SON XƏBƏR

Ermənistan Konstitusiya Məhkəməsinin rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir

Oktyabr 29
13:52 2019
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın adı cinayət işində hallanır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan İstintaq Komitəsi vəzifə səlahiyyətlərindən sui-istifadə barədə cinayət işini araşdırır. Bu işdə əli olmaqda şübhəli bilinən şəxslər sırasında Ermənistan Ədliyyə Nazirliyinin Qanunvericilik Nəzarəti Departamentinin keçmiş rəisi Norayr Panosyan və Yerevan meriyasının səlahiyyətliləri var. Cinayət işi çərçivəsində Hrayr Tovmasyanın da cinayətlərin törədilməsində birbaşa iştirakı barədə məlumat əldə olunub.

Qeyd edək ki, daha əvvəl istintaq 2011-2014-cü illərdə Ermənistan Ədliyyə Nazirliyində Qanunvericilik Nəzarəti Departamentinin rəisi vəzifəsini tutmuş Norayr Panosyanın Yerevanın bir sıra digər vəzifəli şəxsləri ilə birlikdə iki notariusu iş yerlərindən ödənişsiz istifadə üçün qeydiyyata alınmaq imkanından məhrum etdiyini müəyyənləşdirib. N.Panosyan bu binaları özü almaq istəyib. O, bu məqsədlə Ədliyyə Nazirliyi və Yerevan meriyasının işçiləri ilə razılaşaraq binaların bazar qiymətlərindən xeyli aşağı qiymətə satılması üçün saxta hərraclar təşkil edib.

İstintaqın versiyasına görə, Tovmasyan ədliyyə naziri işlədiyi dövrdə cinayət törətdiyinə görə, iş Xüsusi İstintaq Xidmətinə göndərilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook