SON XƏBƏR

Ermənilərin Zəngəzur qorxusu: “Azərbaycana qaytarıla bilər”

Mart 04
09:52 2021
"Əgər Paşinyan hakimiyyətdə qalsa, Zəngəzur tezliklə Azərbaycanın nəzarətinə keçəcək”.

Bunu yerli KİV-ə müsahibəsində erməni general-mayor Arkadi Tadevosyan deyib. Bildirib ki, Paşinyan Qərbin diqtəsi ilə hər şey etməyə hazırdır. Bunun baş verməməsi üçün Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.

Qeyd edək ki, müharibə gedən vaxtlardan bəri Zəngəzur məsələsi zaman-zaman deyilir, yazılır. Əsasən də ermənilər bunu tirajlayır.

Bəs Zəngəzurun Azərbaycana verilməsi realdırmı indiki şərtlərdə? Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a bildirdi ki, Zəngəzur Azərbaycan xalqının qədim torpaqları, ən qədim yaşayış məskənlərindən biri olub. Zəngəzuru Ermənistana sovet hökuməti 1920-ci il noyabrın 30-da rəsmən verib: "Bu barədə verilən qərarda Zəngəzur bölgəsi 2 yerə bölünürdü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR-in tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Şübhəsiz ki, bütün bu faktlar Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu göstərir. Lakin məsələyə hazırkı beynəlxalq hüquq normaları çərçivəsində yanaşdıqda görürük ki, beynəlxalq hüquq normalarına əsasən Ermənistanın sərhədləri daxilində olan ərazisi sayılır. Beynəlxalq hüquqa görə dövlətlərin sərhədləri-xüsusilə SSRİ-nin tərkibində olmuş respublikalar SSRİ dağıldıqdan sonra hansı sərhədlərlə BMT-yə üzv qəbul olunublarsa həmin sərhədləri beynəlxalq hüquqla qəbul edilir və o sərhədlərin dəyişdirilməsi beynəlxalq hüquqla qadağan edilir. Bu baxımdan təəssüf ki, tarixi Azərbaycan torpağı olan Zəngəzur da Ermənistanın yurisdiksiyasına aid ərazi kimi təsdiq olunub. Biz hələ ki Zəngəzur mahalına aid Mehri rayonunun ərazisindən dəmir yolu və şose yolunun Naxçıvana və Azərbaycanın əsas hissəsinə çəkilməsi istiqamətində addımlar atılmasına tərəfdar çıxırıq. Bu məsələdə də ermənilər konstruktiv görünmürlər. Onlar belə hesab edirlər ki, bu yolun açılması Türkiyə və Azərbaycanın xeyrinədir. Amma əslində həmin ərazidən dəmir yolu və şose yolu sovet dövründə olub və indi yenidən bu yolun çəkilməsi Ermənistanın blokadadan çıxmasıdır. Bunu ermənilər başa düşmür. Zəngəzur məsələsi ilə bağlı isə Azərbaycan Prezidenti də bu yaxınlarda çıxışında "Bölünmüş Zəngəzur” terminindən istifadə etdi. Doğrudan da Zəngəzur böyük bir mahal olub və yuxarıda xatırlatdığım tarixə görə sovet hökumətinin qərarı ilə iki hissəyə bölünüb və ən böyük hissəsi Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib".

Politoloq qeyd etdi ki, tarixdə belə bir söz var: tarix əraziləri bölür, tarix də əraziləri birləşdirir: "Yəni müəyyən dövrdə bir xalqın istifadəsinə və ya əlinə keçən torpaqlar tarixin elə bir məqamı gəlir ki, əsl sahibinə geri qaytarılır. Əgər tarixin bu qanunauyğunluqlarına müraciət etsək, onda deyə bilərik ki, Zəngəzur sovet hökuməti tərəfindən alınıb ermənilərə verilibsə, müəyyən bir tarixi şəraitdə həmin torpaqları Azərbaycanın özünə qaytara da bilər. Amma bunun çox yaxın vaxtda həyata keçəcəyini də söyləmək olmaz. Rəqibləri, düşmənləri Paşinyanı nüfuzdan salmaq üçün tez-tez Zəngəzur məsələsini ortaya atırlar. Hazırda Azərbaycanın gündəliyində Zəngəzurun geri qaytarılması məsələsi yoxdur. Azərbaycan Ermənistana qarşı hər hansı bir torpaq iddiası irəli sürmür. Eyni şeyləri biz Ermənistandan da tələb edirik ki, Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarından əl çəksin, yaxın qonşu kimi dinc yaşamaq siyasətinə əməl etsin”.

Qabil Hüseynli onu da vurğuladı ki, Azərbaycan Zəngəzurdan və hazırda Ermənistan ərazisi olan digər tarixi Azərbaycan torpaqlarından deportasiya edilmiş 300 min azərbaycanlının geriyə qaytarılması və onlara muxtariyyət verilməsini tələb etmək hüququna malikdir: "Azərbaycanlıların deportasiyaları 1828-ci ildən başlayıb. Amma son deportasiyalar, əhalinin kütləvi surətdə öz tarixi torpaqlarından zor yolu ilə çıxarılması 1989-cu ildə başlayıb. Yəni bu, gözümüzün qarşısında baş verən hadisədir və sübuta ehtiyacı yoxdur, fakt ortadadır. Zəngəzur və digər yerlərdən deportasiya edilən azərbaycanlıların sayı 300 min nəfərdən çox olub. İndi biz Zəngəzurdan və digər tarixi Azərbaycan torpaqlarından çıxarılan azərbaycanlıların geriyə qaytarılması və onlara muxtar qurum səlahiyyətlərinin verilməsini qaldıra bilərik. Çünki bu həm də beynəlxalq hüquqa zidd deyil. Azərbaycan bu məsələ uğrunda mübarizə apara bilər”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook