SON XƏBƏR

Ermənistan rəhbərliyinin seçkiöncəsi Qarabağ təxribatı

Noyabr 06
10:11 2018
Noyabrın 8-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna yeni təyinat olacaq. Həmin gün KTMT ölkələrinin başçıları (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) qurumun təhlükəsizlik şurasının sessiyasında iştirak edəcəklər və baş katibliklə bağlı qeyri-müəyyənliyə son qoyulacaq.

Bu arada Ermənistanın canfəşanlığının iflasa uğradığını da söyləmək olar. Belə ki, İrəvan çox cəhd göstərirdi ki, 1 mart 2008-ci il hadisələrinə görə barəsində cinayət işi qaldırılan, sonradan girov müqabilində həbsdən qurtulan və Rusiyanın himayəsi nəticəsində Moskvaya gedən Yuri Xaçaturovun əvəzinə başqa bir hərbçini baş katib postuna təyin etdirsin. Ancaq Rusiya buna birmənalı şəkildə imkan vermədi. Moskva ona yaxın generalın barəsində cinayət işi açan Ermənistanı öz yerində oturtmaq üçün onun 2020-ci ilədək KTMT-yə baş katiblik etmək səlahiyyətini də əlindən aldı.

Hazırda baş katibliyə Belarus Respublikasının dövlət təhlükəsizlik katibi Stanislav Zasın namizədliyi müzakirə olunur. Kommersant qəzetinin yazdığına görə, bununla bağlı son qərar alyansın liderlərinin 8 noyabr zirvəsində qəbul olunacaq. Məlumatda deyilir ki, Ermənistanın bu posta iddia etməsi mübahisəli vəziyyət yaradıb. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyan deyib ki, baş katib məsələsi Qazaxıstanda "mütləq müzakirə olunacaq”. Diplomatik qaynaqlara istinad edən Rusiya mediasının yazdığına görə, çox güman ki, KTMT-nin yeni baş katibi Belarus nümayəndəsi olacaq. Y.Xaçaturov geri çağırıldıqdan sonra, yəni 2 noyabrdan etibarən baş katib səlahiyyətlərini Rusiya nümayəndəsi Yuri Semernikov icra edir. Ancaq gözləntilərə görə, baş katibin təyinatı rotasiya prinsipi əsasında həllini tapacaq. Ermənistandan sonra isə qurumda əlifba sırası ilə növbəti ölkə olan Belarusdur. Qeyd edək ki Belarusun KTMT-dəki namizədi, 54 yaşlı general-mayor Stanislav Zas 4 noyabr 2015-ci ildən Belarus təhlükəsizlik şurasına rəhbərlik edir və öz fəaliyyəti ilə KTMT-də yaxşı tanınır. O, həm də qurumun təhlükəsizlik şurasının komitə sədridir.

S.Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmçinin 1996-cı ildə Belarus Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Baş Qərargahının hərbi akademiyasında təhsil alıb. Silahlı qüvvələrdə müxtəlif vəzifələrdə xidmət keçən Zas 2008-ci ilin avqustunda Belarus dövlət təhlükəsizlik şurasının katibinin müavini təyin edilib.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri vaxtilə Xaçaturovu geri qaytarıb həbs etmək təşəbbüsü göstərməklə Moskvanın gözündə qırmızı cizgiləri aşmış oldu: "İndi İrəvan Xaçaturovun yerinə bir başqa erməni zabiti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katib seçdirmək istəyir. Ancaq təşkilata üzv olan dövlətlər, o cümlədən Rusiya fərqli qərar da verə bilər. Əgər bir başqa ölkənin namizədi baş katib seçilsə, bu, Paşinyanın mövqelərinə zərbə kimi qiymətləndiriləcək. Ancaq Paşinyan erməni xislətini işə salaraq erməni zabitin baş katib seçilməsini də Rusiyadan yalvara bilər. Rusiyanın buna necə reaksiya verəcəyini bir neçə gündən sonra biləcəyik”.

E.Şahinoğlunun sözlərinə görə, erməni baş katibin KTMT-yə seçilməməsi Dağlıq Qarabağ danışıqlarında bizə heç bir üstünlük qazandırmır: "Bu, onların daxili işidir. KTMT-də baş katib uzun illər Rusiya təmsilçiləri olublar, ancaq bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə zərrə qədər də təsir etməyib. Paşinyan isə Qarabağa gəlişləri ilə təxribatlarını davam etdirir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamalarına gəldikdə, politoloq dedi ki, bunu Paşinyana bir mesaj kimi də dəyənlədirmək olar: "Nikol Paşinyan çox istəyir ki, danışıqlarda Dağlıq Qarabağ təmsilçiləri tərəf kimi iştirak etsinlər. Lavrov isə deyib ki, bu, ancaq tərəflərin razılığı şərti ilə baş tuta bilər. Tərəflərdən biri - Azərbaycan bunun əleyhinədir. Demək, Lavrovun da məntiqindən çıxır ki, Paşinyanın istəyi baş tutmayacaq. Ancaq bu da o demək deyil ki, Moskvanın münaqişənin həllində baxışı dəyişir. Kremlin münaqişənin həllinə baxışı o zaman dəyişəcək ki, ”münaqişənin həlli üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır" ifadəsini dilə gətirsinlər. Bu ifadəni isə amerikalı diplomatlardan başqa kimsə səsləndirmir".

Ermənişünas alim Qafar Çaxmaqlı isə hesab edir ki, KTMT-nin baş katibi məsələsi müzakirə mövzusu olmamalıdır: "Orada prinsip əlifba sırasıdırsa, Belarusun nümayəndəsi baş katib olacaq. Ermənilər müddətin başa çatmadığını bəhanə edirlər, amma bunun faydası olmayacaq. İkinci tərəfdən də korrupsiyaya uğramış və bir çox cinayətlərdə əli olan Xaçaturova görə Ermənistan cavab verməlidir, ondan soruşulmalıdır ki, belə bir təşkilata cinayət işləmiş bir adamın namizədliyini niyə verib. Azərbaycan bu qurumda yoxdur və işğalçı ölkə ilə bir sırada olmaq mümkün deyil. Əlbəttə, KTMT hərbi təşkilatdır və bu təşkilatın nizamnaməsinə görə işğala məruz qalan hər hansı ölkəyə üzv dövlətlər hərbi yardımda bulunmalıdırlar. Amma dəfələrlə bu məsələ ortaya çıxarkən bəzi ölkələr Azərbaycana qarşı müdaxilədə iştirak etməyəcəklərini söyləyiblər. Onlardan biri Qazaxıstandır. Mən ehtimal etmirəm ki, hətta bu qurumun rəhbəri erməni olsa belə, Azərbaycan - Ermənistan münaqişəsinə müdaxilə edilsin”. Q.Çaxmaqlı qeyd etdi ki, bu qurumun başını Rusiya çəkir və bu qurum faktiki olaraq Rusiyanın iradəsinə tabedir: "Hər hansı savaş halında Rusiyanın iradəsi rol oynayacaq. Rusiyanın Qarabağ məsələsində oynadığı rol isə bəllidir, bunu müzakirə etməyə ehtiyac yoxdur. Yəni burada kimin baş katib olmasının ciddi məqamda kim olması az əhəmiyyətli məsələdir”.

Ekspert erməni baş nazirin ərazilərimizə qanunsuz səfərinə də münasibət bildirdi: "Paşinyanın KTMT sammiti ərəfəsində Qarabağa gəlməsi inanmıram ki, hansısa ciddi gözləntilərdən xəbər verir. Rusiya bu qurumu NATO-ya alternativ qələmə vermək üçün şişirdilmiş üsullardan istifadə edir. KTMT NATO-ya bərabər təşkilat deyil, dünyada gedən proseslərə təsir imkanı da çox məhduddur. Paşinyan hakimiyyəti zəbt edəndən sonra bir neçə dəfə Azərbaycan torpaqlarına girib. Bu da növbəti bir səfəridir, ehtimal ki, Ermənistandakı seçki prosesi ilə bağlıdır”.

Qeyd edək ki, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Dağlıq Qarabağda qondarma rejimin rəhbəri Bako Saakyanla görüşü zamanı təmas xəttində atəşkəsin pozulması hallarının minimuma endiyini bildirib. Eyni zamanda əlavə edib ki, Düşənbədə əldə edilmiş razılaşmaya tam əməl edilmir. "İstənilən halda biz hadisələrin istənilən inkişaf ssenarisinə hazır olmalıyıq” - Paşinyan belə deyib. (Virtualaz.org) Ermənistan hökumətinin mətbuat xidməti bildirir ki, Paşinyan Saakyanla birlikdə əsgərlərlə də söhbətləşib, onları əmin etməyə çalışıb ki, orduda xidmət şəraiti xeyli yaxşılaşdırılacaq. Belə görünür ki, bu vədlər Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında son aylar dalbadal baş verən intiharlar, əsgərlərin döyülüb öldürülməsi kimi insidentlərlə bağlıdır. "Biz yemək təminatı barədə məsələləri fəal müzakirə edirik. Ümid edirik ki, qurulan mexanizmlərin nə dərəcədə effektli olduğunu görə biləcəyik. Aydındır ki, indiki sistem heç kimi qane etmir-nə komandir heyətini, nə hərbçiləri, nə valideyinləri” - Paşinyan bildirib. Ermənistan rəhbəri deyib ki, komandir heyətini məişət qayğılarının həllindən azad etmək lazımdır. "Bizim vəzifəmiz odur ki, hərbçilər ancaq hərbi işlərlə məşğul olsunlar, məişət işlərinə enerji sərf etməsinlər” - o deyib.

"Yeni Müsavat” erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyanın Qarabağda keçirdiyi "müşavirədə” separatçı rejimin rəhbərliyi ilə yanaşı, Ermənistan hakimiyyətinin təmsilçiləri də iştirak edib. Belə ki, iclasda Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan, David Tonoyan, xarici işlər naziri vəzifəsinin icraçısı Zoqrab Mnatsakanyan, milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan, baş qərargah rəisi Artak Davtyan iştirak edib.

Qarabağa qəfil səfərindən sonra qısamüddətli məzuniyyətə çıxdığını elan edən N.Paşinyanın tez-tələsik işğal zonasındakı erməni generalları və Ermənistanın güc strukturları rəhbərlərini bir araya yığması şübhəsiz ki, təxribatçı hərəkətdir. Xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrlərinin son səfərinin ardınca Paşinyanın belə bir davranış sərgiləməsi səbəbsiz deyil. N.Paşinyanı qarşıda parlament seçkiləri kimi ağır sınaq gözləyir. Rusiyanın Ermənistan hakimiyyətinə münasibətinin necəliyini XİN rəhbəri S.Lavrovun son açıqlamalarından da görmək olar. Lavrov Qarabağdan bəhs edərkən Ermənistandakı gərginliyin başa çatmadığına işarə vurmuşdu. Bu isə ondan xəbər verir ki, Paşinyanı ağır sınaqlar, sürprizlər gözləyir.

Üstəlik, Ermənistan üçün KTMT də "arzulunmaz ünvan”a çevrilib. Belə ki, Yuri Xaçaturovun geri çağırılmasından sonra İrəvanın yeni namizəd irəli sürməsinə qurum rəhbərliyinin saymazyana münasibəti əslində N.Paşinyana münasibətin göstəricisi sayıla bilər. Məlum olduğu kimi, 8 noyabrda Belarus təmsilçisinin namizədliyi irəli sürüləcək. Bütün bunların fonunda seçkiyə gedib qalib gəlməyin nə qədər çətin olduğunu Paşinyan da anlamamış deyil. Odur ki, Qarabağda təxribatlar törətməklə, Qarabağ kartından istifadə etməklə seçicilərin səsini qazanmaq istəyir. Əks təqdirdə, Qarabağ klanı növbəti dəfə hərəkətə keçib "inqilab lideri”ni küçəyə qaytara bilər. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook