SON XƏBƏR

Elmira Süleymanova: 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın birliyi, fəxr və şərəf günüdür

Yanvar 19
15:29 2017
«Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvar hadisəsi təkcə acılarla xatırlanmayan, həm şəhidlərin anım günü, həm də Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın birliyi, fəxr və şərəf günüdür».
 
Bu fikri Azərbaycanın insan hüquqları üzrə müvəkkili  Elmira Süleymanova deyib.
 
E.Süleymanova bildirib ki, həmin gün Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Hətta yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb.
 
«Azərbaycan həqiqətlərinin, o cümlədən 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir. İştirak etdiyimiz çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarımızda xalqımızın məruz qaldığı soyqırımları və terror hadisələri, aprel döyüşləri, habelə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilmiş, bununla bağlı bəyanatlarımız nüfuzlu beynəlxalq təşkilatlara göndərilmişdir. 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər mövcuddur. Eyni zamanda, bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar var. Göstərilənlərə əsasən ümid edirik ki, beynəlxalq qurumlar və dünya ictimaiyyəti Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq və cinayətkarlar cəzasız qalmayacaqlar» - deyə, Ombudsman vurğulayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook