SON XƏBƏR

Əli Kərimlinin TƏHLÜKƏLİ ƏLAQƏLƏRİ... - ilginc fakt

İyun 13
12:17 2018
Siyasətdə müxalifətçilik edənlər hakim partiyanın, iqtidarın, hökumətin siyasi kursunda yol verilə biləcək hər hansı nöqsanı dilə gətirən, dövlətin, xalqın maraqlarını qorumaq məqsədilə fəaliyyət göstərən şəxslərdir. Sivil yanaşmada siyasi müxalifət bir növ immunitet rolunu oynayır, mənsub olduğu cəmiyyətin, ölkənin güclənməsinə xidmət edir. Belələri iqtidarın yaxşı siyasətini, yaxşı işini təqdir etməyi də özlərinə mənəvi borc bilirlər. Onlar üçün xaricdən maliyyələşmək, dövlətin, xalqın, ölkənin maraqlarını ayaqlar altına atmaq ən böyük xəyanət və bağışlanılmaz səhvdir. İnkişaf etmiş ölkələrdə iqtidar-müxalifət arasında hətta ciddi fikir ayrılıqları olsa belə, milli-dövlətçilik maraqları gələndə, hər şey unudulur, digər maraqlar arxa plana keçir. Hər iki cəbhə dövlətin, ölkənin daha da güclənməsi, xalqın maraqlarının qorunması naminə vahid mövqe ortaya qoyur. Lakin əfsus ki, Azərbaycandakı radikal müxalifət belə sivil davranışdan çox uzaqdır. Xüsusən də AXCP və onun sədri Əli Kərimli, həmçinin cəbhəçilərin yedəyində gedən Milli Şura və onun dönük professoru Cəmil Həsənli real müxalifətçiliyi, qərəzsizliyi, demokratlığı çoxdan unudublar.

Məlumat üçün bildirək ki, seçkidən-seçkiyə hiss olunan radikal müxalifət Azərbaycanda heç bir təbəqə tərəfindən dəstəklənmir. İndiyə qədər keçirilən bütün seçkilərdə biabırçılıqla məğlub olan radikallara Azərbaycan xalqı etimad göstərməyib. Ona görə də radikallar hər zaman özgə qapılara pənah aparıblar. Ölkədə keçirilən istənilən seçkidən öncə, onlar xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri önündə boyunlarını bükərək səfirlərlə görüşü gözləyiblər. Bəxtləri gətirəndə qapalı məkanlarda məxfi görüşlər keçirərək, 5-10 avro, dollar, rubl qarşılığında öhdəlik götürüb, təlimatlandırılıb, ardınca da müxtəlif təxribatlar törədiblər. Yəni, şəxsi maraqları, varlanmaq istəklərini reallaşdırmaq müqabilində alət rolunu oynayıb, xalqın və dövlətin maraqlarını satıblar. Buna nümunə kimi vaxtilə Amerikadan idarə olunan, Gürcüstanda, Ukraynada baş verən qızılgül və narıncı inqilabların Azərbaycanda da baş tutması üçün radikalların narıncı rənglərə boyanmasını göstərmək olar. Həmin vaxt "portağal rəngli” bu insanlar Qərb ölkələrinin Azərbaycandakı səfirləri ilə gizlin görüşlər keçirir, böyük məbləğdə pullar alır, onların təlimatları ilə hərəkət edirdilər. Beləliklə də, xalqın inam və etibarını itirmiş radikallar xarici qüvvələrin maliyyəsi və dəstəyi ilə hakimiyyətə gəlmək niyyəti güdürdülər. Ancaq bu plan alınmadı. Tükü-tükdən seçməkdə arif olan Azərbaycan xalqı onlara öz yerlərini göstərdi. 

2013-cü ilin prezident seçkiləri öncəsi isə radikallar tamamilə başqa şou göstərdilər. Adlarını demokrat qoyub Amerikanı özlərinə qiblə hesab edənlər yönlərini dəyişdilər. Bu dəfə soyuq şimal küləyindən xoşhallanan radikallar, Rusiyadakı Milyarderlər İttifaqından qidalanan Milli Şurada bir araya gəldilər. Ən xırda məsələdə belə öz aralarında bir-birinə güzəştə getməyi bacarmayan bu şəxslər onlara verilən maliyyə, şirin vədlər müqabilində ikili vətəndaşlığı olan, siyasətdə naşı Rüstəm İbrahimbəyovu özlərinə lider seçdilər. Məhz onun namizədliyini dəstəkləyib prezident seçkilərində iştirak etmək həvəsinə qapıldılar. Kinorejissorun namizədliyinin qanunla qadağan olması isə onların planlarını pozdu. Əldə etdikləri pulu itirməmək üçün axtarıb-arayıb C.Həsənlini özlərinə vahid namizəd – "günah keçisi” etdilər. O zaman media yazanda ki, Milli Şura layihəsində yer alan Ə.Kərimli, C.Həsənli və qeyriləri Rusiyadakı bəzi qüvvələr tərəfindən maliyyələşir, AXCP sədri dil-boğaza qoymadan bunun iftira olduğunu bildirir, Rusiyadan maliyyələşdiyini danırdı. Bütün bunlara baxmayaraq, əli kərimlilərin o zamankı çabaları da boşa getdi, xalq yenə də satılmışları dəstəkləmədi. 

Bir neçə gün bundan öncə Ə.Kərimli barəsində mediada ictimailəşən məlumatlar Azərbaycan xalqının necə uzaqgörən və müdrik olduğunu, radikalların həqiqətən də xaricdən maliyyələşdiyini bir daha ortaya qoydu. Məlum oldu ki, Rusiyadakı bəzi iş adamları vasitəsilə AXCP sədri Ə.Kərimliyə hər ay 30 min ABŞ dolları olmaqla, 2016-cı ildən indiyə qədər ümumilikdə 412 min dollar göndərilib. Baş prokurorluğun bu barədə yaydığı məlumatda sözügedən pulun müəyyən kanallarla, konkret kimlər vasitəsilə, hansı formada Ə.Kərimliyə çatdırıldığı təkzibedilməz sübutlarla ortaya qoyuldu. Fakt qarşısında qalan Ə.Kərimli əvvəl yalan danışaraq bunun həqiqət olmadığını isbatlamağa çalışdı. Sonradan daha bir yalan uyduraraq, guya hər ay ona 30 min deyil, 500-1000 dollar ödəndiyini bildirdi. Əvvəla, bununla o, Rusiyadan maliyyələşdiyini etiraf elədi. Digər tərəfdən, aydın oldu ki, Ə.Kərimli üzdə "həqiqətpərəst”, "dürüst” olsa da reallıqda oğurluqla məşğuldur. Hansısa öhdəliklər qarşılığında xaricdən maliyyələşməyi bir yana, aldığı pulu da Ə.Kərimli öz partiya üzvlərindən gizlədib, təkbaşına xərcləyib. Beləliklə də, şəxsi maraqları naminə hətta şeytanla da əməkdaşlıqda maraqlı olan AXCP sədrinin satqınlığı, xəyanətkarlığı ilə yanaşı, oğurluğu da aləmə növbəti dəfə agah olub.

Siyasi ekspert Bəhruz Quliyev də hesab edir ki, Ə.Kərimli və ətrafının hər biri Şimal ölkəsinin qaranlıq dairələrinin sifarişlərini həyata keçirir. O, buna misal olaraq, AXCP sədrinin 412 min dollarlıq maxinasiyasını və həmin vəsaitlərin Rusiyadan əldə edilməsini göstərib. Qeyd edib ki, hazırda Rusiyanın qaranlıq siyasi dairələrində ermənipərəst fəaliyyəti göstərən R.İbrahimbəyovun da bu məsələdə əlinin olması şübhəsizdir: "Vaxtilə Milyarderlər İttifaqı deyilən bir qurumda Əli Kərimli ilə əlbir olan İbrahimbəyov, hazırkı məqamda da bu "missiyasını” həyata keçirir. Çox yəqin ki, AXCP sədrinin "Qafqaz üçlüyü” filmi ilə bağlı susqun qalması da onun İbrahimbəyovdan, eləcə də Rusiyadakı digər ağalarından maliyyələşməsinin nəticəsidir. Əli Kərimli üçün milli hisslər heç vaxt əsas olmayıb, o hər zaman pul hərisi olaraq tanınıb, bu gün də həmin reallıq göz önündədir”.

B.Quliyev onu da əlavə edib ki, AXCP heç vaxt maliyyə hesabatlarını verməyən partiyadır: "Əli Kərimli dəfələrlə iddia edib ki, onun partiyası üzvlük haqları ilə idarə olunur. Maraqlıdır, əgər AXCP üzvlük haqları ilə idarə olunursa, nəyə görə şəffaf hesabat vermir? Söz yox ki, bu gün onun oğlu Türkel Kərimlinin Britaniyada və Avropanın digər ölkələrində bahalı gecə barlarında əylənməsi, ailə üzvlərinin brend, komfort həyat sürməsinin arxasından yalnız 412 min dollarlıq ifşa çıxmayacaq, qarşıda Kərimlinin digər maxinasiyaları da ictimailəşəcək. Hesab edirəm ki, o və ətrafı bu kimi qanunsuz əməllərinə görə, qanun qarşısında cavab verməlidirlər. Çünki kimliyindən asılı olmayaraq, ölkə qanunlarını pozan hər bir kəs həmin əməllərinə görə cavabdehlik daşıyır”. kaspi.az 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook