SON XƏBƏR

Generalın otel qalmaqalı böyüyür: “O dələduz polisdi, həm də SOCAR-da işləyir”

Mart 25
11:10 2017
Xəbər verdiyimiz kimi, iş icraçısı Pərviz Zahidov BakiPost.az-a müraciət edərək, Milli Təhlükəsizlik Nazirliyinin Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəis müavini, general-mayor Hafiz Musayevin onlara olan borcunu ödəmədiyini bildirib. Şikayətçi deyib ki, generala məxsus, Bakının mərkəzində - "Ağ Şəhər”də ("Amay”la üzbəüz) yerləşən "Co. Plaza” adlı oteldə gördükləri təmir işlərinə görə onlara verilməli olan pulu tam şəkildə ala bilməyiblər. "İşimiz müqabilində 170 min manat almışıq. Onun bizə 20 min 300 manat bir, 10 min manat da bir borcu qalıb. Lakin həmin pulu ödəmək istəmir” – deyə, P.Zahidov bildirib. 
 
General Hafiz Musayev isə ittihamlarla bağlı saytımıza bildirib ki, adıçəkilən otel ona deyil, qardaşı Yaşar Musayevə məxsusdur.
 
Bundan sonra əməkdaşımız Y.Musayevlə əlaqə saxlayıb. Sahibkar qarşı tərəfi dələduzluqda və şantajda ittiham edib, onlara heç bir borcu olmadığını sübut edən sənədləri təqdim edib. 
 
Y.Musayev bildirib ki, şikayətçi Pərviz Zahidov Cavanşir Vəliyev adlı polis əməkdaşı ilə birlikdə onlara qarşı dələduzluq edib: "Həmin Cavanşir Vəliyev polis əməkdaşı olmaqla yanaşı, həm də SOCAR-ın mühafizə xidmətində işləyir. Eyni zamanda o, özünü SOCAR rəhbərlərinin şəxsi işlərini görən adam kimi təqdim edir. 
 
Həmin şəxs əvvəl bizim ofis kimi istifadə etdiyimiz tikiliyə gələrək, bizi bir iranlı bir iş adamı ilə tanış elədi və bildirdi ki, bu bizim obyekti təmir edib, otel kimi istifadə etmək istəyir. Əlavə etdi ki, iranlı iş adamı bu işi görərək, oteldə payçı olmaq istəyir. Biz bu təkliflə razılaşdıq və onunla müqavilə bağladıq. Sonra bu Pərvizgil işləri görməyə başladılar. İşləri görəndən sonra həmin iş adamı yoxa çıxdı. Sonradan məlum oldu ki, bunların hamısı Pərvizgilin qurması imiş ki, kimisə göstərib, burada işə başlasınlar. Bununla da bizdən pul qazansınlar. Amma buna baxmayaraq, görülən işlərə görə razılaşdırılmış məbləğin hamısı onlara ödənilib”. 
 
Yaşar Musayev bildirib ki, görüləcək işlərlə və onlara ödənilən məbləğlə bağlı onların arasında müqavilə də imzalanıb: "Müqavilədə qarşı tərəf öz imzası ilə təsdiq edir ki, "gördüyümüz işlərə görə 148 min manat pulu tam olaraq hissə-hissə aldım, "Günəş” MMC-yə qarşı heç bir tələbim və iddiam yoxdur, gələcəkdə də pul vəsaiti ilə bağlı heç bir iddia və tələbim olmayacaq”. Aramızda məhz bu məzmunda sənəd imzalanıb”. 
 
Otel sahibi vurğulayıb ki, bundan başqa onların hansı işləri gördüklərinə dair də əllərində sənədlər var: "Həmin sənədləri sizə təqdim edirik. Baxın görün bizim onlara borcumuz varmı? Onlar dələduz insanlardır. Hər dəfə gəlib müxtəlif bəhanələrlə bizdən pul almaq, şantaj eləmək istəyirlər. Mənim qardaşımın vaxtilə MTN-də işləməsinin bu işə nə dəxili var? Bu məsələni gündəmə gətirməklə, mənim obyektimi qardaşımın adına çıxarmaqla, onlar şantaj yolunu seçiblər. Həmin Pərviz Zahidov bir çox yerlərdə - Sumqayıtda, Gəncədə işlədiyi yerlərdən məhz bu cür dələduzluqlar etdiyi üçün qovulub”. 
 
Yaşar Musayev onu da qeyd edib ki, məsələ ilə bağlı artıq Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət hazırlayıblar: "Əgər bu şantaj yolunu davam etdirsələr, kimlərinsə adından istifadə etməyə davam etsələr, biz həmin adamla bağlı rəsmi müraciət edib, cəzalanmasını tələb edəcəyik”. 
 
Otel sahibi əlavə edib ki, əslində, Pərviz Zahidov və digərlərinin onlara 60 min manat borcu var: "Gördüyü işlər müqabilində sonradan məlum olub ki, nəinki biz ona, hətta o bizə 60 min manat borcludur. Məsələ rəsmiyyətə düşsə həmin 60 min manatın geri qaytarılmasını tələb edəcəyik. Pərvizin ayrı-ayrı vəzifəli şəxslərin adından milyardlarla bağlı etdiyi söhbətləri yadına salmaq istəyirəm. O yaxşı bilir mən hansı sənəddən danışıram…
Onun şantajı bizə keçməyəcək”.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook