SON XƏBƏR

General Yaşar Aydəmirov cəbhə bölgəsindəki hansı rayona icra başçısı göndəriləcək?- İDDİA

Dekabr 17
01:06 2016
Parlamentin dekabrın 16-da keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov ehtiyatda olan generalların cəbhə bölgələrindəki rayonlara icra başçısı təyin edilməsini təklif edib.
 
Çıxışını bütünlüklə ölkənin hərbi durumuna yönəldən Siyavuş Novruzov bildirib ki, Azərbaycan hər an müharibənin alovlanmasına hazır olmalıdır. Deputat daha sonra ölkə mediasında ordu ilə bağlı tirajlanan yazılara da ciddi nəzarət olunmasına çağırıb: "Düzdür, hazırda buna nəzarət var, amma bəzi xaricdən idarə olunan media orqanları məlumatlar yayırlar. Bunun qarşısı alınmalıdır. Müharibə şəraitində olan ölkədə ordu ilə bağlı xəbərlər yalnız Müdafiə Nazirliyinin yaydığı kimi olmalıdır. Digər tərəfdən isə ehtiyatda olan generalların cəbhə bölgələrindəki rayonlara icra başçısı təyin edilməsini təklif edirəm. Vaxtilə ulu öndər Heydər Əliyev ehtiyatda olan generalları icra başçısı təyin edirdi. Məhz cəbhə bölgəsi və yaxud müharibə gedən rayonlarda belə təyinatlar olurdu. İndi də bizim ehtiyatda olan, dövlətinə sadiq xeyli generalımız var. Bu praktikanı yenidən tətbiq etməliyik”.
 
Millət vəkilinin səsləndirdiyi cəbhə bölgələrində yerləşən rayonların icra başçılarının ehtiyatda olan generallarla əvəzlənməsi təklifi ilə bağlı Qlobal.az ilginc məlumat əldə edib. Məlumata görə, Siyavuş Novruzovun səsləndirdiyi təklifin perspektivləri bir müddətdir ki, hakimiyyət kluarlarında ciddi müzakirə olunur. Deputatın təklifi parlamentin tribunasından səsləndirməsi isə bu ideyanın tezliklə gerçəkləşəcəyini xəbər verir. 
 
Saytımızın əldə etdiyi məlumata görə isə icra başçısı göndəriləcək generallardan biri böyük ehtimalla general-leytenant Yaşar Aydəmirov olacaq. 
 
Qeyd edək ki, Yaşar Aydəmirov uzun müddət cəbhədə yerləşən ordu birləşməsinə komandanlıq edib. Ölkənin generaliteti və siyasətçiləri ilə sıx münasibətləri var. Siyasi hakimiyyətin general Yaşar Aydəmirova münasibəti pozitiv hesab olunur. Həmçinin general Yaşar Aydəmirovun mediada və vaxitlə xidmət etdiyi cəbhəyanı zonada yaşayan insanlar arasında müsbət reputasiyası olduğu deyilir. 
 
Xatırladaq ki, Yaşar Aydəmirov 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant ali hərbi rütbəsi verilmişdir. 
 
Onun Füzuli rayonuna icra başçısı göndəriləcəyi ehtimal olunur.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook