SON XƏBƏR

Elxan Şahinoğlu: “Türkiyə Qərbdən qopur”

Oktyabr 03
10:30 2017
Əhəd Məmmədli: "Ankara xarici siyasətində ABŞ-a məruzə etmir”

Rusiya prezidenti Vladimir Putinin ötən həftə baş tutan Türkiyə səfəri Qərb ölkələrini ciddi narahat edib. Bunu  həmin dövlətlərin rəsmilərinin verdikləri bəyanatlarda açıq şəkildə görürük. ABŞ başda olmaqla, Avropa ölkələri Rusiya-Türkiyə əlaqələrinin dərinləşməsinə ciddi qısqanclıqla yanaşırlar.

İndiyədək Qərb Türkiyəni Avropa Birliyinə buraxmamaqla təhdid edirdi. Bu isə Türkiyəni sıxışdırmaq siyasətində əhəmiyyət vermədi. Nəticədə Türkiyə artıq Qərblə əməkdaşlıqda maraqlı görünmür. Hətta belə iddialar da var ki, Türkiyə 2016-cı il iyulun 15-də baş verən və Qərbin də dəstəyi istisna olunmayan olaylardan sonra sanki Avropa ilə bağları qoparır... 

Ekspertlər mövcud situasiyadan Qərbin daha çox zərər görəcəyini, qazanan tərəfin isə Rusiya olacağını düşünürlər. Belə ki, dünya ölkələri tərəfindən təklənən Kremlə Türkiyə kimi güclü bir ölkə ilə müttəfiqlik hərtərəfli xeyirdir.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Türkiyə-Rusiya yaxınlığında Qərb günahkardır: "Getdikdə Türkiyə Qərbdən qopur. Bunun səbəbkarı qardaş ölkə deyil, Amerika və Avropa İttifaqının yürütdüyü siyasətdir. Aİ 10 illərdir ki, çox aşağılayıcı şəkildə Türkiyəni qapısında gözlədir. Birlik şərtlər irəli sürür, ardınca yeni şərtlər də ortaya atır. Sonra isə müxtəlif bəhanələr gətirir. Guya Türkiyədə insan haqları pozulur. Halbuki Türkiyə deyir ki, sizin ərazinizdə terrorçular gizlənib, onu bizə təhvil verin, imkan verməyin silahlar alsınlar. Amma o terrorçuların biri də təhvil verilmir. Nəticədə Türkiyədə Avropaya qarşı qəzəb yaranır. Doğrudur, ABŞ prezidenti Donald Tramp və Ağ Ev rəsmiləri Türkiyəyə böyük ehtiyaclarının olduğunu söyləyir, əlaqələrin vacibliyindən söz açırlar. Amma nə edirlər? Fətullah Gülən Pensilvaniyada rahat şəkildə yaşayır, ev həbsində belə deyil. Halbuki qardaş ölkədə 250 nəfərdən artıq insanın ölümünə baiskar olan şəxsdir. Türkiyə əleyhinə də fəaliyyətinə davam edir. Bundan əlavə, rəsmi Ankara dəfələrlə Amerikaya dedi ki, Suriyada düşmənim olan terrorçulara silah verməyin. Lakin Amerika buna məhəl qoymadı, yenə də silah verməkdə davam edir. Belə olan halda Türkiyə məcburən alternativ yollar axtarır. Alternativlərdən biri də Rusiya ilə əməkdaşlığın genişləndirilməsidir. Düzdür, biz Azərbaycan olaraq, Rusiyanın siyasətindən narazıyıq. Amma Rusiya-Türkiyə yaxınlığını anlayırıq. Qərbdə görürlər ki, Türkiyə-Rusiya ittifaqı getdikcə güclənir. Bundan ən çox Amerika narahatdır. Amma nə etmək olar, siz özünüz Türkiyəni özünüzdən uzaq saldınız. Demək istəmirəm ki, Rusiya-Türkiyə ittifaqı əbədidir, heç zaman çat əmələ gəlməyəcək. İndiki şəraitdə bu əməkdaşlıq hər iki tərəfin xeyrinədir. Avropa dövlətləri ilə Türkiyənin əlaqələrində ciddi problemlər var. Bunlar aradan qalxmayınca, Rusiya-Türkiyə münasibətləri dərinləşəcək”.

"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, Türkiyə artıq ABŞ-ın orbitindən çıxıb: "Qərb artıq görür ki, dünyanın hansısa bir hissəsində dövlətlər onsuz da bir araya gəlib məsələləri həll edə bilirlər. Bu da tək fövqəlgüc sisteminin çöküşünün başlanğıcıdır. Üstəlik, daha güclü və müstəqil Türkiyənin ABŞ orbitindən çıxması da Qərbi narahat etməyə başlayıb. Artıq vəziyyət o yerə çatıb ki, Amerika mətbuatı Ərdoğanı öz ağılları ilə aşağılamağa başlayıb. Artıq İraq və Suriyada problemləri NATO deyil, Türkiyə - Rusiya - İran üçlüyü həll etməyə başlayıb. Bu da regionun NATO-nun nəzarətindən çıxdığının göstəricisidir. Təbii, bu cür müstəqil siyasətin rəsmi Ankara üçün nə qədər təhlükəli olduğunun hamımız şahidi olmuşuq, özü də dəfələrlə. Amma düşünürəm ki, Türkiyə hər ona vurulan zərbədən daha bərkiyib və ayaqda durub. Və ildən-ilə də Türkiyə gücləndikcə bu zərbələr zəifləyir. Balanslı siyasəti adətən Azərbaycan, Türkmənistan kimi balaca dövlətlər yürüdür. Böyük dövlətlər hərtərəfli siyasət yürüdür. Türkiyə də artıq böyük dövlət çərçivəsinə qayıdır. Artıq Türkiyə öz xarici siyasətində ABŞ-a məruzə etmir. Qərbi də əsas özündən çıxardan budur. Lakin bu mənzərəyə öyrəşməlidirlər. Kürd separatizmini Türkiyə və Rusiya daha tez həll edə bilər. Çünki hazırda Türkiyə, İran və Rusiyanın İraqa təsiri Qərbdən daha çoxdur. Bunu ABŞ yaxşı anlayır. Ona görə də son kartı olan kürdlərdən istifadə edirlər. Lakin bununla da qarşılarına türkləri, ərəbləri və farsları qoyurlar. Bu da, məncə ABŞ-ı regionda zəiflədir”.
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook