SON XƏBƏR

General Arzu Rəhimov belə bitirilir: Ziya Məmmədovun adamı hücumda

Yanvar 22
20:01 2017
Son zamanlar medianın kəskin tənqid hədəfi olan qurumlardan biri olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Müdafiə Nazirliyinə birləşdiriləcəyi ilə bağlı çeşidli məlumatlar yayılmaqdadır.
 
Qlobal.az AzToday.az-a istinadən xəbər verir ki, Arzu Rəhimovun rəis olduğu qurumun Müdafiə Nazirliyinə birləşdirilməsi ilə bağlı məlumatlar elə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mediaya sızdırılır. Məqsəd Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki neqativ halları geniş şəkildə ictimailəşdirmək və bütün günahların səbəbkarı kimi general Arzu Rəhimovu göstərərək onun vəzifəsindən uzaqlaşdırmağa nail olmaqdır. 

Qeyd edək ki, hakimiyyətdaxili klanlar arasında da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ələ keçirmək üçün mübarizə gedir. Məhz bu mübarizənin fonunda Arzu Rəhimovun başçılıq etdiyi qurumdakı cinayətlər mətbuatda geniş tirajlandırılır. 
 
Məlumata görə, Arzu Rəhimovun müavini general Novruzəli Orucov və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli birlikdə hərəkət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki korrupsiya hallarını mətbuata sızdırırlar. Belə ki, mətbuatda Arzu Rəhimovu ifşa edən detallı yazıların ən sadə oxucusu belə bu informasiyaların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən yayıldığına şübhə etmir.

Mənbənin sözlərinə görə, Novruzəli Orucov və Emin Həsənli ikilisinin apardığı media kampaniyası nəticəsində Arzu Rəhimov geri çəkilməli olub, daha konkret xidmət rəisi məcburən şantaja boyun əyib. Məhz bunun nəticəsində hərbi komissarlıq sistemindən uzaqlaşdırılan və Arzu Rəhimovu açıq şəkildə tənqid edən şəxslərin bir qismi təkrarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə götürülüb. 

Yayılan məlumatlarda o da bildirilir ki, Novruzəli Orucov Arzu Rəhimov barəsində hazırladığı dosyeni artıq Prezident Administrasiyasına göndərib. Belə ki, mediada aparılan qara piar və PA-ya təqdim edilən dosye ilə Novruzəli Hacıyev Arzu Rəhimovu prezidentin gözündən salaraq, onun  yerinə keçmək istəyir. 

Novruzəli Hacıyevin bu məsələdə nəqliyyat naziri Ziya Məmmədovun dəstəyinə güvəndiri bildirilir. Mediada yayılan məlumatlara görə, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyev də Novruzəli Hacıyevə bu məsələdə dəstək verir. 

Novruzəli Hacıyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis keçmək üçün ən böyük maneəsi onun keçmişidir. Generalın keçmişi ilə bağlı mətbuatda kifayət qədər yazıldığından bu məsələyə toxunmağı lüzumsuz hesab edirik. Bununla belə Müdafiə Nazirliyi Hərbi Tibb İdarəsinin rəisi, general Natiq Əliyevin də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəisi olmaq üçün çalışdığı bildirilir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş verənlərlə bağlı AzToday.az-a daxil olan məlumatları araşdırmaqda davam edirik.
 
Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook