SON XƏBƏR

Çexiyada döyüldüyü deyilən azərbaycanlı məktəblinin ailəsi ilə bağlı şok iddia

Oktyabr 14
10:17 2017
Mətanət Əzizova: "Onlar status almaq üçün uşağın qolunu özləri göyərdiblər”

Xəbər verdiyimiz kimi, bir neçə gündür Çexiyaya sığınan azərbaycanlı siyasi mühacirlərə qarşı vəhşiliklər edilməsi ilə bağlı xəbərlər yayılır. Onlardan biri də aztoday.az saytında, Avropaya sığınan siyasi mühacirlərə istinadən yayılıb.

Onların sözlərinə görə, Çexiyada kampda yaşayan azərbaycanlı siyasi mühacir Muxtar Qəhrəmanzadənin qızı məktəbdə müəllim tərəfindən zorakılıqla üzləşib. Belə ki, sentyabr ayının 4-də məktəbə gedən Xədicə Muxtarzadə 2 gün sonra müəlliməsi tərəfindən təzyiqə (qolundan zədə alıb - red.) və təhqirə məruz qalıb. Buna səbəb isə şagirdin tapşırığı çox yazması olub.

Valideynlər uşağa qarşı edilmiş zorakılıqla bağlı məktəb direktoruna şikayət ediblər. Amma uşağa qarşı vəhşiliklər edən riyaziyyat müəlliməsi Zdenka Tomasova valideynlərə şok sayıla biləcək cavab verib: "Bura belədir. Xoşunuz gəlmir, oxutmayın”.

Amma xəbərin yayılmasından sonra Çexiyada yaşayan mühacirlər buna etiraz etdilər. Onlar faktın təhrif olunduğunu və uşağın ailəsinin məqsədli şəkildə bunun mediaya bu formada təqdim etdiyini bildirdilər.

Hazırda Çexiyanın Praqa şəhərində yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova "Yeni Müsavat”a açıqlamasında məktəbli qızın döyülməsi ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini söylədi. Müsahibimiz öncə dedi ki, 2017-ci ilin əvvəlindən etibarən Çexiyaya təxminən 100-ə yaxın azərbaycanlı Avropanın müxtəlif ölkələrindən göndərilib. Onun bildirdiyinə görə, bu, müxtəlif ölkələrdə sığınacaq istədikləri halda, vizalarını Çexiya səfirliyindən aldıqlarına görə Dublin sazişinə əsasən, Çexiyaya göndərilən həmyerlilərimizdir: "Dublin sazişinə görə, sığınacaq məsələsinə ancaq viza verən ölkə baxa bilər. Ona görə də Avropada yüzlərlə azərbaycanlı hələ də qeyri-müəyyən vəziyyətdə oturub qərarları gözləyirlər. Bunun nəticəsi olaraq bu ilin əvvəlinə çox sayda azərbaycanlı Almaniyadan, Avstriyadan və İsveçdən Çexiyaya göndərilib, Çexiyada sığınacağa müraciət etmək hüququ verilib”.


M.Əzizova dedi ki, müraciət edənlərin arasında həqiqətən də öz ölkəsində problemlər yaşayan insanlar, eləcə də Avropaya yeni həyat, iş, tibb üçün gələnlər var: "Amma onların hər birini birləşdirən bir amil var - intervü. İntervüdə nə haqda danışılması anonimdir və konfedensial saxlanır. İntervüdə nə qədər çox qorxulu sözlərdən istifadə olunsa, düşünürlər ki, siyasi sığınacağı o qədər tez alacaqlar. Ona görə də əksəriyyəti siyasi təzyiqlərə məruz qalmaları haqda danışır. Tutdular, söydülər, işgəncə, döydülər və sair. Amma Çexiyanın Miqrasiya İdarəsi əksəriyyətinə əsaslandırılmış imtina cavabı verib. Mənim müşahidələrimə görə, qərarlar tam ədalətlidir. Ona görə ki, intervüdə həqiqətə uyğun olmayan məlumatlar verilib. Əgər mənfi cavab verilsə, sığınacaq istəyən insan məhkəməyə müraciət edə bilir və bir müddət Çexiyada leqal qalmaq hüququ əldə edir. Həmyerlilərim isə ayrı yol tapıb və düşünürlər ki, bu yol onlara Avropanın ayrı-ayrı ölkələrində sığınacaq almaq hüququ verir. Məsələn, kimsə Çexiyada azərbaycanlılardan kiminsə bizneslə məşğul olduğunu öyrənir. Dərhal gedir polisə ki, Çexiyada azərbaycanlı biznesmenin adamları məni tutdu, döydü, şantaj etdi və sair”.

M.Əzizova döyülən uşaqla bağlı yayılan məlumatın da bu qəbildən olduğunu dedi. Onun sözlərinə görə, uşağın ailəsi sığınacağa imtina cavabı alandan sonra belə bir plan qurublar: "Ailəsi uşağın qolunu özləri çimdikləyib göyərdib. Sonra Almaniyaya gedib, orda bu məlumatı qaçqınlara qarşı diskriminasiya kimi təqdim edəcəklər ki, guya onlar üçün Çexiya təhlükəli ölkədir. Və iddia edəcəklər ki, barələrində Çexiyada verilən qərar da diskriminativ qərardır. Bu əsaslarla Almaniyada sığınacaq almaq istəyirlər. Amma Almaniya gec-tez onları yenidən Çexiyaya göndərəcək. Bu ailə bu ”əməliyyat"ı hazırlayanda mənə məlumat vermişdilər. Amma xahiş elədilər ki, məlumatı yaymayım. O zaman düşündüm ki, bunu etməzlər. Yanıldım, çünki etdilər".

Müsahibimiz dedi ki, bəlkə indi də susa bilərdi. Amma o, Çexiyada çalışan, qaçqınlara qarşı çox diqqətli olan, onlara əlavə dərslər keçən müəlliməyə qarşı şər atılmasını qəbul etmədiyini vurğuladı: "O ölkə ki səni qəbul edib, yerləşdirib, çörək verib, bu ölkənin kiçik şəhərlərində işləyən müəlliməni qəddar, nasist, uşaq döyən biri kimi qələmə vermək düzgün deyil, insanlığa sığmır”.
 
(Musavat/com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook