SON XƏBƏR

Erməni qoşunları Qarabağdan nə vaxt çəkiləcək? (ŞƏRH)

Aprel 07
13:52 2021
Erməni qoşunlarının Azərbaycan ərazisini tərk etməsi prosesi 3 istiqamətdə gedir. 

Qaynarinfo xəbər verir ki, bu fikirləri siyasi analitik Nazim Cəfərsoy Qarabağda erməni silahlı birləşmələrinin çəkilməsi ilə bağlı  durumu şərh edərkən deyib. 

Onun sözlərinə görə, erməni silahlıları Qarabağı tam tərk eləməsələr də, bu proses gedir: 

"10 noyabr 2020 tarixli bəyannamənin 4-cü maddəsinə görə, Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Ermənistan qüvvələri Azərbaycanın ərazilərini tərk etməlidirlər. 

Azərbaycan tərəfi haqlı olaraq bu bəndin həm zaman, həm də mahiyyət baxımından pozulduğunu və yerinə yetirilməsini tələb edir. İctimaiyyət də bu məsələdən haqlı olaraq narahatdır. Həqiqətən də faktiki mənada Qarabagda erməni silahlı qüvvələri var və zamana uyğun olaraq ölkəni tərk etməyiblər. Ancaq dərindən baxsaq, bu məsələdə yavaş da olsa, mühüm irəliləyişlər əldə olunub. 

Erməni qoşunlarının ölkəni tərk etməsi ilə bağlı prosesin 3 istiqaməti olduğu müşahidə edilir:  

1) Rəsmi olaraq Ermənistan ordusu kimi xarakterizə edilən işğalçı birliklər bildiyim qədərilə tamamilə ölkədən çəkildi. Arada Laçın və Kəlbəcərdə olduqlarına dair müəyyən iddialar olur, ancaq onu dəqiqləşdirmək lazımdır. 

2) Azərbaycana Ermənistanla sərhədlərdən və Lacin koridorundan diversiya məqsədilə gələn hərbçiləri tuturuq. Xüsusilə koridora nəzarət məsələsində ruslara qarşı həm müzakirə metodu istifadə edirik, həm də ictimai, həm də geosiyasi təzyiq edirik. Yenə sərhədlərdə demarkasiya işləri də əsasən bu məqsədə xidmət edir. 

3) Özlərini qondarma "Arsak ordusu" adlandıran terror qruplari var və onlar tərkisilah edilməlidir. Əslində bunlarin böyük bir hissəsi Azərbaycan vətəndaşı separatçı ermənilər ilə "könüllülər" adi ilə bu qanunsuz silahlı  birləşmələrdə olan Ermənistan və digər xarici ölkələrin vətəndaşlarından ibarətdir. Onlara qarşı da iki istiqamətli tədbir görülməyə çalışılır. a) Qondarma "Arsak ordusunun" özünü buraxması və vətəndaşlardan silahların yığılması. Bu barədə Azərbaycan tərəfinin siyasi-diplomatik təzyiqləri var və yetərsiz də olsa müəyyən xəbərlər gəlir. b) Geniş miqyaslı anti-terror əməliyyatları. Bax burda problem var. Onun üçün lazımi qərarlılıq göstərilməli və önündəki əsas mane olan Rus sülhməramlıları aradan çıxmalı, hətta onlarla birlikdə əməliyyat aparılması təmin edilməlidir. Bu işdə irəliləyiş hələ ki yoxdur.

Razıyam ki, problem çoxdur, ancaq "heç irəliləyiş yoxdur" demək də real vəziyyəti tam ifadə etmir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook