SON XƏBƏR

General Mövlam Şıxəliyev məhkəməyə gəldi və Eldar Mahmudovu müdafiə etdi: "Mən Allaha da "sən" deyirəm"

Fevral 23
18:55 2017
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Musavat.com xəbər verir ki, sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.
 
Prosesdə iş adamı Elşən Mədətovun epizodu üzrə şahid qismində Hikmət Şükürov ifadə verib.
 
Məlumat üçün bildirək ki, Elşən Mədətov MTN-ə çağırılıb və həbs etməklə hədə-qorxu gəliblər. Mədətov şikayətində deyir ki, ondan 250 min dollar alıblar.
Şahid Hikmət Şükürov bildirib ki, 2008-ci ildə Elşən Mədətovun Şirvan şəhərində olan restoranını və Sabirabad rayonunun Həşimxanlı kəndində olan un dəyirmanını alıb.
 
Onun sözlərinə görə, restorana 80 min, un dəyirmanına isə 20 min manat ödəyib.
 
Həmin ərəfədə Elşən Mədətovun MTN tərəfindən incidildiyini, ondan pul tələb olunduğu barədə məlumatlı olduğunu söyləyən şahid sonradan bu barədə heç nə eşitmədiyini deyib.
 
Məhkəmə prosesinə həbsdə olan "Texnikabank" ASC-nin Bakı filialın sabiq rəhbəri Zal Yusifov gətirilib.
 
O, ifadəsində bildirib ki, bu cinayət işi üzrə həm özü, həm oğlu İslam, həm də qardaşı Camal təqsirləndirilən şəxs qismində cəlb olunublar: "Vüsal Ələkbərov mənə dedi ki, özün 15, oğlun isə 8 il cəza verdirəcəm. Hökm elan olunanda Vüsal Ələkbərovun dediyi kimi də oldu".
 
Zal Yusifovun sözlərinə görə, zərərçəkmiş Nuzami Kazımov kürəkəni Samir Əbdülqasımovun adına banka 1 milyon 200 min manat depozit qoyub: "Hər ayda bankdan faizini alıb. Mən həbs olunandan sonra təcridxanada olduğum zaman dedilər ki, Nizmi Kazımov və Hüseyn Səfərovla üzləşdirmə olacaq. Fikirləşdim ki, bank işi ilə bağlıdır. Onların saxlandığı otağa gedəndə hər ikisinin qollarında qandal olduğunu gördüm. Dedim ki, bu nə məsələdir? Dedilər həbs ediliblər. Vüsal Ələkbərov dedi ki, bankda baş verən qanunsuzluqla bağlı bunların da xəbəri olub. Başa düşdüm ki, Nizami Kazımov bankdan pulunu tələb etdiyi üçün həbs edilib".
 
Bir günün içində Nizami Kazımovun bankda olan pulunun yoxa çıxdığını deyən Z.Yusif pulu kimin götürdüyünü bilmədiyini söyləyib.
 
"Vüsal Ələkbərov mənə dedi ki, Hüseyn Səfərovla Nizami Kazımovun hər biri 2 milyon dollar verib çılıblar. Məndən də 2 milyon istədi. Həmin vaxt Vüsal Ələkbərovla razılşmadım".
 
Zal Yusifov deyib ki, oğlu İslamı istintaq dövründə zaminə buraxılması üçün 300 min dollar ödəyib.
 
Zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, Vüsal Ələkbərov Zal Yusifovdan onların əleyhinə zorla ifadə alıb.
 
Zərərçəkmiş Nizami Kazımov isə qeyd edib ki, bankın balansında olan 38 milyon manat depozit bir günün içində silinib.
 
Zal Yusifov bildirib ki, Dövlət Sərhəd Xidmətinin bankda olan vəsaiti sonradan ödənilib.

Həbsdə olan MTN zabiti Vüsal Ələkbərov isə qeyd edib ki, istintaq zamanı Zal Yusifova vətəndaşlara dəymiş ziyanın ödənilməsini təklif edib: "Təklif etdim ki, camaatın pulu ödənilsə, həbs qərarı dəyişdirilə bilər. Çünki həmin ərəfədə pulları batan vətəndaşlar mitinq etmək istəyirdilər, bizdə onların sakitləşməsi üçün dəymiş ziyanın ödənilməsi məsələsini qaldırmışdıq".
 
Daha sonra prosesdə ləğv edilmiş MTN-nin İstintaq baş idarəsinin rəisi, general Mövlam Şıxəliyev ifadə verib.
 
Qeyd edək ki, general Şıxəliyev bir neçə prosesdə məhkəmənin çağırışına məhəl qoymurdu. O, telefonlarını söndürərək yoxa çıxmışdı.
 
General Şıxəliyev deyib ki, Vüsal Ələkbərov MTN-nin peşəkar əmakdaşlarından olub.
 
Onun sözlərinə görə, 2008-ci ildən Vüsal Ələkbərovun barəsində böhtan xarakterli kampaniya aparılıb.
 
"Bu böhtanı atanların istintaqını 2008-ci ildə Vüsal Ələkbərov aparıb. Həmin şəxslər "Texnikabank”a qarşı iddia qalıdırblar, pullarının qaytarılmasını istəyiblər. Lakin məhkəmə onların iddialarını təmin etməyib. Pulların Zal Yusifov tərəfindən mənimsənilməsi sübuta yetirilib. İndi pulları da Zal Yusifov qaytarmalıdır. Mən hesab etmirəm ki, Vüsal Ələkbərov kimdənsə rüşvət alsın”- deyə Şıxəliyev keçmiş işçisini müdafiə edərkən deyib.

Mövlam Şıxəliyev əlavə edib ki, zərərçəkmişlərdən Nizami Kazımovu tanıyıb. Onun sözlərinə görə, Nizami Kazımovun adı "Texnikabank” işində keçib: "Buna görə də Nizami Kazımov məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində həbs qərarı dəyişdirilib və o ev dustağına buraxılıb. Nizami Kazımovla MTN-də görüşməyimi xatırlamıram. Onunla heç vaxt görüşməmişəm, pul söhbəti etməmişəm. Elə rəis olmamamışam ki, təqsirləndirilən şəxslə pul alış-verişi edim. Vüsal Ələkbərovun da Nizami Kazımovla söhbətini eşitməmişəm”.
 
Mövlam Şıxəliyev iş adamı Hüseyn Səfərovdan pul alması barədə deyilənlərin də yalan olduğunu söyləyib.
 
Mövlam Şıxəliyev qeyd edib ki, zərərçəkmiş Bahəddin Sultanovu isə ümumiyyətlə tanımır.
 
Mövlam Şıxəliyev ifadə verərkən zərərçəkmiş iş adamı Namil Rzayev məhkəmədən söz istəyib və generalın çıxışına arayış verib.
 
N.Rzayev deyib: "Mən buna söz deməyə xəcalət çəkirəm. Amma bunlar mənim evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam. Mövlan mənə dedi ki, "şefin göstərişi var, həbs edilməlisən". Mən Eldar Mahmudovu "Oboxees” işləyəndən tanımışam. Mövlan əvvəl 1 milyon, sonra 700 min, daha sonra isə 500 min dollar istədi. Bu pulun 200 min dollarını Mövlana, 300 min dollarını isə Vüsala vermişəm”.
 
Mövlan Şıxəliyev usə Eldar Mahmudovu müdafiə edərək ondan göstəriş almadığınə qeyd edib.
 
Zərərçəkmiş Nizami Kazımovla general Şıxəlyev arasında mübahisə düşüb. Bu zaman Kazımov generala "siz" deyə müraciət edib.
 
Mövlan Şıxəliyevin isə "sən”deyə müraciət etməsi hakimi qəzəbləndirib və generala xəbərdarlıq edib: "Mən sizin aranızda olan söhbəti dinləyirəm. Nizami Kazımov sizə "siz” deyə müraciət edir. Amma siz burada ona "sən” deyə müraciət edirsiz. Burada hamının bərabər hüququ var. Siz burada idarə rəisi, general yox, şahid kimi danışırsız”.
 
Mövlam Şıxəliyev isə hakimin xəbərdarlığına belə cavab verib: "Mən Allaha da "sən” deyə müraciət edirəm. Mən heç kimdən pul almamışam, heç kimə də qaytarmağa pulum yoxdur”.
 
Zərərçəkmişlərin hamısı Mövlam Şıxəliyevin yalan danışdığını və bu olanlardan Eldar Mahmudovun da xəbrdar olduğunu deyiblər.
 
General isə yenə də sabiq nazirini müdafiə edib: "Nazirdən hər hansı bir göstəriş almamışam".
 
Zərərçəkmişlər Mövlam Şıxəliyevin 5 milyon manatlıq bağ evinin olduğunu, həmin mülki necə aldığını məhkəmədə sual ediblər.
 
General da deyilənləri təkzib etməyib və bildirib ki, işindən əlavə bizneslə məşğul olub və özünə mülk alıb.
 
Növbəti məhkəmə prosesi fevralın 28-də davam edəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook