SON XƏBƏR

Fazil Məmmədovun Şəmkirdəki biznes imperiyası (FOTOLAR)

Yanvar 08
11:03 2018
Sabiq vergilər nazirinin biznes imperiyası ilə bağlı yeni şok faktlar

Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılıb. Bildirilir ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri özgəninkiləşdirməklə əlindən çıxarılmasını önləmək istəyir. Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil...

Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş Fazil Məmmədovun böyük bir biznes imperiyası var. Nazirliyi dövründə xüsusilə özəl sektora təsir dairəsinin genişliyi Fazil Məmmədova böyük pullar əldə etməyə, özünə sərvət toplamağa imkan yaradıb.  Sahibkarlar kasıbladıqca Fazil Məmmədov məmur-oliqarx ranqına çatıb, biznesi də ölçüsüz corab kimi genişlənib. Onun Ukraynanın, Rusiyanın, Çexiyanın turistik zonalarından tutmuş Azərbaycanının dörd bir tərəfində biznes strukturları var. Almaniyada 2 fabrikinin olması xəbəri də mətbuatda illər əvvəl yazılıb.  

Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var.

Şəmkirə səfərimiz zamanı qarşımıza çıxan biznes obyektlərindən hansına şəhadət barmağımızı tuşladıqsa, bələdçilərimizdən "Fazil Məmmədovundur” cavabını aldıq. Rayonun girişindəki "Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirindir. Sanki vergilər nazirindən savayı Şəmkirdə iş qura bilən bir iş adamı, sahibkar olmayıb. Tutan da, vuran da, alan da, satan da bir nəfər olub ki, adı da hər kəsə bəllidir.

Sabirkəndə axşam saatlarında çatmışdıq. Gördüklərimiz sanki bir nağıl idi. Yan yana 200-ə yaxın istixana düzülüb, hər birinin daxilindəki də işıq seli göz qamaşdırır. Sabiq nazirin kəndin girəcəyindəki istixanaları sanki Sabirkəndin çılçıraqlardır. Hər istixananın ölçüsü də çox nəhəngdir. Öyrənirik ki, Fazil Məmmədov bu istixanalarda əsasən "kitayski roza” əkdirir və xaricə daşıtdıraraq satdırır.

Bakıda  "kitayski roza”nın ən ucuzu 2 manatdır. Fazil Məmmədovun istixanalarından ildə milyonlarla gül yığıldığı haqda da xəbər aldıq. Keçmiş nazir "Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini 2005-ci ildə yaradıb. Sakinlər deyirlər ki, Fazil Məmmədov buranı qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə "Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun nəzarətinə keçib. Adı "Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb. Nazirə məxsus olduğu bildirilən daha bir obyekt - "Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi” də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb.

Rayon sakinləri deyir ki, istirahət mərkəzi eks-nazirin əmisi oğlu Kamal Məmmədovundur. Rayon sakinləri deyir ki, Fazil Məmmədov vergilər naziri postunda olarkən  Şəmkirə böyük pullar yatırıb. Amma bu pullardan sadə şəmkirlilərə çatan çox az bir hissə olub. Əhali bu işlərin görülməsi nəticəsində Şəmkirə məxsus bir sıra ənənəvi ştrixlərin, alman məhəlləsinin, almanlardan qalma qədim konyak zavodunun dağıdılmasını da dilə gətirdilər.

Fazil  Məmmədovun Şəmkirdə gördürdüyü işlər rayonun bir çox sakinlərinə, xırda biznesmenlərə badalaq vurulması ilə nəticələnib. Torpaqları əllərindən alınıb, obyektləri, evləri sökülüb. Kompensasiya kimi isə qəpik-quruş ödənilib, etirazları qulaqardı olunub. Şəmkirə böyük paralar yatırdığından o, son illərə qədər bura kənar maliyyənin daxil olmasına da imkan verməyib.

Rayonda onu da öyrəndik ki, sabiq nazir təkcə bu rayonda deyil, eyni zamanda Gədəbəy rayonunda da saysız obyektlər əldə edib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Günlərin birində isə Fazil Məmmədovun yolu bu ərazilərə düşüb və meşə massivi də Fazil Məmmədovun "ölçüsüz corab”ının bir parçasına çevrilib.

Meşə massivini mənimsənilməsi daha çox narazılıqlara səbəb olsa da, bu, Fazil Məmmədova ərazidə imarət və ətrafında çoxsaylı villalar tikdirməyə mane olmayıb.  Beləcə "Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.

Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə "Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib.

Şəmkir və ətraf rayonlarda gəzdikcə Fazil Məmmədovun 17 ildən artıq  rəhbərlik etdiyi nazirliyin adının korrupsiyalaşmış dövlət qurumlarının ön sırasında çəkilməsinin, onun işçilərinin xüsusilə sahibkarlıq fəaliyyətinə yerli-yersiz müdaxilələrə yol verməsinin hansı maddi nemətlərin toplanmasına yol açdığına böyük bir qənaət formalaşır. Hansı ki, bu işləri xırda sahibkarlar görməli, işlərini böyütməli və dövlətə vergi ödəməli idilər.

Onları əvəzləyən Fazil Məmmədov özü varlanmaqla yanaşı sahibkarların qarşısında "çin səddi”nə çevirilib, ən əsası isə dövlət büdcəsinə milyonlarla, milyardlarla manat vergilər çatmayıb...

(Mənbə: "Yeni Müsavat")
 
Qlobal.az
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook