SON XƏBƏR

“Ən uzağı Azərbaycan öz səfirliyinin 3 yox, 2 dövləti təmsil etməsi ilə bağlı qərar verə bilər”

Noyabr 15
08:50 2018
Xəbər verildiyi kimi, Norveç Krallığı gələn ildən Bakıdakı səfirliyini bağlayacağını bəyan edib. Lakin bu addımın səbəblərini açıqlamayıb. Norveçin Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyinin bağlanacağını elan edərkən bildirib ki, Azərbaycanla əlaqələrinə bu ölkənin Ankaradakı səfirliyi məsul olacaq. Norveç Azərbaycanda fəxri konsulluq saxlamaq niyyətindədir. Norveç hökuməti Gürcüstan paytaxtı Tiflisdə səfirliyin açılacağını bildirib.

Norveç hökumətinin rəsmi açıqlamasından bir gün sonra prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun geri çağırılması haqqında sərəncam imzaladı.

Hələ ki Adış Məmmədovun yerinə təyinat olmayıb. Dünən Xarici İşlər Nazirliyindən verilən açıqlamadan isə bəlli olur ki, belə bir təyinatın olub-olmayacağından hətta XİN-də də məlumatsızlıqdır. Belə ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva modern.az-ın "Azərbaycan adları çəkilən 3 ölkəyə yeni səfir təyin edəcəkmi?” sualına cavabında deyib ki, nazirlikdə bu barədə məlumat yoxdur: "Söhbət bir səfirdən gedir. Geri çağırılan səfir Adış Məmmədov İsveçdə otururdu. Səfirlik hər üç ölkəyə baxırdı. Qaldı ki, təyinata, bu barədə məlumatımız yoxdur. Yeni təyinat olarsa belə, bu, cənab prezidentin sərəncamı ilə həyata keçirilə bilər. Xarici İşlər Nazirliyində hələ ki bu barədə məlumat yoxdur”.

Nazirlik rəsmisinin cavabındakı "Səfirlik hər üç ölkəyə baxırdı” cümləsi isə məsələnin sanki təkcə səfirdən yox, səfirliyin həmin ölkələrdə fəaliyyətinin qalıb-qalmayacağından ibarət olduğu barədə ehtimallar irəli sürməyə əsas yaradıb. Çünki nazirlik rəsmisi səfir haqda deyil, faktiki olaraq səfirlik haqda da keçmiş zamanda danışıb.

Qeyd edək ki, Adış Məmmədov 2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

Norveçin Azərbaycandakı səfirliyini bağlamaq qərarı və Azərbaycanın Norveç, İsveç, Finladiya səfirini geri çağırmasının üst-üstə düşməsi müzakirələrə yol açıb.

Eyni zamanda bəllidir ki, Norveç Avropanın nüfuzlu dövlətlərindən biridir. Artıq xeyli müddətdir Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanması üçün danışıqlar aparılır və prosesin xeyli hissəsi qət edilib. Bəs Norveç səfirliyinin Azərbaycandan çıxarılması, bunun ardınca Azərbaycanın öz səfirini geri çağırması kimi hadisələrin Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanmasına hazırlıq istiqamətində danışıqların getdiyi bir vaxta düşməsi danışıqlara, Aİ ilə saziş imzalanmasına necə təsir edə bilər? Prosesi tormozlaya bilərmi? Azərbaycanın da İsveç-Norveç-Finlandiya səfirliyini bağlaması və ya başqa bir ölkəyə köçürməsi gözləniləndirmi?

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, gedən bu proseslərin Avropa İttifaqı ilə saziş imzalanmasına və danışıqlara hansısa təsirinin olacağı gözlənilmir: "Norveçlə bağlı baş verənlərin hesab edirəm ki, Avropa İttifaqı ilə danışıqlara tormozlayıcı təsiri, bu prosesə heç bir ciddi mənfi təsiri olmayacaq. Sazişin hələ də imzalanmamasına mane ola biləcək faktorları başqa istiqamətdə axtarmaq lazımdır. Bunun Norveçlə yaranan diplomatik problemlə heç bir əlaqəsi yoxdur”.

O ki qaldı Azərbaycanın da səfirliyini bağlamasının real olub-olmadığına, E.Mustafayev öncə dedi ki, Norveçin Azərbaycandakı səfirliyinin 2019-cu ildən bağlanacağı haqda Norveç Xarici İşlər Nazirliyinin rəsmi məlumatından sonra Azərbaycanın Norveç, İsveç, Finlandiyadakı səfiri Adış Məmmədovun geri çağırılması böyük ehtimalla bir-biri ilə əlaqəlidir. Amma səfir Adış Məmmədovun geri çağırılması Azərbaycan səfirliyinin bağlanması anlamına gəlməməlidir.

Səfirliyimizin bağlanması gözlənilmir: "Diplomatik praktikada belə hallar tez-tez olur. Adətən dövlətlər arasında hansısa anlaşılmazlıq və ya gərginliklər yarananda səfirlər məsləhətləşmələr adı altında, ya da birdəfəlik geri çağırılır. Məlumdur ki, adətən veriləcək qərarlar səfirin mövqeyindən asılı olmur. Amma bir qayda olaraq bu prosedur həyata keçirilir. Yəni bir növ etirazın göstərilməsi üçün geniş istifadə olunan prosesdir. Mənə elə gəlir ki, Azərbaycan tərəfi Norveç səfirliyinin bağlanmasından daha çox onların bununla bağlı verdiyi açıqlamadan narahatdır. Hələ ki rəsmi Bakı İsveçdəki səfirliyin bağlanması ilə bağlı bir söz deməyib. Açığı, bunu deyəcəyinə də inanmıram. Yaxın vaxtlarda nəticəni görəcəyik. Fikrimcə, bir variant səfiri digəri ilə əvəzləmək və bunu da onunla əsaslandıracaqlar ki, o öz işinin öhdəsindən yaxşı gəlməyib, zamanında gedən proseslərdən xəbərdar olub onun qarşısını almaq üçün tədbirlər görməyib, Bakını məlumatlandırmayıb və s. İkinci variant kimi səfirliyin bağlanması ehtimallarına gəlincə isə, normalda bunun baş verəcəyi inandırıcı görünmür. Çünki əvvəla, səfirlik Norveçdə yox, İsveçdə yerləşməklə Norveçdən başqa İsveç və Finlandiyanı da əhatə edir. Əgər Norveçlə problem yaşanacaqsa, bunun digər iki ölkə ilə nə əlaqəsi var. Ən uzağı həmin səfirliyin 3 yox, 2 dövləti təmsil etməsi ilə bağlı qərar verilə bilər ki, açığı, buna da inamım azdır. Odur ki, İsveçdəki səfirliyin bağlanması ehtimallarına ciddi baxmıram”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook