SON XƏBƏR

"GÜNEL BOĞULANDA ORDA İDİM..." - Deputatın oğlundan etiraf

Noyabr 21
13:23 2017
Deputat Elmira Axundovanın oğlu Həbib Axundov model Günel Mirzəyevanın ona məxsus olan yaxtada boğulmasına münasibət bildirib.
 
Qlobal.Az xəbər verir ki, "Qafqazinfo”ya daxil olan açıqlamada deputatın oğlu hadisənin təfərrüatlarını danışıb:
 
"... 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm.
 
... Demək olar ki, 4 gün boğulmuş qızın meyitini axtardıq. Və bu müddət ərzində Günelin valideynləri və bacıları ilə birgə sahildə olduq. Bu gün də onların yanındayıq. Dostumuzun faciəli ölümündən yaxınları qədər biz də təsirlənmişik. Bu dərd, bu yara ölənə qədər qəlbimizdə qalacaq...
 
Əlbəttə ki, Günelin ölümü ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılıb. Gizlətməli heç nə olmadığından hadisəni təbii ki, olduğu kimi danışdıq. Hərtərəfli araşdırmadan sonra bu, bədbəxt hadisə kimi qiymətləndirildi və cinayət tərkibi olmadığından işə xitam verildi.
 
Faciənin ilk günü sahildə olan söhbətlərə gizli-gizli qulaq asan və oğrun baxan yad insanları gördük. Daha sonra həmin insanlar Günelin valideynlərilə yaşadığı evin qarşısında da peyda oldular. Dəfn zamanı isə qəbiristanlıqda şəkillərimi çəkməyə cəhd etdilər. Başa düşdüm ki, bu, 5 ildir mənə və anama – Milli Məclisin deputatı
 
Elmira Axundovaya qarşı mətbuat, xüsusilə də internet-saytlarda sifarişli məqalələri təşkil edən düşmənimin işidir.
 


Elmira Axundova

 
Bütün bunlar mənə və ailəmə qarşı yeni kampaniyanın başlanmasına səbəb oldu. Və bu hadisədə ən xoşagəlməz məqam – bəzi saytların ucuz sensasiya dalınca qaçaraq, bütün əxlaqi normaları unudaraq mərhumun adının ləkələməsi, şəxsi şəkil və videolarını dərc etməsi, bununla da Günelin ailəsi və yaxınlarına yeni əzablar vermələridir. Günelin ailəsi bütün bunlardan məndən də artıq hiddətlənib və bildiyim qədər hüquq-mühafizə orqanlarına müvafiq müraciət ünvanlayıblar.
 
Sual olunur: əgər düşmənlərimin mənə qarşı hansısa etirazı varsa, o zaman nə üçün öz haqlılıqlarını sübuta yetirmələri üçün məhkəməyə müraciət etmirlər? Nə üçün çirkin kampaniyalar aparmaları üçün mətbuata müraciət etməsini üstün tuturlar? Və bütün bunlara mərhum Günel Mirzəyevanın nə aiddiyyatı var? Cavab aydındır: bu insanlar üçün müqəddəs heç nə yoxdur və onlar bütün əxlaqi dəyər və qadağaları tapdalayaraq öz istəklərinə nail olmağa çalışırlar.
 
Fövqəladə Hallar Nazirliyinin cavablarına gəldikdə isə, bütün bunlar həqiqətən də saxtalaşdırılıb. Vəkillərimizin sorğusundan sonra Nazirliyin rəsmi cavabını aldıq: "17 oktyabr 2017-ci il tarixdə "Criminal.az” saytının baş redaktoru Anar Şahin oğlu Məmmədov tərəfindən Günel Rəşid qızı Mirzəyevanın ölümü ilə bağlı bədbəxt hadisə barədə informasiya sorğusu verilmişdir. 
 
30 oktyabr 2017-ci il tarixdə informasiya sorğusunda verilən suallardan biri cavablandırılmış, digər suallarla bağlı məlumatın nazirlikdə olmaması barədə ərizəçiyə cavab verilmişdir. Cavaba məktubunun surəti əlavə olunur”.
 
Cavab nazirliyin Sənədlərlə və Vətəndaşların Müraciəti ilə İş İdarəsinin rəisi Mehriban Səadətxan tərəfindən imzalanıb. Beləliklə də fərziyyələrimiz tamamilə öz təsdiqini tapdı...

Mənə gəldikdə isə, adi insanam, məndən hansısa bədheybət və ya avara düzəltmək lazım deyil. Gənc yaşlarımdan bizneslə məşğulam, zəhmətkeş insan kimi səhərdən-axşamadək çalışıram. 31 yaşım olduğuna baxmayaraq, artıq həyatda nələrəsə nail ola bilmişəm. Bu gün müxtəlif illərdə 100-ə qədər insanın çalışdığı kollektivə rəhbərlik edirəm. Vicdanla işləyərək, vaxtı-vaxtında vergi də ödəyirəm.
 
Bir sözlə, biznesimlə istər ətrafımdakı insanlara, istərsə də dövlətimə xeyir gətirirəm. Asudə vaxtlarımda idmanla məşğulam, ekstremal idman növlərini sevirəm. Mətbuatda yazıldığı kimi, xarici banklarda hesabım, digər ölkələrdə villalarım, bahalı maşınlarım yoxdur. Hətta yol hərəkəti qaydalarına da riayət edirəm. Hər-halda Dövlət Yol Polisi İdarəsi bir dəfə də olsun məni cərimələməyib.
 
Mən ailəmi, Azərbaycanımı və Prezidentimi çox sevirəm. İnanın bu, gurultulu sözlər deyil. Kədərli haldır ki, həyatda uğur qazana bilməyən, öz taleyindən narazı olan bu cür nakam insanlar mətbuat vasitəsilə məni, dövlət qarşısında böyük xidmətləri olan anamı və bütün ailəmi ləkələməyə çalışırlar. Belə olan halda soruşmaq istəyirəm: "Mühakim kimdir?”
 
Criminal.az saytının saxtakaqlığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik. Fürsətdən istifadə edərək Baş Prokurorluğun Criminal.az saytı tərəfindən FHN-in cavablarının saxtalaşdırılması faktını araşdırmasını və günahkarların məsuliyyətə cəlb olunmasını bir daha xahiş edirəm. Həmçinin mənə və mərhum Günel Mirzəyevaya qarşı çirkin kampaniyaya son qoyulması üçün Azərbaycan mətbuatına da müraciət edirəm”.
 

 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook