Ermənistan XİN rəsmisindən Qarabağ açıqlaması
Noyabr 03
17:04
2017
Qarabağ məsələsi ilə bağlı kompromisləri müzakirə etmək olar. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
Bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan mətbuat nümayəndələrinə demişdi ki, Qarabağ məsələsinin həlli kompromissiz və ağrılı addımlar atılmadan mümkün deyil. "Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir”, - erməni prezident bildirmişdi.
Ş.Köçəryan isə iddia edib ki, S.Sərkisyan kompromissdən bəhs edərkən birtərəfli güzəştləri nəzərdə tutmayıb. "Əgər Azərbaycan düşünürsə ki, həqiqətən də kompromisli həllə gediləcək, onda əlbəttə, tərəflər üçün ağrılı olacaq. Ancaq indi Azərbaycanın belə bir qərara hazır olduğunu sübut edən heç bir əlamət yoxdur”, - Köçəryan iddia edib. O, əlavə edib ki, bu səbəbdən güzəştlər barədə suallar mazoxizmdən başqa bir şey deyil. Ş.Köçəryan onu da iddia edib ki, danışıqlarda ortaya çıxan məsələlər var ki, Xankəndinin iştirakı olmadan onların həlli mümkün deyil."Bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri də çox yaxşı başa düşür”-XİN rəsmisi iddia edib.
Xatırladaq ki, rəsmi Bakı heç bir halda torpaqlarını güzəştə getməyəcəyini və Dağlıq Qarabağ separatçılarını tərəf kimi qəbul etməyəcəyini dəfələrlə bəyan edib.