SON XƏBƏR

FHN-də biabırçılıq: Lənkəranda yanğınsöndürənlər yanğın yerinə susuz gəldilər, ev külə döndü

Dekabr 14
00:25 2016
Sosial şəbəkələrdə ötən həftə Lənkəran rayonunun Boladi kəndində fərdi yaşayış evində baş verən yanğının görüntüləri yayılıb. Yayılan məlumatlarda iddia olunur ki, yanğını söndürmək üçün hadisə yerinə gələn yanğınsöndürəndə su olmayıb.
 
Ev sahibi Vüqar Nəsirov hadisənin təfərrüatını danışıb. Onun sözlərinə görə, hadisə yerinə ümumilikdə üç yanğınsöndürən maşın gəlib. Lakin o, yanğınsöndürən maşınların hadisə yerinə gec çatdıqlarını iddia edib: "Birinci yanğınsöndürən maşın gələndən sonra dedim ki, "yuxarıya çıxın, buradan söndürmək daha asan olar". Uzun mübahisələrdən sonra özüm çıxdım evin damına. Şlanqları aldım onlardan, başladım söndürməyə. Demək olar ki, söndürmüşdüm. Lakin yanğınsöndürənin suyu qutardı. İkinci yanğınsöndürən gəldi, şlanqları çıxardılar, bir də gördülər ki, su yoxdu. Alov da yenidən genişləndi, o qədər genişləndi ki, heç qarşısını da almaq olmadı. Susuz gələn yanğınsöndürən yaxınlıqdakı kanaldan su götürməyə başladı. Sonra Masallıdan üçüncü yanğınsöndürən gəldi. Onun suyu olsa da, artıq gec idi. Ev tamami ilə yanmışdı".
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (RDYMH) report-a bildirilib ki, yanğın güclü olduğundan hadisə yerində su çatışmazlığı yaranıb: "Dekabrın 8-də Lənkəran rayonunun Boladi kəndi ərazisində, Vuqar Rəfail oğlu Nəsirova məxsus yaşayış evində baş verən yanğının söndürülməsi zamanı yaranan su çatışmazlığı alovun güclü olmasından irəli gəlib".
 
RDYMH-dən, həmçinin məlumat verilib ki, ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli tikilinin mansar hissəsində yanğın olması barədə növbətçi hissəyə 12.49 dəqiqədə məlumat daxil olub: "Məsafə nəzərə alınaraq hadisə yerinə ilk olaraq 13.01 dəqiqədə Liman Yanğından Mühafizə Bölməsinin şəxsi heyəti və 5 ton su tutumu olan yanğınsöndürən maşını çatıb. Yanğınsöndürənlər hadisə yerinə çatanda alov yaşayış evinin mansar hissəsini tamamilə bürüyüb.
 
Lənkərandan çıxan ikinci heyət isə 13.18-də 6 ton su tutumu olan yanğınsöndürən maşınla hadisə yerində olub. Dərhal yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülüb. Yanğının mürəkkəbliyi və əlverişsiz hava şəraiti nəzərə alınaraq Masallı RDYM hissəsindən kömək istənilib. Daha bir yanğınsöndürən maşın Lənkərandan gəlməklə, ümumilikdə yanğının söndürülməsinə şəxsi heyətlə birlikdə 4 maşın cəlb edilib. Yanğın 15.52-də tam olaraq lokallaşdırılıb. Ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli tikilinin birinci mərtəbəsi müxtəlif boya və plastik materiallarla birlikdə xilas edilib. Alovun belə sürətlə yayılmasının və güclənməsinin əsas səbəbi hadisə barədə gec məlumat verilməsidir. Ev sahibi ətrafdakıların köməyi ilə yanğını söndürməyə çalışıb". 
 

 

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook