SON XƏBƏR

Erməni arxivinə istinadla yazılan kitab ətrafında qalmaqal böyüyür - Müəllif ona irad tutanları üzdəniraq adlandırdı

İyul 03
09:48 2017
Dilavər Əzimli: "Bu cür kitablar tariximizə ziyan vura bilər...”

Xəbər verildiyi kimi, bu günlərdə çapdan çıxmış "Haqq-nahaq seçilər haqq divanında” kitabı qərbi azərbaycanlıların böyük bir kəsiminin ciddi etirazına səbəb olub. 100-ə yaxın qərbi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanınmış aşıqlar haqda yanlışlıqlara və Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz ediblər. Bildirilib ki, kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərdir.

Qeyd edək ki, kitabın müəllifi "Atatürk Mərkəzi”ndə çalışan Nazir Əhmədli, elmi redaktoru "Atatürk Mərkəzi”nin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir. İddiaya görə, kitabda Göyçədə yaşayıb-yaradan ustad sənətkarlardan Ağ Aşıq Allahverdinin, Aşıq Alının, Dədə Ələsgərin doğum tarixləri saxtalaşdırılıb və onların həyatları haqda yanlış, aşağılayıcı məlumatlar verilib. Məsələ təkcə bununla bitməyib. Göyçədə yaşayan yerli türk əhalisinin sayı kəskin şəkildə azaldılıb. Belə anlaşılır ki, uzun əsrlər Göyçədə ermənilər və qeyri-türklər yaşayıb. Oğuzların məskəni olan Göyçədəki oğuz türkləri haqda heç bir məlumat yoxdur. Kitabda yer alan erməni mənbələrinə istinadlardan belə nəticə hasil olur ki, türklər bu mahalda çox az olublar və hətta gəlmədilər. Ümumiyyətlə, kitab təhriflər və saxtakarlıqlarla zəngindir. Müəllif kitaba elə kəndlərin adlarını daxil edir ki, həmin kəndlərin əksəriyyətində ya kürdlər yaşamayıb, ya da həmin kəndlər Göyçədə mövcud olmayıb. Ağ Aşığın da kürd tayfasına mənsub olduğu qeyd edilib. Ağ Aşığın nəvəsi, Türkiyənin nüfuzlu universitetlərinin birində dərs deyən professor Elbrus Cəfərov N.Əhmədliyə onun baba, nənə tərəfdən kürdlərlə heç bir əlaqələrinin olmadığını, babası Ağ Aşığın türk oğlu türk olduğu barədə məlumat verib. Kitabda həmçinin Göyçədə mövcud olan yer-yurd adları da təhrif olunmuş şəkildə verilib. Əlavə olaraq, göyçəlilərə məlum olmayan erməni kəndlərinin adları salınıb. Bir sözlə, Azərbaycanın tərkib hissəsi olan Göyçə tarixi, ədəbiyyatı, coğrafiyası ciddi şəkildə təhrif olunub.

Məsələ ilə bağlı kitabın elmi redaktoru akademik Nizami Cəfərovun rəyini almağa çalışsaq da zənglərimiz cavabsız qaldı. Kitabın müəllifi Nazir Əhmədli isə ona qarşı irad bildirənləri qaragüruhçu dəstə adlandırıb və bölgənin 1859-cu ilinə aid Kameral siyahısını paylaşıb: "Nəşrə hazırladığım Qərbi Azərbaycan mahallarının Kameral siyahıları ilə bağlı bir qaraguruhçu dəstənin irticası davam edir. Bu qaraguruhçular 3 şüar irəli sürür: 1. Böyük aşıqlarımızın doğum tarixlərinin dəqiqləşdirilməsi onları təhqir etməkdir. 2. Kitab müəllifindən donos yazaq. 3. Nazirin nə marağı var bu kameral siyahıları çap etdirir?

İlk 2 məsələni bir kənara qoyub, birbaşa 3-cüyə keçmək istəyirəm. Məlum olduğu kimi, osmanlıların işğal etdikləri ərazilərimizdə tərtib etdikləri müfəssəl və icmal dəftərlərini bu sahənin patriarxı sayılan Hüsaməddin Qaramanlı (Ziya Bünyadovla birlikdə) əvvəlcə "Qarabağ əyalətinin müfəssəl dəftərini (1727-ci il)”, sonra "Naxçıvan sancağının müfəssəl dəftəri”ni (1727-ci il) nəşr etdirib. Sonra "İrəvan əyalətinin icmal dəftəri”ni (1728-ci il) çapa hazırlayıb, ancaq onu çap etdirmək üçün vəsait tapmayıb, çox çətinliklərdən sonra çap etdirdiyi həmin kitabda belə cümlələr yazıb: "Bu mühüm mənbənin nəşri ilə bağlı olaraq müraciət etmədiyimiz səlahiyyətli və imkanlı şəxs qalmadı. Bizi təəccübləndirən onların bu kitabı nəşr etdirmələri üçün imkanları olduqları halda vəsait ayırmamaqları deyil, iç üzlərini açaraq öz elinin-obasının tarixi keçmişinə nümayişkaranə şəkildə biganəlik göstərmələri olmuşdur. Heç gözləmədiyimiz halda bu əsərin çapının həyata keçirilməsini İrəvan əyalətinin ərazisi ilə bağlılığı olmayan bir şəxs, filologiya elmləri namizədi Zəminə xanım Hacıyeva öz üzərinə götürdü. Ümumi mənafeyi üstün tutaraq əsl vətəndaş kimi hərəkət etmiş Zəminə xanıma öz təşəkkürümüzü bildirir və elmi işlərində uğurlar diləyirik”. Çox yaxşı eləyib də yazıb bu sözləri. Bəzi qaragüruhçular, üzdəniraqlar, işverənlər mənə hücum etməkdənsə, bütün Qərbi Azərbaycanlıları haqlı töhmət altında buraxan bu qınağın aradan qaldırılmasına çalışsaydılar, bəlkə günahlarının yüzdə birini yuya bilərdilər".

Tarixçi Dilavər Əzimli isə "Yeni Müsavat”a kitabla bağlı mövqeyini bu cür bildirdi: "Kitabın adını eşitsəm də, yaxından tanış deyiləm. Lakin son zamanlarda sanki bir dəb düşüb, hər kəs tarix yazır. Hər bir yerin tarixini yazmaq təqdirə layiqdir. Lakin bu cür kitablar yazanda mütləq şəkildə məsləhətləşmək lazımdır. Ən azından müəllifin tarix dərsliklərindən xəbəri olmalıdır. Bu cür yazanlar məcburdur ki, qədim tarixə, orta əsrə, yeni tarixə də müraciət etsin və müəyyən məlumatlar versin. Lakin təəssüflə qeyd edirəm ki, onların yeni çıxan ədəbiyyatlardan xəbərləri yoxdur və buna görə də köhnə ədəbiyyatdan istifadə edirlər. Vaxtilə sovet dövründə erməni müəlliflərinin imzası ilə çapdan çıxan kitablarından istifadə edirdilər. Təcrübəsizlik bundan irəli gəlir. Şahidi oluruq ki, tarixçilər topoqrafiyanı, etnoqrafiyanı dərindən bilmirlər və kitaba köksüz məlumatlar daxil edirlər. Nəticədə də bu cür hallar baş verir. Təəssüflə qeyd edim ki, bir çox hallarda kitaba rəy verən şəxslər həmin kitabı oxumurlar, sadəcə, adları dərc olunur. Bu cür kitablar tariximizə ziyan vura bilər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook