SON XƏBƏR

“Fazil Məmmədovun bu həbslərdən xəbərsiz olması mümkün deyildi”

İyun 06
16:30 2018
Hər rayonda icra başçısı saxlamağa ehtiyac yoxdur”

"Sahibkarlığa Kömək Milli Fondu, "Aqrolizinq” ASC tipli üst qurumlar ləğv olunmalıdır”.

Keçmiş deputat, iş adamı, iqtisadçı alim Nazim Bəydəmirli Strateq.az saytına geniş müsahibə verib

O, seçkidən sonra formalaşan hökumət komandasından gözləntilər, problemlər, onlardan çıxış yolları barədə fikirlərini açıqlayıb. Nazim Bəydəmirli ilə geniş müsahibəni oxucularımıza təqdim edirik:

– Nazim müəllim, seçkidən sonra formalaşan hökumətdən iş dünyasının, sahibkarların gözləntisi nədən ibarətdir? Apreldən üzü bəri hansı ümidləriniz doğrulub?

-Fikrimcə, yeni hökumət elə köhnə hökumətin davamıdır. Amma etiraf etmək lazımdır ki, müəyyən dəyişikliklər də var. Məsələn, Vergilər Nazirliyinin müəyyən vergi ödəyicilərinin fikirlərini almasını, əvvəlki illərdə baş verən neqativ halların aradan qaldırılması ilə bağlı verilən müsbət mesajları qeyd etmək olar. Hər bir iş adamı kimi biz də, müsbət meylləri alqışlayırıq. Təkliflərimizi vermişik, verməkdə də davam edirik.

-Təklifləriniz nədən ibarətdir?

– İnkişaf yolunu tutmuş ölkələrdə vergilərlə bir qurum məşğul olur. Azərbaycanda da bu, belə olmalıdır. Məsələn, əməkhaqqından tutulan vergi – sosial sığorta haqqı Vergilər Nazirliyi tərəfindən yığılmalıdır. Dəfələrlə qeyd etmişik ki, əgər pensiya fondu özü-özünü maliyyələşdirə bilməyib büdcədən dotasiya alırsa, sosial sığorta haqları ilə bağlı vergi islahatları aparılmalıdr. Gürcüstan bu islahata gedib və müsbət nəticələri göz önündədir. Bilirisiniz ki, fiziki şəxsələrin əməkhaqqından tutulan vergi 14 faiz təşkil edir. Üstəlik 25 faiz də gəlir vergisi nəzərdə tutulur. Beləliklə, sahibkarın ödədiyi vergilərin həcmi 40 faizə çatır. Gürcüstanda bu ləğv olunub, sosial vergi adı ilə 20 faiz civarında vergi yığılır. Məsələn, əməkhaqqı 1000 manatdırsa, ondan 200 manat vergi ödənilir. Bu vəsait də pensiyaçıların müavinətlərinin ödənilməsinə yönəldilir. Azərbaycanda da bu islahatı aparmaq lazımdır. Dövlət Sosial Müdafiə Fondu ləğv olunub,  onun vergiyığma funksiyası Vergilər Nazirliyinə verilməlidir.

– Tez-tez Dövlət Gömrük Komitəsinin ləğv edilib Vergilər Nazirliyinə birləşdirilməsini gündəmə gətirirsiniz…

-Dünya ölkələrinin mütləq əksəriyyətində "gömrük komitəsi” adında bir qurum yoxdur. Bəzi ölkələrdə gömrük xidməti var, onlar da Maliyyə Nazirliyinin bir departamenti kimi fəaliyyət göstərirlər. Yeni hökumətdə kabinet təsdiq olunmazdan əvvəl cənab prezidentin bir sərəncamı oldu: sərəncamla idxal-ixrac əməliyyatlarının hesabatını və statistikasını aparmaq üçün Vergilər Nazirliyində bir departament yaradıldı. Bu, sahibkarların işinin səmərəliləşdirilməsi üçün müsbət addımdır, amma yetərli deyil. Hesab edirəm ki, Dövlət Gömrük Komitəsinin vergiyığma funksiyasının Vergilər Nazirliyinə verilməsi qaçılmazdır. Beləliklə, üç qurumun vergiyığma funksiyası bir qurumda cəmləşməlidir. Bu islahatlar da mütləq həyata keçirilməlidir. Çünki sahibkar idxal etdiyi məhsulun əlavə dəyər vergisini ödəyir, sonradan, onu satan zaman əvəzləşdirə bilmir. Beləliklə, müxtəlif şirkətlər idxal-ixrac əməliyyatları zamanı gəlirlərini gizlədirlər. Güzgü statistikası da təsdiq edir ki, ticarət partnyoru olduğumuz ölkələrdən Azərbaycana idxal olunan məhsulların "invoys” qiymətləri düşürülür. Bu vəziyyət həm də sahibkarlara sərf edir. Çünki büdcəyə ödəməli olduğu 100 manatın 25 manatını ödəyir, 50 manatını rüşvət verir, 25 manatı isə özünə qalır. Buradan həm sahibkar "qazanır”, həm bu korrupsiya sxemini quran gömrük işçiləri, broker kompaniyaları, monopoliyanın başında duranlar gəlirlər əldə edirlər. Ən çox itirən isə təbii ki, dövlət büdcəsidir. Bu problemlər aradan qaldırılmalıdır.

– İqtisadi sektorda aparılmış kadr dəyişiklikləri hansı ümidləri doğurur?

-İdarəetmədəki problemlər gənc, yaxud daha yaşlı kadrlarla bağlı deyil. Əsas məsələ sistemin nə dərəcədə liberal bazar prinsiplərinə uyğunlaşdırılmasıdır. Həmişə deyirəm ki, pul paylamaqla insanları xoşbəxt etmək mümkün deyil. Elə şərait yaratmaq lazımdır ki, insanlar çalışdıqları işdən ləzzət alsın, təminatları da yüksək səviyyədə olsun. Bu isə ancaq liberal bazar iqtisadiyyatında, rəqabət mühitində mümkündür.

– Aqrar sektorda hansı müsbət yeniliklər gözlənilir? Yeni nazir "ASAN xidmət”dən gətirilib…

– Kənd Təsərrüfatı Nazirliyinin yeni təşəbbüsləri var. Şəffaflıq baxımından atılan addımlar ümidlər yaradır ki, bu sahədə dönüş olsun. Ayrılan vəsaitlərin sahibkarlara, fermerlərə çatdırılması ilə bağlı sistemin özünün dəyişdirilməsinə ehtiyac var. Çünki əkin sahələrinin həcminə görə subsidiyaların verilməsi doğru yanaşma deyil. Bu, bilavasitə korrupsiyanı yaradan amildir. Əvvəlki illərdə Maliyyə Nazirliyinin, Hesablama Palatasının həyata keçirdiyi tədbirlərlə sübut olunmuşdu ki, subsidiyaları mənimsəmək naminə əkin sahələrinın həcmi şişirdilir. Əkin sahələri ildən-ilə "genişlənsə” də ortada faktiki məhsuldarlıq yoxdur. Əgər biz elan ediriksə, bir ildə ölkədə 2.7 milyon ton buğda istehsal olunur, o zaman sual olunur: biz niyə hər il Rusiyadan, Qazaxıstandan, Ukraynadan 1.5 milyon ton buğda idxal edirik? Bunun cavabı tapılmalıdır. Hesab edirəm ki, dövlət birbaşa iqtisadi fəaliyyətlə məşğul olmamalıdır. Kənd Təsərrüfatı Nazirliyi də təşəbbüs göstərməlidir ki, bu işlər məcburi olmasın. Kooperasiyalar təsis olunsun, kəndlərdə əhaliyə paylanmış pay torpaqları su qiymətinə müxtəlif oliqarx qrupların əlinə keçməsin. Fermerlərə ucuz resursların, texnikaların verilməsi ilə bağlı təşviqat aparılmalıdır. Sahibkarlığa Kömək Milli Fondu, "Aqrolizinq” ASC tipli üst qurumlar ləğv olunmalıdır. Yəni bazar iqtisadiyyatı şəraitində belə qurumların olması doğru deyil. Bu, dövlət büdcəsinin müəyyən yollarla talan olunmasına şərait yaradır.

– Bəs dövlət aqrar sektoru hansı yolla dəstəkləməlidir?

– Dövlət stimullaşdırmalıdır ki, istehsalçının özü bilavsaitə həmin resurslara çıxa bilsin. Hökumət strukturları burada vasitəçi rolunu oynamamalıdır. Ola bilsin, bu sistem ilkin illərdə vacib idi, amma indi ona ehtiyac yoxdur. Bu gün jurnalist araşdırmaları ortaya qoyur ki, azı 2 milyard manat vəsait "Aqrolizinq” vasitəsi ilə mənimsənilib. Mənim tanıdığım fermerlər var, bir traktoru 32 min manata rəsmiləşdiriblər, hansı ki, istehsal edən zavodda onun qiyməti 10-12 min dollardır.  Bilirsiniz ki, biz "Voronej Selmaş”ın regional nümayəndəsiyik. "Aqrolizinq” bir neçə il əvvəl bizdən müəyyən mexanizimlər almışdı. Məsələn, onların aldığı taxıltəmizləyici texnikanın qiyməti ikiqat artığına çıxmışdı. Aralıq şirkətlər, tenderləri kağız üzərində udanlar dövlət vəsaitləri hesabına Türkiyədən, Çindən və başqa ölkələrdən çox aşağı qiymətə maşın və mexanizimlər alıb, yüksək qiymətlərlə göstərərək pul silirlər.

– Bunlar Maliyyə Nazirliyinin, başqa nəzarətedici qurumların gözü qarşısında baş verir…

– Bu prosesdə yoxlayıcı təşkilatların vəzifəsi mənimsəmələri müəyyən edib şirkətlərdən öz paylarını qoparmaqdır. Təcrübədə belədir, yoxlayıcı rüşvət almaqla məşğul olur. Deməli, bütün bu sistem dəyişdirilməlidir. Subsidiyalar, dövlət vəsaitləri aralıq şirkətlərə verilməməlidir. Bəzən, Avropa İttifaqı ölkələrini misal gətirirlər ki, orada da subsidiyalar var. Amma həmin ölkələrdə əvvəla ciddi nəzarət var, saxtakarlıq ola bilməz, ikincisi, subsidiya məhsula görə verilir. Fermerin məhsulu yetişdirmək üçün çəkdiyi xərclər nəzərə alınır və dövlət ona subsidiya ayırır. Bizdə isə vəsaitlərın verilməsi qaydası sanki onları mənimsəmək üçün düşünülüb.

– Maraqlı bir məsələ var, "Aqrolizinq”dən texnika alan sahibkar uzun müddət ona sahib ola bilmir.

– Bəli. Sual olunur ki, sahibkar texnikanı niyə ala bilmir? Ancaq icarəyə götürürlər, yaxud texnikanı lizinqlə almış sahibkarlar belə, onun qiymətini ödəyə bilmirlər. Əksəriyyətinin borcları məhkəmə çəkişmələrinə qədər uzanır. Aydın görünür ki, ortada korrupsiya mexanizmi var. Ona görə də sahibkarın, fermerin maliyyə resurslarına birbaşa çıxşını asanlaşdırmaq, onlara aşağı faizlə uzun müddətə girovsuz vəsait vermək lazımdır. Dövlət bunu etsin. Yoxsa ayrıca bir qurum yaradıb onun vasitəsilə tenderlər keçirib vəsaitlərin mənimsənilməsinə şərait yaratmamalıdır. Azərbaycanda tenderlərin necə keçirildiyi hamıya məlumdur. Tenderləri udanlar məmurların yaratdıqları qondarma şirkətlərdir. Regionlarda sahibkarlıqla məşğul olanlar icra başçıları və onlara yaxın olanlardır. Sabah icra başçısı dəyişdiriləndə, o bizneslər də batır. Beləliklə, yerli sahibkarın həmin vəsaitlərə çıxışı yoxdur, çünki tenderlər inzibati resurslarla paylanır. Biz Sovet İttifaqının acı təcrübəsini yenidən keçməmliyik. Bilirsiniz, 80-ci illərdə ərzaq proqramı qəbul olunmuşdu, dövlətin dəstəyi ilə iri firmalar yaradılırdı. Yararlı dövlət torpaqlarını, texnikanı onların istifadəsinə verirdilər. Adını qoymuşdular ki, burada həm məhsul istehsal olunsun, həm emal edilsin, həm də satışa çıxarılsın. Amma həmin ərzaq proqramından bir neçə il sonra ölkədə ərzaq çatışmazlığı yarandı, bir neçə ildən sonra da İttifaq çökdü. Bu təcrübə göstərdi ki, ciddi şəkildə konsentrasiya bürokratik əngəllər yaradır və ziyanlıdır. Bu, bazar iqtisadiyyatı prinsiplərinə uyğun deyil. Eyni zamanda kadrlar doğru seçilməlidir, qohumbazlığa, tayfabazlığa yol verilməməlidir. Bunlar həm də sosial şəbəkələrdə mövzuya çevrilir və hökumətin nüfuzuna xələl gətirir.

– Yəni kadr məsələsində "ənənə” davam edir?

– Bəli davam edir. Bundan çəkinmək lazımdır. İndi bir icra başçısı başqa rayona təyinat alırsa, öz adamlarını götürüb ora aparır. Yaxud, icra başçısı, nazir işdən çıxarılırsa, onun əhatəsindəki bütün məmurlar işdən çıxarılır. Belə olmaz, baxsınlar, görsünlər, onlar necə işləyirlər, professional hazırlıqları nə yerdədir. Çünki dövlət uzun müddət onları yetişdirir, illər boyu təcrübə toplayırlar, bir rəhbərin işdən çıxarılması ilə həmin insanların işdən atılması doğru deyil. Bu, kadrlara olan mənfi münasibətin göstəricisidir.

– Regonların inkişafı üzrə dövlət proqramlarına 50 milyard manatdan artıq vəsait xərclənib. Bu qədər vəsaitin qarşılığında regionlarda real vəziyyət necədir?

– Qarabağ müharibəsi başlayandan və ondan sonra bölgələrdən yüz minlərlə insan Bakıya iqtisadi miqrasiya edib. Buna əsas səbəb regionlarda kommunal xidmətlərin, infrastrukturun bərbad olması və işsizlikdir. İqtisadi miqrasiya nəticəsində mən hələ 2010-cu ilin rəqəmlərinə istinad edirəm, – Bakı ətrafında 450 min sənədsiz ev tikilib. Bu evlərdə təqribən 1.8 milyon nəfər yaşayır. Ətraf qəsəbələrdə məskunlaşanların mütləq əksəriyyəti kənd əhalisidir. Bu insanların rayonlarda pay torpaqları, əmlakları var. Biz müşahidə aparmışdıq, Tovuz-Gədəbəy bölgəsində elə kəndlər var ki, əhalisinin 50, bəzən 70 faizi miqrasiya edib. Onlar əllərində olan mal-qaranı, əşyanı dəyər-dəyməzinə satıb Bakı ətrafında bələdiyyələrdən torpaq alıb evlər tikiblər. Əlbəttə, biz onları məcbur edə bilmərik ki, geri qayıtsınlar. Ancaq təşviq edə bilərik.

– Təşviqat, dəstək gərək elə səviyyədə olsun ki, insanlar qayıtmaqda maraqlı olsunlar…

– Əlbəttə. Mən yenə vergi məsələsinə qayıdıram, bölgələrdə sadələşdirilmiş vergi iki faizdir, kənd təsərrüfatından isə vergi alınmır. Amma bu, yetərli deyil. Kommunal xidmətlərin əlçatanlığı təmin olunmalıdır. Əsas problemlərdən biri təbii qazın olmamasıdır. Doğrudur, Prezidentin Ehtiyat Fondundan, büdcədən regionlarda yol tikintilərinə vəsaitlər ayrılıb. Amma pullar müəyyən mexanizmlərlə məniməsənildiyinə görə, tikilən yolların çoxu az sonra dağılıb. Elə Gədəbəy-Qaravəllər, Tovuz-Ağbaşlar-Gədəbəy yollarını misal göstərə bilərərm. Vəsait ayrılır, amma məmurlar tərəfindən mənimsənilir.

– Bəs nə etmək lazımdır?

– Yollar yenidən çəkilməlidir. Amma bu infrastruktur layihələrinə ciddi nəzarət olunmasa, problemlər həll olunası deyil.

– Yerli idarəçilikdə hansı dəyişikliklər olmalıdır?

– Yerli idarəçilik kökündən dəyişməlidir. Regionlar üzrə prezidentin nümayəndəlikləri yaradılmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətlərinin çoxu alınıb yerli bələdiyyələrə verilməlidir. Bununla dövlət öz yükünün bir hissəsini ictimai qurumların, icmaların üzərinə qoyur. Yeri gəlmişkən, bu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin bir hissəsidir. Bələdiyyələrin iqtisadiyyatda iştirakçılığı təmin olunmalıdır. Onlar əhaliyə daha yaxın qurumlardır və bölgələr üçün daha effektiv layihələri seçib sərfəli olanı həyata keçirə bilərlər. Yoxsa, Bakıdan bir şirkət gəlib yol çəkirsə, onun məqsədi işini görüb vəsaiti alıb aradan çıxmaqdır. Amma belə layihələr yerli qurumlar tərəfindən icra olunsa, ona həm ictimai nəzarət olar, həm də dövlətin sosial yükünün bölüşdürülməsinə gətirib çıxarar. Bundan başqa, hər bir rayonda icra başçısı, maliyyə strukturları saxlamağa ehtiyac yoxdur. Bu islahatlar həyata keçirilsə, həm idarəçiliyin effektivliyi artar, həm ictimai nəzarət olar, həm də dövlətin bu sahələrə yönəltdiyi xərclər azala bilər. Hökumətin qəbul etdiyi strateji yol xəritəsində bu məsələlər var, amma onların reallaşdırılması gecikir. Bir məsələni də vurğulayım, ölkədə məmur sahibkarlığı ləğv olunmasa, bu sahədə köklü dəyişikliyə nail olmaq qeyri-mümkündür. Məmurlar bütün iqtisadi şəraiti, rəqabət mühitini pisləşdirirlər.

– Rayonlarda maaş-pensiya alanlardan başqa insanların evinə vəsait daxil olmur. Dövlət aqrar sektorda çalışan vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq istiqamətində hansı addımlar atır? Reallıq budur ki, regionlarda yoxsulluq və işsizlik artır.

– İnsanlar öz pay torpaqlarını əksə və dövlətdən güzəştli, əlçatan dəstək görsə, vəziyyət dəyişə bilər. Hazırda kəndlərdə torpaqlar elə bölüşdürülüb ki, brinin əkənəyi kəndin bu başında, biçənəyi o biri başındadır. Yaxud, eyni icmadan ibarət olan insanların torpaqları fərqli yerlərdədir. Bu, balaca fermer təsərrüfatlarının yaradılmasına, ona kənd təsərrüfatı texnikası almasına əngəl yaradır. Çünki bir hektarlıq tarla üçün texnika almaq rentabelli deyil.  Dövlətin dəstək üsullarından biri də ərzaqların alnması zamanı tenderləri udan şirkətlərin qarşısına ancaq yerli məhsulların alınması şərtini qoymaqdır.

– İki il əvvəl parlamentdə müvafiq qanunvericiliyə dəyişiklik etdilər ki, istifadəsiz torpaqların sahibləri cərimələnəcək, dövlət torpağı geri alacaq. Hökumət də aqrar sektoru inkişaf etdirmək üçün bu yolu seçib…

– Bu kökundən yanlış yoldur. Heç vaxt inzibati yollarla iqtisadi prosesləri idarə etmək mümkün olmur. Cərimələrlə insanları qanunlara tabe etdirmək də çətindir. İnsanlarda maraq oyatmaq lazımdır. Bu, düşünülmüş addım idi ki, torpaqlar bir əldə cəmləşdirilsin. Əksinə, təşviqedici addımlar atılmalı idi. Məsələn, insanlar beş, on nəfərlə birləşib torpaqlarını biləşdirsinlər, kooperativlər yaratsınlar. İnkişaf etmiş Avropa ölkələrində, İsraildə dövlətin dəstəyi ilə belə kooperativlər yaradılıb. Dövlət ucuz vəsait, texnika verərək bu qurumların fəaliyyətini stimullaşdırır. Beləliklə, insanlar bilməlidirlər ki, torpaqlarını birləşdirsələr, daha yüksək məhsuldarlıq və qazanc əldə edə bilərlər.

– Bu gün görürük ki, bölgələrdə on minlərlər hektar torpaq sahələri məmur-oliqarxların nəzarətinə keçib. Dövlət qurumları da onların melorasiya, texnika, satış və s. probemlərini həll etmək üçün çalışır. Nəticədə sadə vətəndaşların, fermerlərin əlindən torpaqlar çıxır. Bu tendensiya aqrar sektora nə vəd edir?

– Bu, çox təhlükəli tendensiyadır. Əgər normal şərtlərlə, bazar qaydaları ilə kimsə torpağnı satıb, hansısa şirkət də onu alırsa, buna heç kim irad tuta bilməz. Amma təcrübə göstərir ki, Azərbaycanda bu sahədə bir kampaniyaçılıq var. Bu da İqtisadiyyat və Sənaye Nazirliyinin bir sıra layihələrində özünü göstərir. Məsələn, indi pambıqçılığa, əvvəl soyuducu anbarların, taxıl saxlayıcı anbarların tikilməsinə Sahibkarlığa Kömək Milli Fondu dəstək veriridi. Bu kampaniyaçılıq lazım oldu-olmadı böyük vəsaitlərin xərclənməsinə gətirib çıxardı. Nəticədə xeyli sayda sahibkar müflisləşərək aradan çıxdı. Bu xətlə ayrılmış vəsaitlərin böyük qismi isə yerli icra başçılarının, bəzi oliqarx məmurların ailə üzvlərinə məxsus qurumların əlində cəmləşdirildi. Əgər vətəndaşlar məmurların qurduğu bu təsərrüfatlarda normal maaşla işləsəydilər, bu, bəlkə də problem yaratmazdı. Amma biz sosial şəbəkələrdən məlumat alırıq ki, bu sahələrdə büdcə təşkilatlarında çalışanları – müəllimləri, həkimləri zorla aparıb işlədirlər. Bunun adı qul əməyidir.

– Yəni bu adamlar dövlətin deyil, məmurların şəxsi təsərrüfatlarında qul kimi işlədilirlər?

- Dövlət sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Bunlar müxtəlif oliqarx-məmurlara məxsus olan təsərrüfatlardır. İcra başçıları onların maraqlarını təmin edib qeyri-qanuni göstərişlər verirlər. Nəticədə büdcə təşkilatlarında çalışanlar öz işlərini görmək əvəzinə, onların tarlalarında qul kimi işlədilir. Bu zaman Sabirabada olduğu kimi tez-tez faciələr də yaşanır.

– Bəs üst qurumlar, nazirliklər niyə müdaxilə etmirlər ki, mənim əməkdaşlarımın məmur biznesində nə işi var?

– Mən fürsətdən istifadə edib nazirliklərin rəhbərlərinə səslənirəm ki, bu, heç də dövlətə kömək deyil. Hakimiyyətə, prezidentə yaxşlıq etmək də deyil. Əksinə, ayı xidmətidir. Bölgələrdə kifayət qədər işsiz adamlar var, onlara normal maaş verib həmin sahələrdə işə cəlb etmək olar. Amma bunlar büdcə təşkilatlarında çalışanların hesabına şəxsi bizneslərini inkişaf etdirmək yolunu tutublar. Az vəsaitlə daha böyük işlərini yoluna qoymağa çalışırlar.

– Yeri gəlmşikən, pambıqçılığın inkişaf etdirilməsi məsələsində paradoks var. Dövlət bu sahəni inkişaf etdirmək üçün səylər göstərir, amma aşağıdan – fermerlərdən bu işə dəstək yoxdur, maraqlı deyillər. Bunun səbəbi nədir?

– Axı biz Sovet İttifaqı zamanı bunu görmüşük. Pambığın xammal olaraq satşı səmərəli deyil. Əgər pambıqçılıq inkişaf etdirilirsə, onun emalını da nəzərdə tutmaq lazımdır.

– Varmı bu emal müəssisələri?

– Yeni yaradılır. Heç olmasa hər rayonda kiçik emal sexləri qurulmalıdır ki, pambığı mahlıca çevirə bilsin. Pambığın maya dəyərində nəqliyyat xərcləri daha çoxdur. Məhsulu bir rayondan başqa rayona daşımaq onun qiymətinə mənfi təsir göstərir. Məhsulu xammal olaraq satmaq bizə həmişə baha başa gəlib. Gördünüz, neft sektorunda başımıza nə iş gəldi. Biz nefti xammal kimi Avropaya satıb onların istehsal etdikləri benzini alırıq. Çünki Azərbaycanda 95 oktanlı benzin istehsal olunmur.

– Pambıqçılıq deyildiyi kimi əməktutumlu sahədirmi?

– Heç bir ölkə buna nail olmayıb. Təsəvvür edin, on minlərlə vətəndaşımızı pambıqçılığa cəlb edirik, amma ondan əldə olunan gəlir, informasiya texnologiyalarından bəhrələnən bir şirkətin gəlirindən azdır. Biz hər şeyi xaricdən alırıq, idxaldan asılı ölkəyik. Ona görə elmtutumlu məhsulların ölkədə istehsal olunmasına nail olmaq lazımdır.

– Gəlir azdırsa, məşğulluq təmin olunmursa, dövlət niyə israr edir ki, pambıq əkilməlidir?

– Təbii şərait pambıq əkməyə imkan yaradırsa, bunu etmək lazımdır, amma texnoloji dəstəklə. Pambıq niyə əl əməyi ilə yığılmalıdır, kombayın varsa?! Melorasiya sahəsinə ildə yüzmilyonlarla vəsait ayrılır, amma fermer pambığı suvarmağa su tapmır. Bütün kollektorlar yararsız vəziyyətdədir, yeraltı sular qalxıb torpaqları şoranlaşdırır. Harada pambıq, harada taxıl, harada başqa texniki bitkilər əkilir, bütün bunları sahibkar etməlidir. Amma bizdə kampaniyaçılıqdır, nə var, nə var yuxarıdan göstəriş gəlib deyə hamı özünü yaxşı göstərmək üçün cəhdlər göstərir. Hamı hər sahənin bilicisi olmamalıdır. Məhsulun istehsalından tutmuş satış bazarına qədər hər şey əvvəldən planlaşdırılmalıdır.

– Dövlət ixracı stimullaşdırmaq üçün AZPROM yaradıb. Yerlərdəki sahibkarlar onun imkanlarından yararlana bilirmi? Yoxsa, bu da məmur şirkətlərinin istehsal etdiyi məhsulların xaricdə satışını təşkil edir?

– Belə qurumlar əslində bürokratik aparatdır. Nazirliklər təcrübə üçün xarici ölkələrə sahibkarların səfərlərini təşkil edirlər, mən baxıram, onların içində bizin tanıdığımız heç kim yoxdur. Arxasında məmur olmayan sahibkarlar belə tədbirlərə dəvət olunmurlar.

– Nazim müəllim, sərhəd bölgələrində yaşayan əhalinin qonşu ölkə ilə ticarət etməsi, ərzaq məhsulları gətirməsi problemə çevrilib. Gömrükdən buraxmırlar, tez-tez belə qalmaqallar sosial şəbəkələrə çıxır. Əslində bu fəaliyyət insanların güzəranına müsbət təsir edir, niyə onda maraqlı deyillər?

– Hətta sovet dövründə belə sərhəd ticarəti mövcud idi. İndiki dövrdə bu ticarətin sərbəstləşdirilməsi çox vacibdir. Yaranmış vəziyyət gömrük idarəçilərinin maddi maraqlarından, monopoliyanın təsirindən irəli gəlir. Vətəndaş görürsə, ölkəsində ərzaq, gündəlik istehlak malları bahadır, o bir yol tapıb qonşu ölkədən onu alıb gətirəcək. Sualı hökumət qurumlarına ünvanlamaq lazımdır ki, niyə eyni məhsul, İranda, Gürcüstanda bizdən dəfələrlə ucuzdur? Sahibkar görürsə, ölkədə nəyə ehtiyac var, ora vəsait yatırıb istehsal edəcək, yaxud gətirəcək. Bazar özü tələb-təklif əsasında bunu tənzimləyir. Biz sərhədi bağlamaqla heç nəyə nail ola bilmərik. Sərhəd bölgələrdə ticarət asanlaşdırılmalıdır, azad iqtisadi zonalar yaradılmalıdır. Bu qadağaları doğru saymıram, vətəndaşlara kobud münasibət göstərən gömrük əməkdaşlarını şiddətlə qınayıram. Belə qadağalar ölkə iqtisadiyyatına daha böyük zərbələr vurur. Bu qurumlarda ciddi kadr islahatları aparılmalıdır, regionçuluq, qohumbazlıq ləğv olunmalıdır. Mən cənab prezidentin bir sözünü xatırlatmaq istəyirəm: "sahibkara mane olan, dövlətə xəyanət edir”.

– Sizin də biznes strukturlarınıza qarşı təzyiqlər vardı.

– Mən 1987-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. O zaman tələbə ola-ola koopertiv yaratmışdıq. Günün birində digər məmur monopoliya yaradıb yüzlərlə insanı işsiz qoydu. Bizim müəssisə bağlandı, 4-5 il davam edən məhkəmə çəkişməsindən sonra nəticə olmadı, nə qədər vəsait xərclədik, vaxtımız hədər getdi. Mən Milli Məclisin deputatı olduğum müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam. Mənə aid olan şirkətlər müxtəlif təzyiqlərə məruz qalıb. Bunlar heç də vergi və başqa qanunvericiliyin pozulmasından irəli gəlmir. Azərbaycan Sahibkarlar Konfederasiyası deyilən bir qurum var. 2009-cu ildə iqtisadi inkişaf naziri dəyişdikdən sonra sahibkarların qurultayında əvvəlki sədr Ələkbər Məmmədovu devirmək məqsədi ilə 400-ə yaxın sahibkar saxlanıldı, həbs olundu. Mənim də təsisçi olduğum müəssisənin 3 əməkdaşı vergilərin əli ilə həbs edildi.  Belə çoxlu sayda misallar var. Öz təcrübəmdən deyirəm, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq çox riskli olmaqda davam edir.  Bu riski göz altına alıb nə yerli, nə də xarici investor Azərbaycana uzunmüddətli sərmayələr qoymur.

– Ötən parlament seçkilərində də Milli Məclisə düşə bilmədiniz. Yenə məmurlar mane oldu?

– Mən bir iş adamı kimi öz şansıma, çalışqanlığıma və savadıma güvənib nailiyyət qazanmışam. 2005-ci ildə mənim deputat seçilməyimə mane olmadılar. Ona görə həmişə demişəm ki, hakimiyyət mənim deputat seçilməyimə mane olmaq istəsə idi, əlindəki resurslarla bunu edə bilərdi. Bu səbəbdən YAP-dan seçilməyən deputat olsam da, jurnalistlər məni hakim partiyanın üzvü kimi təqdim ediblər. Baxmayaraq ki, elə Vergilər Nazirliyinin, Gədəbəyin icra başçılarının doğru olmayan məlumatları əsasında mən 2010 və 2015-ci ildə şansım 2005-ci ildən daha yüksək olmasına rəğmən, millət vəkili haqqımdan məhrum edildim. Bunun əvəzinə 2011-ci ildə Vergilər Nazirliyində Baş idarə rəisi və Gədəbəyin icra başçısı kimi vəzifələr təklif olunsa da, imtina etdim. Aldığım dəqiq məlumatlara görə, ölkə rəhbərliyinə bu imtinamı guya daha yüksək vəzifəyə iddiam olduğu kimi qələmə veriblər. Təbii ki, hamısı qısqanclıqdan baş verib. O zaman da, indi də deyirəm, hər bir vətənini düşünən şəxs dövlətinə xidmət etmək istəməsi onun haqqıdır, ancaq bunun üçün kimlərinsə yaltağı olmağı mənim kimi adamlar heç vaxt qəbul etməzlər.

– Yəqin Fazil Məmmədov Gədəbəyin kuratoru kimi fəaliyyətinizdən razı deyilmiş və sizin adamların tutulması da bununla bağlı olub?

– Mən işdən çıxarılmış adamın arxasınca "günahların hamısı ondadır” deyə bilmərəm. Ancaq o faktdır ki, 2009-cu ildə "Atahan DS” MMC-nin 3 rəhbər şəxsinin, 2010-cu ildə seçki ərəfəsində "Loğmed” klinikasının direktorunun həbs edilməsindən onun məlumatı olmaması mümkün deyildi. Bütün bunlar mənim sakit oturub, əksəriyyət kimi "hər şey qaydasındadır” deməyim üçün edilmişdisə, özü də başa düşdü ki, bu, əbəsdir. Mənim fikrimcə, hakimiyyəti müdafiə edənlər həm arqumentli müdafiə etməlidirlər, həm də yanlış olanı çəkinmədən, qərəzsiz söyləmək lazımdır. Ümid edirəm ki, mən bu balansı qoruyub saxlamışam və ən azı əhalinin 90 faizinin sakitcəsinə dediklərini mən siz jurnalistlərin köməyi ilə səsləndirmişəm.

– Bəs siz kimdənsə yardım istəmisiniz?

– Bəli, belə hal olub. 2012-ci ildə müəssisəmizə edilmiş reyder hücumu ilə bağlı özümə yaxın bildiyim, deputatlıqdan əvvəllər tanıdığım bir-iki nəfərə müraciət etdim. Ancaq o adamlar söz versələr də, görünür, nədənsə ehtiyatlandılar. Görünür, mətbuatda gedən, həqiqəti əks etdirməyən yazıların təsiri oldu. Etiraf edim ki, bir neçə il öncə kadr islahatları aparılan zaman korrupsiyaya meylli olmayan bir nazirlə görüşdə müvafiq işlə təmin olunmaq istədiyimi bildirdim. CV-mi özü istədi, göndərdim, ancaq hələ də cavab yoxdur. Onun özünə də dediyim kimi, mən işə konvert, rüşvət almağa və korrupsiya sxemi qurmaq üçün deyil, bilik və bacarığımı praktikada sübut etməyə, həm də kifayət qədər asudə vaxtımı xalqa xidmətdə keçirmək kimi baxıram. Ama belə baxıram ki, həqiqətən də savad, bacarıq, təcrübə, dünyagörüş vacib deyilmiş. Əsas vacib şərt kiminsə "komandasının” üzvü olmaq, həmçinin, nazirlərin qohumu, tələbə yoldaşı, keçmiş iş yoldaşı, qonşusu və s. olmalısan. Bu, Azərbaycan üçün çox pis ənənə halına çevrilib və regionçuluq, yerlibazlıq, qohumbazlıq – ümumilikdə "traybolizm” kimi çox pis bir xəstəlik yaradıb.

– Belə pis ənənələr, həmçinin inhisarçılıq, qanunların işləməməsi ölkədən kapital axınına şərait yaradır…

– Ümumiyyətlə, Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi yüksəkdir. Mənim hesablamalarıma görə ÜDM-in 80 faizi civarındadır. Kölgə iqtisadiyyatını da məmur sahibkarlığı yaradır.

– Rəqəmlə ifadə etsək, kölgə iqtisadiyyatı olmasaydı, Azərbaycanın büdcəsi nə qədər olardı?

– Ən azı indikindən iki dəfə çox. Bütün vergilər, sosial sığorta haqları ödənilmiş olsaydı, ən az pensiya 350-400 manat olardı. O da pensiya fondunun dövlət büdəcsindən subsidiya almaması şərti ilə. Ölkədə yaşayan 10 milyon əhalinin yarısı iş qabiliyyətindədir. Bütün işləyən və işləməyənləri çıxdıqdan sonra ortada qalan 2.5 milyon nəfər işləyir, çalışır, amma vergi ödəmir.

– Bəs hökumət niyə onlardan vergi almır?

– Çünki onlar məmurlara məxsus biznes və istehsal sahələrində çalışırlar. Məsələn, dövlət investisiyalarını araşdıranda görürük ki, böyük bir layihədəir, amma tenderi udan şirkətin cəmi 3-4 nəfər işçisi var. Deməli, bu işləri qul bazarlarından cəlb olunan işçilər vasitəsi ilə həyata keçirirlər. Onlara verilən əməkhaqqı ikili mühasibatlıqdan çıxır və nəticədə dövlət vəsaitləri mənimsənilir.

– Kölgə iqtisadiyyatını azaltmaq üçün indiki imkanlarla nə etmək olar?

– Gürcüstanın təcrübəsindən istifadə etmək lazımdır. İslahatlardan əvvəl kölgə iqtisadiyyatının həcminə görə onlar dünyada 3 ölkədən biri idilər. Amma bu gün ən liberal iqtisadiyyatı olan üç ölkədən birinə çevriliblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook