SON XƏBƏR

Gəncə sərnişinlərinə haram tikə yedizdirən kimdir? - ŞİKAYƏT

Avqust 22
00:40 2017
"Bakı-Gəncə”,”Gəncə-Bakı” reysi ilə hərəkət edən avtobus sərnişinləri üzləşdikləri problemlərlə bağlı Qlobal.az-a şikayət məktubu ünvanlayıblar.
 
Gəncə sərnişinləri şikayət məktublarında bildirirlər ki, adıçəkilən marşrut üzrə hərəkət edən avtobusların böyük əksəriyyəti SOCAR-da yüksək vəzifə daşıyan şəxsə məxsusdur. Həmin şəxs isə maddi qazancın daha çox əldə edilməsi üçün sərnişinlərə narahatlıq yaradan bəzi qanunsuzluqlara yol verir.
 
Məktubda qeyd olunur ki, Gəncəyə olan sərnişin biletlərinin dövlət qiyməti 5.57 manat olsa da, sərnişinlər həftənin adi günləri 7 manata, şənbə bazar günləri isə 8-10 manat arası daşınırlar. Şənbə, bazar günləri qeyri-qanuni olaraq biletlərin 8-10 manata satılmasına səbəb isə Azərbaycanın ən gərgin cəbhə bölgəsinə yaxın olan inzibati mərkəzə - Gəncəyə əsgər valideynləri və yaxınlarının axın etməsdir. Yaranmış vəziyyətdən süni olaraq yararlanmağa çalışan marşrut sahiblərinə isə nəzarət mexanizmini həyata keçirən rəsmi qurumlar "göz yumurlar”.
 

 
Gəncə sərnişinlərinin şikayətçi olduqları digər məqam isə, marşrut xətti üzrə hər iki istiqamətə hərəkət edən avtobusların Kürdəmir rayonu ərazisində eyni məkanda – "Şəki” restoranında fasilə etmələridir. Müasir gigiyenik şərtlərə uyğun gəlməyən, antisanitariyanın, bahaçılığın hökm sürdüyü bu restoranda sərnişinlərə murdar olmuş heyvanların ətindən hazırlanmış yeməklər təklif olunur. Şikayət məktubunda bildirilir ki, restoranın sərnişinlərə təqdim etdiyi yeməklərin ətindən gələn kəskin qoxu barədə restoran işçilərinə irad bildirilsə də, onlar bunu restorana elektrik enerjisinin verilməsində yaranan fasilələrlə əlaqələndirərək bu halın müvəqqəti xarakter daşıdığını deyirlər. Mövcud vəziyyətlə bağlı avtobus sürücülərinə "Niyə bu restoranda saxlayırsınız?” deyə, irad bildirən sərnişinlərə isə sürücülər "yuxarıdan deyilib, biz də burada saxlayırıq” cavabını verirlər.
 
 

Məsələyə Bakı Beynəlxalq Avtovağzalından münasibət öyrənməyə çalışdıq. Gün ərzində mütəmadi olaraq qurumun rəsmi saytında qeyd olunan +994 12 4997038 nömrəli əlaqə telefonuna zəng vursaq da, bizi cavablandıran olmadı.
 
Saytımıza ünvanlanan şikayət məktubunda qeyd olunan digər iddia ilə, "Şəki” restoranında hazırlanan yeməklərin ətlərinin mənşəyinin məlum olmaması ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən münasibət öyrənməyə çalışdıq. (+99412) 422-35-52 nömrəyə etdiyimiz zəngə cavab verən adının açıqlanmasını istəməyən şəxs 4211393-ə zəng etməyimizi bildirdi. Bu nömrədən cavab verən şəxs isə mərkəzin email ünvanına yazılı müraciət etməyimizi istədi. Saytımıza ünvanlanan şikayət məktubunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərdikdən sonra isə əlaqə saxlayacaqlarını desələr də, məsələyə münasibət bildirmədilər.
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook