki, belə addımların atılması vacib idi, ona görə də düşünürəm ki, bu cür işlər davamlı həyata keçirilməlidir. Bunlar dövlətçiliyə töhfə verən işlərdir”.

Ekspert-kriminalist Mahmud Hacıyev "Report”a açıqlamasında kadr islahatlarını müsbət qiymətləndirdiyini qeyd edib.

Onun sözlərinə, Vilayət Eyvazovun Daxili İşlər naziri, Əli Nağıyevin isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunması müsbət haldır: "Bu insanlar işi bilirlər, həmin sahənin insanlarıdır. Bu vəzifələrə digər sahələrdən təyinatlar olsaydı, fəsadları ola bilərdi, başqa sahənin adamı uyğunlaşana, iş üslübuna adaptasiya olunana qədər müəyyən fəsadlar üzə çıxır. Xatırlayırsınızsa, bir müddət əvvəl bir qrup polis əməkdaşı Milli Təhlükəsizlik Nazirliyinə getdi, həmin şəxslər polis sistemində də yaxşı işçi hesab olunmurdular. Gördünüz, hansı fəsadları üzə çıxdı…Ona görə də düşünürəm ki, bu kadr dəyişikliyi yerində atılan addımdır”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 20-də kadr dəyişiklikləri ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Belə ki, Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Daxili İşlər naziri vəzifəsinə isə Vilayət Eyvazov təyin edilib. Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad olunaraq Müdafiə Sənayesi naziri vəzifəsinə təyin edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə isə Əli Nağıyev təyin olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook